Modern.az

Azərbaycan qlobal enerji təhlükəsizliyinin etibarlı tərəfdaşıdır

Azərbaycan qlobal enerji təhlükəsizliyinin etibarlı tərəfdaşıdır

Aktual

8 Aprel 2025, 10:44

"Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü iclasları çərçivəsində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji sahəsindəki strateji mövqeyini bir daha nümayiş etdirdi. Prezident çıxışında ölkənin həm ənənəvi enerji sahəsində, həm də bərpaolunan enerji istiqamətindəki planlarını, beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyəti və qarşıdakı illər üçün baxış bucağını ətraflı şəkildə təqdim etdi. Cənub Qaz Dəhlizi artıq təkcə regional deyil, qlobal enerji təhlükəsizliyi üçün mühüm bir sistemə çevrilib. 3500 kilometr uzunluğunda olan bu inteqrasiya olunmuş boru kəməri Avropanın enerji xəritəsində strateji rol oynayır. Layihənin uğuru iştirakçı ölkələrin, beynəlxalq enerji şirkətlərinin və maliyyə qurumlarının sinxron əməkdaşlığı nəticəsində əldə olunub. Hazırda layihədə iştirak edən ölkələrin və şirkətlərin sayının artması, bu sistemin dayanıqlı və gələcəyə hesablanmış bir təşəbbüs olduğunu təsdiqləyir."

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov deyib.

Deputat bildirib ki, son illər ərzində Azərbaycanın qaz ixrac coğrafiyası genişlənərək ölkənin enerji ixracında yeni bir mərhələ açıb:

"2022-ci ildə Avropa Komissiyası ilə imzalanan strateji əməkdaşlıq memorandumu nəticəsində Azərbaycanın Aİ-yə qaz ixracı 60% artıb. Əgər 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac olunurdusa, bu rəqəm 2024-cü ildə 13 milyard kubmetrə çatıb. Azərbaycan bu gün artıq 12 ölkəyə, o cümlədən 8 Avropa İttifaqı üzvünə qaz ixrac edir. Bu isə ölkəmizin Pan-Avropa təchizatçısı statusunu rəsmi şəkildə möhkəmləndirir. Azərbaycan yaxın illərdə qaz hasilatını daha da artırmaq məqsədilə yeni yataqların istismarına başlayacaq. “Abşeron” yatağında hasilatın ikinci mərhələsi, “Azəri-Çıraq-Günəşli” Dərin Qaz strukturundakı işlər və digər layihələr bu istiqamətdəki əsas addımlardır. Prezidentin qeyd etdiyi kimi, bu cür iri layihələr uzunmüddətli müqavilələr və sabit bazar təminatı ilə iqtisadi baxımdan daha əlverişli olur."

Vasif Qafarov qeyd edib ki, Azərbaycanın enerji gündəliyində bərpaolunan enerji xüsusi yer tutur:

"2030-cu ilə qədər ölkənin günəş, külək və hidroenerji əsasında ümumi istehsal gücünün 6.5 giqavata çatdırılması planlaşdırılır. Bu isə daxili enerji tələbatının daha çox yaşıl mənbələrlə ödənilməsi və ixrac üçün daha çox təbii qazın sərbəst qalması deməkdir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda artıq istismara verilmiş 270 meqavatlıq hidroelektrik stansiyalar bərpaolunan enerji sahəsində Azərbaycanın regional liderliyini göstərir. Xəzər-Qara Dəniz-Avropa yaşıl enerji dəhlizi, həmçinin dənizdə külək enerjisi layihələri üzrə əməkdaşlıq genişlənir. Bu əməkdaşlıqlar Azərbaycanı həm ənənəvi, həm də yaşıl enerji sahəsində əsas tərəfdaş mövqeyinə gətirir."

Millət vəkili həmçinin vurğulayıb ki, bütün bunlar Azərbaycanın enerji siyasətində nə qədər balanslı, uzaqgörən və çevik yanaşma nümayiş etdirdiyini ortaya qoyur:

"Enerji təhlükəsizliyində etibarlı tərəfdaş olaraq Azərbaycanın mövqeyi günbəgün möhkəmlənir. Bu strategiya təkcə ölkənin iqtisadi inkişafını deyil, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni də təmin edir."

Vasif Qafarov

Milli Məclisin deputatı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü