Modern.az

Rəşad Məcid: “Dünyanın ən mükəmməl səyahəti insanın öz içinə olan səfəridir” - MÜSAHİBƏ

Rəşad Məcid: “Dünyanın ən mükəmməl səyahəti insanın öz içinə olan səfəridir” - MÜSAHİBƏ

Mədəniyyət

4 Fevral 2014, 11:00


Modern.az
saytı XXI əsrin adamı” layihəsində növbəti müsahibəni təqdim edir. Qeyd edək ki, layihədə müsahib öz əsrini dəyərləndirəcək, insan və zaman münasibətlərinə aydınlıq gətirməyə çalışacaq. Budəfəki qonağımız “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məciddir.

XXI sər və onun insanını necə xarakterizə edirsiniz?

– Sualı verən zaman mən düşündüm: bir dəfə hansı dövrdə yaşamaq istərdim, hansı zaman insanın fizioloji, bioloji durumuna uyğundur mövzusunda diskussiya olmuşdu. Öz-özümə sonradan da fikirləşirdim ki, təyyarənin yeni kəşf olunmağa başlandığı dövrlərdən, qatarın nəqliyyat vasitəsi kimi üstün olduğu dövrdə yaşamaq istərdim. Bu tempin insanın fiziologiyasına, beyninə, tempinə uyğun hesab etmişdim. Amma fikirləşdim ki, bəlkə bu yaşla bağlıdır? Bəlkə mənim yaşımda yəni 40-50 yaş arasında insan  bu tempi özünə daha uyğun hesab edir, bəlkə 20 yaşında insan  üçün daha sürətli temp lazımdır? Bunu fikirləşəndə belə  nəticəyə gəlib çıxırsan ki, insanın beyni də,  fiziki gücü də lazım olduğundan və indikindən daha çox işlərə qadirdir. Bu mənada informasiya texnologiyalarını,  müasir yenilikləri nəyə görə uşaqlar daha tez qavrayır amma böyüklərdə bu nisbətən gec həzm olunur. Kompüteri heç uşaqlar bildiyi qədər böyüklər bilmir. Beyin nəyə öyrəşirsə,  nəyi dərk edirsə ona tez uyğunlaşır. Biz yaşda olanlar, XX əsrin ortaları və sonlarında yaşayan insanlar XXI əsrin tempinə uyğunlaşa bilmir. Bir çox səbəbləri də bugünkü dövrümüzdə olan depressiya, insan duyğularının korşalması və digər buna uyğun problemləri müzakirə edəndə bunları sürət əsrinə bağlayıram. Həddindən artıq sürətli zamanda, sürətli proseslərdə bir il yaşadığımız hissləri duyğuları tez bir zamanda yaşayırıq. Bu da həmin hislərin dadını, tamını itirir. Mənim də tez-tez işlətdiyim bir ifadə var. Bir rus yazıçısı deyib ki, bu gün XXI  əsrin adamı XIX əsrin rus kəndlisinin 70 ildə aldığı informasiyanı bir həftədə alır. Deməli, belə çıxır ki, biz hər həftə XIX əsr rus kəndlisinin 70 illik həyatını yaşayırıq. Sürətli temp buna gətirib çıxarıb. Bunun da ziyanı ondan ibarətdir ki, insanın zamanla yaşanmalı olan hiss,  duyğuları tez bir zaman ərzində yaşanır.  Elə bu səbəbdən də korşaldığından insan  onun dadını,  tamını duya bilmir. XXI əsrin texnologiyaların gətirdiyi bəla da budur. XXI əsrdə həyatını qaça-qaça yaşayan insanın bir sıra məsələlərdə qüsurları olacaq. O, həm də xeyli dərəcədə robotlaşmış insan olacaq. Mən XXI əsrin adamlarına bu səbəbdən o qədər də həsəd aparmıram. Dövr seçmək lazım gəlsəydi,  mən  XX əsrin birinci yarısını seçərdim. İnsan fiziki durumu üçün daha mütənasib dövr mənə elə gəlir ki,  o  dövr olardı.

- Robotlaşmanın, nano-texnologiyanın sayəsində ağılla hiss,  duyğu ilə düşüncə, emossionallıq rasionallığın mübarizəsi ikincilərin qalibiyyəti ilə başa çatır.  XXI əsrin bu gərdişi insan-insan münasibətlərinə ağır zərbə vuracaqmı?

– Bu proses artıq öz ağır zərbəsini vurur. Bayaq dediyim məsələlər də sürətin, texnologiyanın insan duyğularına vurduğu zərərlər barədədir. İnsanlar arasında münasibətlərdə də korşalma baş verib. Sosial şəbəkələr,  əlaqələrin virtual  şəklə düşməsi bu münasibətləri korşaldıb. Qabaqlar klassik poeziyamızda qürbət anlayışı,  insanın qürbətdə olması çox nisgillə,  ağrı ilə xatırlanırdı. İndi qürbət sözünü eşidəndə mənə qəribə gəlir. Axı indi qürbət anlayışı yoxdur. Ata qürbətdə yaşayan oğlunu və nəvəsini kompüterdə düyməni basmaqla skayp vasitəsiylə görürsə,  onlarla söhbət edirsə,  deməli,  qürbətin klassik anlamı artıq sıradan çıxıb. Amma bu tərəfdən də baxanda virtual əlaqələrdə,  virtual münasibətlərdə o dad yoxdur axı. Baba ilə nəvənin,  ata ilə oğulun, ana ilə qızın virtual münasibətləri nəticəsində doğmalıq,  mehribanlıq aradan çıxıb. Biz əslində insan münasibətlərini, insan duyğularını baltalayan bir dövrə gəlib çıxmışıq. Bu yeni nəsil üçün bəlkə də daha məqbuldur. Çünki dediyim kimi, onlar ötənləri görməyiblər. Amma keçmişi yaşayan,  keçmişin templərini görən,  daha uzun ömürlü hisslər yaşayan insanlar  üçünsə  bu xeyli dərəcədə faciəvi bir məqamdır.

– İnsan düşüncəsinin neçə rəngi ola bilər?

– İnsan düşüncəsi sonsuzdur.  Xüsusən də son illərdə bu qənaətə gəlmişəm ki,  bir insanın içindəki,  beynindəki düşüncələrin bir damlasına bütün dünyanı  yerləşdirmək olar.  Ramiz Rövşənin də bir şeiri var: hər yerdən qayıtdın gəldin, indi buyur gəz içində. Dünyanın ən mükəmməl,  ən sonsuz səyahəti də insanın öz içindəki, düşüncəsindəki səyahətidir. Bu baxımdan insan çox mürəkkəb varlıqdır. Onun düşüncəsində olan rənglər  bütün dünyada mövcud olan rənglərdən daha çoxdur.

– XXI əsrdə insan düşüncəsinin qara rəngi hansı fəsadları törədə bilər?

– Qara rəng təbii ki,  qorxuludur və onun üstünlük təşkil etməsi bəşəriyyətin sonuna  aparıb çıxara bilər. Amma fikrimcə, qara yox, boz-bulanıq bir rəng dünyanın sonuna gətirib çıxara bilər. Bu xaos, xaotikliyin rəngidir. Məhz,  bu rəng dünyanın sonuna gətirib çıxaracaq. Əgər dünyanın sonu qapqara olacaqsa bu yenə də  məqbul olunandır. Çünki bu artıq hər şeyin bitdiyi demək olacaq. Amma o bulanıqlıq, bozluğun gətirdiyi qeyri-naməlum durum,  xaotik bir vəziyyət  isə daha qorxuludur. Bu xaotiklik də  nədən keçir? İnsan  duyğularının,  münasibətlərinin korşalması,  heç bir qayda qanunun heç bir sistemin olmadığı vəziyyətdən keçir. Dünyanın sonu məncə,  o ola bilər. Dünyanın axırının  su basması,  od püskürməsi,  partlayış,  enerjinin məhv olması və s. kimi təsviri ədəbiyyatda əks olunmuş  sonluqlardı,  ona görə də  bizə çox da qorxulu gəlmir. Amma yeni dövrün gətirdiyi bulanıq bir sonluq var ki,  o mənim üçün daha qorxuludur.  

XXI əsri iki səsin mübarizəsi kimi fərz edək: bir tərəfdən robot, insanın yaratdığı texnoloji qurğuların “səs”i, digər tərəfdən də su şırıltısının, yarpaq pıçıltısının, təbiət ahənginin səsi… Bu mübarizədə hansılar qalib gəlir? Robot təbiətin səs ahəngini məğlub etsə, insan daxili  aləmindən uzaqlaşarmı?

– Uzaqlaşdı artıq. Əgər söhbət təbiətdən və təbiətin saf səslərindən gedirsə,  dünyanın texnoloji nailiyyətləri onlara da balta çalırsa,  bu dediyim həmin o boz-bulanıq rəngin artmasına gətirib çıxaracaq. Bu zaman dünya əslində öz təməl rənglərini,  gözəlliklərini dadını,  tamını itirər. Elə bir dünyada deyərdim ki,  heç yaşamağa da dəyməz. Təbiətin səsini, quşların cəh-cəhini,  çayın şırıltısını dinləməmək, təbiətdən uzaq olmaq insanı elə bir hala gətirib çıxaracaq ki, o da axırda süni bir varlığa çevriləcək.

– Ramiz Rövşənin sözü, Alim Qasımovun səsi və Lütfi Zadənin qeyri-səlis  məntiqi arasında daha çox  əlaqə var?

– Yəqin ki, İlahi ilə bağlılıq var. İstedadlı şairə vəhy gələndə,  o, həmin şeiri yönləndirmir. O şeirin sonluğu və yolu   ona sanki yuxarıdan vəhylə gəlir. Alim Qasımovun ifasına xaricilərin marağı həmişə mənim diqqətimi cəlb edib. Mən onun Heydər Əliyev Sarayındakı konsertində də bir məqamı tutmuşdum: o səsdə ilahi bir məqam var ki,  insanı yerdən qaldırır. Bax, həmin o nöqtədir ki,  Ramiz Rövşənin şeirində görünməyən hansısa bir problemin  hansısa düstur kimi açarını verir. Alimin səsində  insanın elə yerini tərpədir,  elə yerini oyadır ki,  insan həqiqəti birdən birə dərk edir. Bütün yazılmış qanunların düsturların əksinə çıxan həmin Lütfi Zadənin qeyri-səlis məntiqi ilə də bu ikisini  birləşdirən məncə, həmin İlahi nöqtələrdir, İlahiyə bağlılıqdır. Mən bu cür  hiss edirəm.

– Rəşad Məcid daha çox bunların hansında var ?

Üçündə də varam. Amma əlbəttə ki, söz mənə hər şeydən yaxındır. Səs də təbii ki, mənə təsir edir. Amma güman edirəm ki,  bu təsir sözdən sonradır. Üçüncüsü  isə hərəkət və bu hərəkətin qeyri-səlis tərəfləri  mənə yaxındır. Mən insanlarda istedadı çox yüksək qiymətləndirirəm. İstedad da məhz, o qeyri səlis məntiqə söykənir. İstedad – insanların adi gördüklərini, fərqli  yerdən görmək, adi suallara fərqli cavabdır. Bu baxımdan dediyiniz üç əlaməti birləşdirən də məhz budur: İstedad  və ilahi nəfəs.

– Otağınızda Nəsrəddin Tusi və Mövlanənin portretləri var. Bir ədəbiyyat insanı kimi cavabınız bizə maraqlıdır: bu günün gənc yazarına Tusi ilə Mövlanə, yoxsa Qərb postmodernistləri daha yaxşı təsir göstərər?

– Mən yazıçının hansısa bir  sistemin, ideologiyanın içində olmasının əleyhinəyəm. Fikrimcə, yazıçı onların hamısının vəhdəti və cəmi olmalıdır. Son illərdə bir çox fəlsəfi kitablar oxumuşam. Məsələn,  Erix Fromun “Sevmək sənəti” Otto Veninqerin “Cins və onun xarakteri“ kitabını oxuyanda heyrətə gəlirdim ki, insan hisslərini və duyğularını necə maddiləşdirib sözə çevirə bilirlər?! Həm də o qədər eybəcərliyinə qədər təsvir ediblər ki! Məsələn, Veninqer qadını elə eybəcərliyinə qədər təsvir edib ki adam heyrət edir. Erix From sevginin gözəlliyini təsvir etməklə yanaşı həm də onu adi idarə olunan bir məfhuma da çevirir. Fikirləşirsən ki,  bu cür də mümkündür? O cür İlahidən gələn bir məfhumu idarə etmək olar? Yaxud bizim Şərq fəlsəfəsi. Mövlanəsi də digərlərinin də içində ecazkar şeylər var, insan hislərinin hansısa dəqiqi təsvirləri var. Amma heç biri tam deyil. Ümumiyyətlə , tam olması fəlsəfədə mümkün deyil. Ədəbiyyatda musiqidə ola bilər. O da sadəcə olaraq ilahi vəhylə mövcuddur. Fəlsəfi nəzəriyyələrin, düşüncə sistemlərinin tapa bilmədiyi bir cavabı kiçik bir şeir və musiqi parçası deyə bilər. Bu baxımdan fikirləşirəm ki,  ədəbiyyat bütün fəlsəfi düşüncələrin hamısını özündə əks etdirməlidir. O mənada bizim cavanların ən böyük problemi odur ki, öyrənməkdən qaçırlar. Amma yetərincə yaradılan elə dəyərli ədəbiyyat və elm nümunələri var ki, bu günün yazıçısı onları əxz etməlidir. Daha sonra isə  öz daxili dünyası və düşüncələrinə səyahət etməlidir.  Bu proseslər Azərbaycanda yeni bir nəsil və nəsildən də daha çox fərd halında yeni bir şəxsiyyətlərin, böyük ədəbiyyat adamların, üzə çıxmasına imkan verər. Amma fitri istedadla yanaşı gərgin zəhmət də çox vacibdir.


Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi