İctimai Televiziyanın əməkdaşı Akif Cabbarlı son vaxtlar "Azadlıq" qəzetində AzTV və İTV-nin, habelə tanınmış televiziya tənqidçisi mərhum professor Elşad Quliyevin ünvanına səsləndirilən tənqidi fikirlərə görə təəssüfləndiyini bildirib. Modern.az-a açıqlamasında o həmin fikirlərin həqiqətə söykənmədiyini vurğulayıb:
"41 illik peşə fəaliyyətimin təxminən 35 ili televiziyanın payına düşür. AzTV-də çalışdığım illər Qurban Yusifzadənin, Elşad Quliyevin, Məmməd İsmayılın və Nizami Xudiyevin dövrünə təsadüf edir. Məmməd müəllimlə Nizami müəllim, Allah ömür versin, sağdırlar. Opponentlərim onlarla şəxsi və işgüzar münasibətimin hansı müstəvidə formalaşmasını zəhmət çəkib soruşa bilərlər. Mənim haqqımda "yarınmaq" ifadəsinin işlədilməsinə rəvac verənlər yaxşı bilirlər ki, mən bu adamların bir rəhbər və ağsaqqal kimi həmişə xətirlərini əziz tutmuş, onlara hörmət və ehtiram bəsləmişəm, daha məni "çox istəyən", tez-tez yada salan bəziləri kimi min bir oyundan çıxıb, özümü oda-közə vurub rəhbərliyə "hörmət" etmək xülyasına düşməmişəm. Bunu indi də AzTV-də çalışan həmkarlarım və mənim hazırki sosial durumum da təstiqləyər. Məni tez-tez "xatırlayanlar" da ailəli övladlarımla birgə yaşadığım dar mənzil istisna olmaqla, heç yerdə əlavə evimin, villamın, biznes obyektimin və hansısa əlavə gəlir yerimin olmadığını vicdanları olsa, təsdiq edərlər. Təbii ki, bunların olmamağına görə heç də təəssüf hissi keçirmirəm. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, jurnalistikada qazandığım nüfuzu, ad-sanı bəzilərindən fərqli olaraq dünya malindan, var-dövlətdən həmişə üstün tutmuşam. Qaldi ki, Elşad Quliyevin AzTV-nin enerji blokunun partladılmasında suçlandırılmasına, əcəba, 24 il sonra bəzi "vətənpərvərlərin" hərəkətə keçməsinə səbəb nədir, görəsən? Dünyasını dəyişmiş xeyirxah və nurlu bir insanın ruhunu narahat etmək belələrinə hansı dividentlər gətirir, demək çətindir. Cəmil Quliyevin İTV sədrliyinə gəlməsi niyə bəzilərini bu dərəcədə yandırır? Bu adamlar niyə Elşad Quliyevin yetirşdirdiyi, adlı-sanlı kinorejissor, ictimai xadimin layiqli vəzifə tutmasına bunca narahatdırlar, anlaşılan deyil.
Bütün bunları deməklə Cəmil müəllimi, eləcə də AzTV rəhbərliyini müdafiə etmək fikrindən uzağam. Çünki bu adamlar kifayət qədər təcrübəli, səriştəli rəhbər və güclü şəxsiyyətlərdir. Onların kiminsə müdafiəsinə ehtiyacı yoxdur. Əslində heç özümü də müdafiə etmək fikrində deyiləm. Sadəcə, vaxtı ilə mənimlə birgə çalışmış, görüşəndə əllərimi sıxmış həmkarlarıma xatırlatmaq istərdim ki, dönüb bir keçmişə də baxsınlar, kimin kim olduğunu dəqiq ayırd etsinlər. Axı biz söz adamıyıq, bir-birimizin ünvanına hansısa ifadəni işlədəndə dərindən fikirləşməliyik. Gör-götür dünyasıdır. Elə edək ki, üz-üzə gələndə utanmadan bir-birimizin gözlərinə baxa bilək".