Millət vəkili Səyavuş Novruzov bu il keçiriləcək Bələdiyyə seçkiləri ilə əlaqədar Seçki Məcəlləsinə dəyişiklik edilməsini istəyr. Modern.az-ın məlumatına görə, deputat Milli Məclisdə bu təkliflə çıxış edib. Onun fikrincə, bələdiyyələrin üzvü azaldılmalıdır: “Dünyada heç yerində, hətta bələdiyyə sistemi inkişaf etmiş ölkələrdə bələdiyyənin bu qədər üzvü olmur. Builki seçkidə biz 20 minə yaxın insanı seçməli olacağıq. Bu da seçki prosesini ağırlaşdırır”.
S.Novruzov bələdiyyə üzvlərinin sayının ən çoxu 5 nəfərdən ibarət olmasını məqbul sayır:
“Hətta müxtəlif yerlərdə 1-3, ən çoxu da 5 nəfərdən ibarət olmaqla bələdiyyə seçmək olar. Bələdiyyə sədri də elə birbaşa seçicilər tərəfindən seçilməlidir. Belə olsa, onlar üzvlər qarşısında yox, öz seçiciləri qarşısında öhdəlik daşıyar, onlara daha yaxşı xidmət edərlər”.
Modern.az