Modern.az

“Savadsız ananın övlada sevgisi də kor olar” - Deputatdan tövsiyə

“Savadsız ananın övlada sevgisi də kor olar” - Deputatdan tövsiyə

Təhsil

31 Yanvar 2014, 15:40

“Ümumilikdə, Azərbaycanda qadınların ali olmasa da, orta təhsili var. Amma bu o demək deyil ki, buna arxayın olub rahat oturmalıyıq. Yəni hər bir şey yetərincədir, deyə bilmərik”. Bunu Modern.az-a Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü Məlahət İbrahimqızı dedi. “Biz sosial şəbəkələr, yüksək texnologiyalar əsrində yaşayırıq. İnsanlar artıq başqa planetlərdə yaşamaq haqqında düşünürlər. Alimlər bu yöndə axtarışlar edirlər, praktiki işlər aparırlar. Dünya çox kiçildiyindən tələblər də çoxalıb. Artıq 10 il bundan əvvəl təhsildə olan məsələlər bugünkü günlə uyğun deyil. Əvvəlki illərlə müqayisədə bir gün bir saniyə kimi dəyərləndirilir. Yəni sürət o qədər çoxdur. Ona görə də gələcəyimizin, gəncliyimizin yaxşı formalaşması, övladlarımızın daha mükəmməl böyüməsi üçün anaların daha savadlı, dünyagörüşlü, təcrübəli olması vacibdir. Çünki savadlı ana savadlı gələcək, savadlı millət deməkdir. Ana savadlı olarsa, övladı da savadlı olar. Buna bütün bölgələrdə nail olmalıyıq. Bakı daxil olmaqla, Gəncə, Sumqayıt və s. bu kimi inkişaf etmiş şəhərlərdə problem o qədər də ciddi deyil. Ucqar bölgələrdə, dağ kəndlərində qadınların təhsillə bağlı müəyyən sıxıntılarımız var. Biz bu səbəbdən həyəcan təbili çalmalıyıq. Bir hadisə olsa da belə biz onunla barışmamalıyıq”.

Millət vəkili erkən nikah məsələsini xüsusilə vurğuladı. “Erkən nikaha girən qız mənim aləmimdə elə “savadsız” deməkdir. Bir ixtisası, peşəsi, istər ali, istər orta təhsili yoxdur. Belə bir qız müstəqil olaraq həyata qədəm qoya bilərmi?!

Həyatda heç bir şeyin qarantiyası yoxdur. Ailə quran xanım sabah yoldaşından ayrıla bilər, onu itirə bilər. Heç kəs sığortalanmayıb, hələ qaldı Azərbaycanda ola. Bu gün erkən nikaha girən qadın gələcəyin anasıdır. Sabahın anasının təhsili yoxdursa, bir qadın olaraq vətəndaş hüquqlarını qoruya bilmirsə, uzaqgörənliyi yoxdursa, təcrübəsi yoxdursa o qadın övladını necə tərbiyə edə bilər?!”

M. İbrahimqızının sözlərinə görə, doğulan uşağa həm şəxsiyyət, həm də vətəndaş kimi yanaşılmalıdır. “Layiqli vətəndaş və mükəmməl şəxsiyyət formalaşdırmaq üçün bizim analarımızın savadlı olmasına böyük ehtiyac var. Bu, yalnız dövlət məmurunun üzərində duran məsələ deyil. İctimai qınağı artırmalıyıq”.

Millət vəkili deyir ki, bu təkcə dövlət qanunu ilə tənzimlənə bilməz. “Elə məsələlər var ki, o yazılmamış qanunlarla tənzimlənməlidir. Hansısa ucqar bir kənddə belə bir hadisə baş verərsə belə, o kəndin ağsaqqalı, ağbirçəyi mütləq münasibətini bildirməli, etiraz səsini ucaltmalıdır”.

“Uşağın valideyni ona örnək olmalıdır. İlk nümunə evdən başladığından analar buna diqqət etməlidir. Valideyn-övlad münasibətindəki sevgi kor-koranə ola bilməz”, – deyə M. İbrahimqızı qeyd edib.

Gülşən Raufqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU