“Azərbaycan parlament nümayəndə heyəti üzvlərinin İrana səfəri birmənalı deyil”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisdə İran-Azərbaycan dostluq qrupunun üzvü Eldar İbrahimov deyib.
“Hər iki dövlətin parlament nümayəndələrinin fikirləri üst-üstə düşməlidir. Bir neçə ay bundan qabaq İranın Azərbaycandakı səfiri deyib ki, İran parlament qrupu Azərbaycan parlament nümayəndə heyətini İrana dəvət edib. Amma Azərbaycan parlament nümayəndə heyəti üzvlərinin İranın parlament üzvləri ilə görüşü hələ də reallaşmayıb”.
Eldar İbrahimov görüşün dəqiq tarixinin indiyədək bəlli olmadığını əsas gətirərək yekun fikir söyləməyin çətin olduğunu deyib.
“Təbii ki, İran-Azərbaycan parlament dostluq qrupunun sədri Vasif Talıbov bu barədə yekun qərar qəbul edə bilər. Ola bilər ki, Vasif Talıbov İrana edilən dəvətlə əlaqədar yalnız özü iştirak edə bilər. Həmçinin bu səfər fevral ayına nəzərdə tutulsa da, görüşün vaxtı dəyişə də bilər. Çünki istər İran, istərsə də Azərbaycan tərəfinin fevral ayında vacib işi olarsa, parlamentlərarası görüş mart ayında reallaşa bilər. Ona görə də Azərbaycan parlament nümayəndələrinin İrana edilən səfəri haqqında dəqiq tarix bəlli olmadığından konkret nəsə demək mümkün deyil”.
Namidə BİNGÖL