Modern.az

AzərTAc BDU-nun Konfutsi İnstitutu ilə əməkdaşlıq sazişi bağlayıb - FOTOLAR

AzərTAc BDU-nun Konfutsi İnstitutu ilə əməkdaşlıq sazişi bağlayıb - FOTOLAR

Təhsil

1 Fevral 2014, 19:39

Fevralın 1-də Azərbaycan Dövlət Teleqraf Agentliyi ilə (AzərTAc) Bakı Dövlət Universiteti (BDU) nəzdində Konfutsi İnstitutunun filialının açılışı və agentlik ilə institut arasında əməkdaşlıq haqqında sazişin imzalanma mərasimi olub.

Modern.az xəbər verir ki, mərasimdən əvvəl AzərTAc-ın baş direktoru Aslan Aslanov, Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Çjan Xuasin və BDU-nun prorektoru Aydın Kazımzadə filialın rəmzi açılışını bildirən lenti kəsiblər.

A.Aslanov mərasimdə çıxış edərək vurğulayıb ki, Konfutsi İnstitutu ilə AzərTAc-ın əməkdaşlığı Azərbaycan ilə Çin arasında mövcud dostluq əlaqələrinin nəticələrindən biridir. Dərin tarixi köklərə malik olan Azərbaycan-Çin münasibətlərindən danışan baş direktor əlaqələrin inkişafında Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb.

A.Aslanov qeyd edib ki, Çin ilə Azərbaycan arasında əsası H.Əliyev tərəfindən qoyulmuş dostluq və əməkdaşlıq münasibətlərini prezident İlham Əliyev uğurla davam etdirir. İ.Əliyevin Çinə səfərləri zamanı uğurlu danışıqlar aparılıb, ikitərəfli münasibətlərdə yeni mərhələ açmış sənədlər imzalanıb.

Diqqətə çatdırılıb ki, AzərTAc ilə dünyanın nüfuzlu agentliklərindən biri olan «Sinxua» arasında sıx əlaqələr yaranıb, fəal informasiya mübadiləsi aparılır. Bu iki agentlik beynəlxalq və regional informasiya təşkilatları çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birini dəstəkləyir. Belə təşkilatlardan biri də OANA-dır (Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı). Dünyanın 35 ölkəsinin aparıcı agentliyini birləşdirən OANA planetin ən nüfuzlu təşkilatlarından biridir.

AzərTAc-ın baş direktoru çinli dostları Yeni ilin başlamasını bildirən Bahar bayramı münasibətilə təbrik edib, Çin xalqına uğurlar və firavanlıq arzulayıb.

Sonra AzərTAc ilə Konfutsi İnstitutu arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədi AzərTAc-ın baş direktoru A.Aslanov və Konfutsi İnstitutunun direktorları – Çin tərəfdən xanım Hu Fenhua və Azərbaycan tərəfdən Oqtay Cəlilbəyli imzalayıblar.

Sazişə əsasən, AzərTAc-da Konfutsi İnstitutu filialının açılması, agentliyin əməkdaşlarına Çin dili məşğələləri keçirilməsi, Çində təcrübə keçmək, Asiya regionunda bu institutun məhsullarını təbliğ etmək məqsədilə AzərTAc üçün məsləhət və tərcümə xidmətləri göstərilməsi nəzərdə tutulur.

Sonra BDU-nun prorektoru A.Kazımzadə və Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru O.Cəlilbəyli çıxış ediblər. Onlar Konfutsı İnstitutunun fəaliyyəti barədə məlumat verərək bildirib ki, ölkəmizdə Çin mədəniyyəti və dilinin təbliği üzrə böyük iş aparan bu institut dost xalqlar arasında humanitar körpü rolu oynayır.

Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Ç.Xuasin deyib ki, nəinki Qafqaz regionunun, həm də dünyanın aparıcı informasiya agentliklərindən biri olan AzərTAc-da imzalanma mərasimində iştirak etməkdən şaddır. Xalqlarımız arasında hələ qədim İpək Yolu dövründən dostluq əlaqələrinin mövcud olmasını vurğulayan diplomat AzərTAc-ın baş direktoruna xatirə hədiyyəsi təqdim edib.

BDU-nun nəzdində Konfutsi İnstitutunun Çin tərəfdən direktoru xanım H.Fenhua Çin dili müəllimlərinin səmərəli işləməsi üçün şərait yaradılmasına görə AzərTAc-ın rəhbərliyinə təşəkkürünü bildirib və İnstitutun Azərbaycandakı fəaliyyəti barədə məlumat verərək qeyd edib ki, hazırda bu institutun 800 müdavimi var, 24 azərbaycanlı Konfutsi İnstitutunun təqaüdünü alıb və Çində təhsilini davam etdirir.

İmzalanma mərasimi başa çatandan sonra Çuntsze – Çin Yeni İli bayramına həsr edilmiş şənlik, ənənəvi çay mərasimi keçirilib.
Əyinlərinə milli Çin paltarı geyinmiş qızlar tədbir iştirakçılarını ətirli çaya qonaq ediblər.









Modern.az

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU