Modern.az

Jurnalist Fərəh Sabirqızı: “Dövlət işinə keçəndən sonra məmurlaşan jurnalistləri anlamıram” – MÜSAHİBƏ KLUBU

Jurnalist Fərəh Sabirqızı: “Dövlət işinə keçəndən sonra məmurlaşan jurnalistləri anlamıram” – MÜSAHİBƏ KLUBU

Qarabağ

4 Fevral 2014, 13:40

Femida.az portalının yaratdığı Müsahibə Klubu facebook qrupunun növbəti qonağı “Bakupost.az” saytının əməkdaşı Fərəh Sabirqızı olub.Həmkarlarının jurnalistə verdiyi sualları və Fərəh Sabirqızının maraqlı cavablarını təqdim edirik.

TƏRCÜMEYİ-HAL:

Fərəh Sabirqızı (Əlyeva). BDU-nun fizika fakültəsinin məzunudur. Təhsili bitirdikdən sonra iki il orta məktəbdə dərs deyib. 1997-ci ildən Yeni Müsavat” qəzetində, daha sonra GÜN Səhər” qəzetində işləyib. Azadlıq” radiosunda bir neçə layihədə prodüser-müxbir kimi çalışıb. Freelance kimi bəzi qurumlarla əməkdaşlıq edib, bir çox layihələrdə PR üzrə koordinator olub. Parlament Jurnalistlər Birliyinin departament rəhbəridir. Hazırda “Bakupost.az” saytında çalışır.

Aytən Əhmədova Tağıyeva (ATV): – Elə şəxs olubmu ki, onu sevmədiyiniz halda məcburən müsahibə almısız?

- Şükür, elə bir situasiya ilə üzləşməmişəm. Bir neçə dəfə belə tapşırıq alanda, imtina etmişəm və səbəbini də açıq demişəm. Hər dəfə də işlədiyim yerdə münasibətimi çox anlayışla qarşılayıblar və həmin müsahibəni başqasına veriblər.

Zülfiyyə Quliyeva (Movqe.az): – Fərəh sözün əsl mənasında peşəkar jurnalistdir. Gözəl araşdırmaların müəllifidir. Uzun illər mətbuatda çalışan biri kimi mətbuatdan xəbəri olmayan mətbuat xidmətlərindən xəbər alanda hansı hissləri keçirirsən?

- Verdiyin qiymətə görə təşəkkür edirəm. Amma doğrudan da o cür mətbuat xidmətləri ilə işləməli olursan. Özü də mən belə hallara daha çox özəl şirkətlərdə rast gəlirəm. Bəzən elə təsəvvür yaranır ki, elə bil informasiya ingiliscə hazırlanıb və sənə göndərilib. Gülməlidir, ancaq sonradan özüm tanınmış özəl qurumlara PR işlərində yardım edəndə, gördüm ki, elə düz zənn edirmişəm. Təsəvvür edin, bütün üstünlüyü yalnız ingilis dilini bilməkdə olan mətbuat xidməti rəhbərləri bu dildə məlumat hazırlayır, sonradan öz hesablarına onu tərcümə xidmətlərində dilimizə çevirtdirirlər. Amma tərcümə mexaniki olduğundan, yenə də pul verib həmin məlumatı peşəkar jurnalistə redaktə etdirməli olurlar.

Əvvəllər daha çox dövlət qurumlarından səliqəsiz, hətta savadsız hazırlanmış məlumatlar almaq olurdu. Amma son vaxtlar dövlət orqanlarına mətbuat xidmətlərinə rəhbər olmasa da, heç olmasa işçi kimi yazmağı bacaran, mətbuat işini bilən kəsləri işə alırlar və bu da müsbət təsirini göstərir.

Sevinc İltifatqızı (Azvision.az): – Fərəh uzun illərdir mətbuatdadır. Nə əcəb mətbuatdan getməmisən? Nədir səni burada saxlayan? Məncə, kifayət qədər imkanlar düşüb ki, harasa mətbuat xidməti və s. keçə bilərsən.

- İmkanlar çox olub,  bəzilərini dəyərləndirmədiyimə görə sonradan peşman da olmuşam. Amma bu illər ərzində belə qərara gəlmişəm ki,  müstəqilliyini qoruyub saxlaya biləcəyin yeganə məkan mətbuatdır. Məmur olub davranışlarını, səmimiyyətlərini itirən tanışları görüncə, hər dəfə düz addım atdığım qərarına gəlirəm.

Digər tərəfdən, Azərbaycanda insanlar vəzifəyə daha çox pul qazanmaq, əlaqələr qurmaq üçün can atırlar. Hansısa nazirlikdə adi şöbə əməkdaşı bahalı maşında gəzməyə başlayırsa, şəhərin bir neçə yerində ev alırsa, aydın məsələdir ki, bir neçə yüz manatlıq maaşla bunları etmək mümkün deyil. Mən o cür vəzifəyə getsəm belə, yenə əmək haqqımla dolanan insan olacağam. Ona görə də özümü daha rahat hiss etdiyim məkanda bacardığım işi görməklə daha xoşbəxt hiss edirəm.

Seymur Qasımbəyli (İctnews.az): – Azərbaycan dilinin izahlı lüğətində “Fərəh” sözü belə izah olunur – sevinc, şadlıq, könül açıqlığı. Bəs sən “Fərəh Sabirqızı”nı necə izah edərdin?

- Bu adı mənə atam seçib, özü də məhz bu övladı ilə fərəhlənmək arzusu ilə seçib. Ona görə də ilk yazım dərc olunanda imza seçərkən qətiyyən düşmədim, soyad əvəzinə atamın adını qeyd etdim.

Amma açıq deyim ki, “Fərəh” sözünün mənasından fərqli olaraq özümü daim şad, sevincli insan kimi xarakterizə edə bilmərəm. Ətrafdakılarla rahat təmas qura bilsəm də, çox qapalı insanam.  İndi yaxın dost olduğum insanların hamısı eyni sözü deyir: ilk təmaslarda məni özündənrazı, təkəbbürlü birisi sanıblar. Artıq bu sözlərə alışmışam. Niyə elədir, bilmirəm. Fərəh Sabirqızı – sadəcə sədaqətli dost, etibarlı insan kimi xarakterizə edərdim.

Ümidə Həsənli (Bakupost.az): – İki ildir Fərəh Sabirqızı ilə bir yerdə çalışıram. Demək olar ki, bir çox xüsusiyyətlərini bilirəm. Bir sualım var: Hansı sehrli sözü ürəyində təkrar edib hər zaman təmkinini saxlayır?

- Sual lap ürəyimdən oldu. Çünki doğrudan da nadir hallarda özümdən çıxan, nəzarəti itirən insanam. Həmkarlarım daha yaxşı bilir ki, bir sözlə insanın bütün dünyasını necə yıxmaq olar. Ona görə hansısa sözü ağzımdan çıxarana kimi çox çək-çevir edirəm, nahaq yerə kiminsə xətrinə dəyməməyə çalışıram. Amma təəssüf ki, buna hansısa sehrli sözlə nail olmaq çox çətindir. Sadəcə uşaqlıqda yaşadığım mühitin sərt qaydaları,  ailə həyatı istər-istəməz daha dözümlü olmaq, təmkinini saxlamağa təsirini göstərib.

İmdad Əlizadə (“Mediaforum.az”): -  İşlədiyin illərin təcrübəsinə əsaslanıb əsl jurnalistin portretini necə təsvir edərdin? Səncə jurnalist üçün əsas nədir-azad yaradıcılıq mühiti yoxsa maddi cəhətdən şəraitin yaxşı olması?

- Səmimi olsaq, hər iki amilin rolu var. İdealda əsl jurnalist heç kimdən asılı olmayan, hər səhər işə getmək məcburiyyətində olmayan, “təbi gələndə” əlinə qələm alan, araşdırmaları üçün bizim bir illik maaşımıza bərabər miqdarda qonorar alan biri olmalıdır. Təəssüf, Azərbaycan mediasında bazar münasibətləri bu səviyyədə inkişaf etməyib. Bəli, yaxşı yazılar, araşdırmalara görə nisbətən yüksək məbləğdə qonorar ala bilərsən. Ancaq bunu əsasən beynəlxalq fondlar, xarici ölkələrdən maliyyələşən media qurumları təklif edə bilər. Bunların da sayı barmaqla sayılacaq dərəcədə azdır. İstənilən halda sırf belə yazıların hesabına yaşamaq, bir araşdırmaya iki-üç ay vaxt sərf etmək alınmır. Məncə, əksini iddia edən, “mənim üçün maddiyyat önəmli deyil” deyən jurnalist ya səmimi deyil, ya da ayrı mənbədən qazancı var.

Zülfiyyə Quliyeva (Movqe.az): – Fərəh, eşitmişəm bir dəfə xaricə tədbirlərin birinə yollananda həyat yoldaşın Məğrurun pasportunu götürmüsən. Yalnız hava limanında bundan xəbər tutmusan. Başqa hansı maraqlı xatirələr buraxıb peşə fəaliyyətin sənin yaddaşında?

- Deyəsən, bu hadisə dillər əzbəri olub. Həmin gün araşdırmaçı jurnalistlərin çox önəmli toplantısına gedirdim. Pasportu səhv götürdüyümü görəndə, yerimdə quruyub qaldım. Sözün əsl mənasında, təyyarəyə çatmırdım, nə qədər xahiş etsək də, qeydiyyat bağlandı. Təsadüfən, həmin reysə nəzarət edən xanım çox yaxın tanışım çıxdı və təyyarəyə ən son anda, demək olar havaya qalxanda minə bildim.

Bu illər ərzində maraqlı və gülməli hadisələr çox olub. Məni tanıyanlar yaxşı bilir ki, insanların sifəti qəti yadımda qalmır. Hətta bir neçə dəfə görüşüb söhbət etdiyim adamları da unuduram. Parlamentə təzə getdiyim dövrlər idi, redaksiyadan tapşırıq vermişdilər ki, Rövşən Rzayevdən hansısa məsələ ilə bağlı açıqlama alım. Həmkarlarım bir neçə dəfə mənə Rövşən Rzayevi göstərdilər. Hətta Milli Məclisdə şəklinə də şəklinə baxdım. Fasilədə əminliklə gedib deputata yaxınlaşdım, özümü təqdim etdim, sualımı verdim. Adam da mənə qayıtdı ki, ay xanım, yaxşısı budur bu sualları Rövşən Rzayevə verin, onun sahəsinə daha çox aidiyyatı var. Nə hala düşdüyümü təsəvvür edərsiniz yəqin – həm pərt olmuşdum, həm də məni dəli gülmək tutmuşdu.

Mirvari Nəcəfova (Azvision.az): – Fizikanı bitirib, iki il fizikadan dərs də demisiz. Sizi jurnalistikaya gətirən o fövqəl hekayə mənə maraqlıdır. Nə baş verdi ki, bu sahəyə gəldiniz?

- Fövqəl hekayə deməzdim, bu seçimimdə ümumi sistemə və rejimə dözümsüzlük daha çox rol oynayıb. İşindən ləzzət alan bir kəs idim, amma şagirdlərimdən nəyə görəsə pul yığmaqdan imtina edirdim. Sonra da hər dəfə öz maaşımdan tələb olunan məbləği verməli olurdum. Dərsə gəlməyən uşaqlara məcburən qiymət yazmalı, ildən-ilə ötürməli olurdum. Bir sözlə, narazı qaldığım məqamlar çox idi. Ona görə bir günün içində qərar verib işi tərk etdim, tamamilə əlverişsiz şərtlərlə qəzetdə işləməyə getdim.

Zülfiyyə Quliyeva (Movqe.az): – Bakıda Fizika müəllimləri tanıyıram ki, repetitorluqla məşğul olan xaricə keçirilən çempionatları izləməyə gedirlər. Öz ixtisasın üzrə çalışmadığına görə heç peşmançılıq çəkmisənmi?

- Mən ixtisasımı çox sevirəm, fizika və riyaziyyatın vurğunuyam. İki il də sevə-sevə, çox böyük həvəslə peşəmlə məşğul oldum. Amma çox bərbad təhsil sistemi ucbatından məktəbdən getməli oldum. Bəzən ürəyim həmin illər üçün göynəyir, sızıldayır. Amma sevinirəm ki, qısa müddət ərzində şagirdlərimdən bəzilərinə bu sevgini sirayət etdirə bilmişəm. Yetirmələrimdən biri hazırda çox bacarıqlı kompüter ustasıdır, digəri isə mobil operatorlardan birində aparıcı vəzifədə çalışır.

Əhməd Məmmədov (Yurd.TV): – Sizin üçün azad söz anlayışı nə deməkdir? Əgər sizə “istədiyini yaz” deyə bir şans versəydilər birinci yazınızla kimə və hansı sahəyə şərəf verərdiz?

- Düzünü deyim, mən çoxlarının qibtə etdiyi bu şəraitdə işləmişəm – istədiyimi yaza biləcək bir mühitdə. Ancaq ən çox özünü senzura da məhz elə bu şəraitdə yaranıb. “İstədiyini yazmaq və demək” imkanı böyük məsuliyyət yaradır. Çalışırsan ki, əsl həqiqəti yazasan və doğru olduğunu da sübut edə biləsən. Ümumiyyətlə isə bu illər ərzində elə bir sahə qalmayıb ki, o haqda yazmayım və minimal biliklərim olmasın.

Vəfa Şəhlayi (ANS TV) – Niyə başqa ixtisaslardan jurnalistikaya gələnlər daha uğurlu olur? Jurnalistikanı bitirənlərin xətrinə dəyməsin, amma mənim tanıdığım “diplomsuz jurnalistlərin” demək olar hamısı fərqlənir…

-Təşəkkür edirəm. Bunu çox adam deyir ki, nədənsə tətbiqi elmlərin davamçıları sonradan yaxşı jurnalist ola bilirlər. Sirrini mən də bilmirəm, bəlkə də dəqiq elmlər daha çox diqqət, konkretlik tələb edir, ondandır. Bir dəfə bununla bağlı başda  Çingiz Sultansoy olmaqla riyaziyyatçı-jurnalistlər böyük bir fikir mübadiləsi aparmışdıq. Çingiz bəyin bu məsələni izah edən xüsusi nəzəriyyəsi də vardı.

İmdad Əlizadə (“Mediaforum.az”): – Jurnalistlərin tez-tez iş yeri dəyişməsini normal sayırsanmı? Yoxsa bunu jurnalistin formalaşmasına mənfi təsir edən hal kimi qiymətləndirirsən?

- Normal saymamışam, həmişə də işlədiyim yerlərdə uzun müddət qalmağa çalışmışam. Ancaq təəssüf ki, bu, artıq qaçılmaz bir hala çevrilib. Çünki Azərbaycanda bəh-bəhlə açılan, perspektivlər vəd edən media layihəsinin ömrü bir neçə ildən artıq olmur. Ora yığışan jurnalistlər məcburən ayrı bir yerə getməli olurlar. Dörd-beş il ərzində mən də daimi iş yeri olmayan freelance jurnalist kimi bir neçə layihələrdə işlədim. Əvvəlcə buna faciə kimi baxırdım, sonra isə gördüm ki məhz belə qısa müddətli layihələrdə yeni nələrsə öyrənirsən. Sayt administratoru oldum, PR mütəxəssisi kimi işlədim, online efir qaydalarına yiyələndim. Hətta video montaj işini də öyrəndim. Xeyli yeni insanlarla tanış oldum. Hər halda, qazandıqlarım itirdiklərimdən çox oldu.

 Azər Mustafayev (“Ülfət” qəzeti): – Hansı mətbuat orqanında işləmək sizin üçün maraqlı olub?

- Heç birinə maraqsız deyə bilmərəm. “Yeni Müsavat”da mübariz vətəndaş olmağı, heç nədən çəkinmədən həqiqətə yazmağı öyrəndim. Həmin dövrdə məhkəmələr, mitinqlər adi həyat tərzinə çevrilmişdi. Hadisələrə tam müstəqil yanaşmaq xüsusiyyəti mənə “GÜN Səhər”də təlqin olundu. Radioda isə çox önəmli bir nəticə çıxardım – dəqiqə çox böyük zaman kəsiyi imiş. “Efirə bir dəqiqə var” sözünü eşidəndə “yaxşıdır, hələ çay içməyə vaxt var” deyə düşünürdük. Azərbaycan internet məkanında ilklərdən olan “Məncə” online proqramında canlı efirdə də gücümü sınamışam. Almaniyada aldığım efir dərsləri bu proqramda çox işimə yaradı. İndi isə “BakuPost”da online rejimdə işləməyə öyrəşirəm. Bu media orqanında daha qısa yazmağa başladım.

Ulviyyə Sabirqızı (Gün.az portalı, Fərəh Sabirqızının bacısı): – Bir bacı kimi Fərəhi təbii ki, dünyalar qədər istəyirəm. Amma bir həmkar kimi onda olan bacarığa, fərasətə, işləmək həvəsinə və tükənməyən enerjisinə, hətta çox vaxt səhər saat 5-də yuxudan oyanıb, kompüter qarşısına keçib, yazı yazmasına həmişə yaxşı mənada həsəd aparmışam. Amma daima içimdə saxladığım bu sualı heç vaxt ona verməmişəm: Fərəh, enerji mənbəyin hardan qaynaqlanır və niyə bu baxımdan sənə bənzəməmişəm?

- Düzdür, yuxusuz gecələr çox olur, bəzən bir yazı düşündüyündən çox vaxt tələb edir. Amma nəticədə kiminsə  problemini həll etməyə köməkçi olursa, çox sevinirəm, bütün günü kefim kök olur. Öz-özümə deyirəm ki, hədər deyilmiş, gecələr yatmayıb bu yazını vaxtında çatdırmaq üçün çəkdiyim əziyyətə dəyərmiş. Bəlkə də fikirləşən olacaq ki, səmimi deyiləm. Amma doğrudan da belədir. Siyasi müsahibələr, qalmaqallar həyatımızda, fəaliyyətimizdə hansı iz buraxa bilər ki? İndi hər bir xəbərin, eksklüziv açıqlamanın, sensasion məlumatın ömrü dəqiqələrlə ölçülür, sabahısı gün bu xəbər heç kimin yadına düşmür. Əsl önəmli olan insanlara yardım etmək, medianın gücündən ədalət naminə istifadə etməkdir. Əgər bir insana belə səsini duyurmağa kömək etdinsə, sonradan o, sənin ömürlük oxucun olur və mətbuata inamı yaranır. Bax, belə anlar naminə işləməyinə, əziyyət çəkməyinə dəyər.

İmdad Əlizadə (“Mediaforum.az”): – Həyat yoldaşın da jurnalistdir. Övladlarınızın da jurnalist olmağını istərdinmi?

- İstəməzdim, xüsusilə də qızımın. Çünki belə qrafiksiz iş rejimi, təhlükəli olayların içində olmaq qadına uyğun deyil. Amma bu peşəni seçsələr, mane də olmaram. Onu da deyim ki, qızımın yazdığı esselər artıq müəllimləri arasında səs-küy yarada bilib. Hətta bir dəfə müəllimi “əgər mövzunu indi verməsəydim, gözümün qabağında işləməsəydi, inşanı sizin yazdığınızı düşünəcəkdim” demişdi. Əgər övladlarım bu bacarıqlarını inkişaf etdirmək istəsələr, seçimlərinə hörmətlə yanaşacağam.

Aynur Elgünəş (Var.az): – Mən Fərəhin başqa bir tərəfini atası ilə bağlı yazısında kəşf etdim. O yazı mənə çox təsir eləmişdi.  Ona görə də sualımı məhz yazısıyla bağlı vermək istəyirəm. Elə bir yazın olubmu ki, sonradan onu yazdığına təəssüflənəsən?

- Əqidəm, inandığım dəyərlər baxımından yox, olmayıb. Müəllif yazılarımda həmişə ədalətli olmağa çalışmışam. Ancaq bəzən hörmət etdiyim müsahibimin ağ yalan dediyinə və mənim də bu sözləri onun dilindən yazmaq məcburiyyətində olduğuma təəssüflənmişəm.

Cəmi bir dəfə sözün əsl mənasında təəssüfləndiyim yazım olub. Dövlət Sosial Müdafiə Fondunda məni çox bezdirirdilər, hər dəfə “hörmət” istəyirdilər. Bu hadisə də hər dəfə təkrar olurdu. Bir dəfə çox əsəbiləşib başıma gələnləri qələmə aldım. Səhərisi gün Fondun həmin dövrdəki rəhbəri Səlim Müslümov məsələni araşdırmaq haqqında tapşırıq vermişdi. Sədrin müavini mənə zəng elədi, birlikdə fondun filialına gedib iclas keçirdik. Nəticədə həmin əməkdaş işdən çıxarıldı. O iclasda özümü çox pis hiss edirdim. Nə qədər xahiş etdim ki, insanların işindən olmasına bais olmaq istəmirəm. Amma dedilər ki, mümkün deyil, şikayət təsdiqini tapıbsa, tədbir görülməlidir, əks təqdirdə sizin böhtan atdığınız qənaətinə gələcəyik. O hadisə mənə çox pis təsir etmişdi. Baxmayaraq ki, tamamilə həqiqəti yazmışdım, bir neçə həftə özümə gələ bilmədim, hansısa ailə başçısının işindən olmasına görə xəcalət çəkirdim.

Elnur Məmmədli (Qafqazinfo.az): – Dövlət işinə keçəndən sonra məmurlaşan jurnalistlərə münasibətin necədir?

- Onları sadəcə anlamıram. Belələri mənim də dostlarım arasında var. Hətta neçə illər birlikdə işlədiyim, eyni otaqda oturduğum və sonra məmur olanlar var ki, dərhal insana “siz”lə müraciət edir, guya hal-əhval tutmaq istəsə də, nədənsə yoldaşımın adını unudur, rəsmi söhbətlər aparırlar. Bəzən elə situasiya yaranır ki, onların üzünə gülmədən keçmək mümkün olmur. Mən həmişə açıq danışmağı xoşladığımdan bu cür davranış haqqında nə düşündüyümü birbaşa üzlərinə söyləyirəm. Amma yaxşı ki, tək-tük olsa da, həmişə sadə qalmağı bacaran dostlar da var.

Pərvanə İbrahimova  (BDU-nun mətbuat katibi) – BDU səni fizik kimi yetişdirdi, yoxsa jurnalist?

- Bu sualın ancaq bir cavabı var – fizik. Fakültəmizin laboratoriyalarında saatlarla araşdırma aparanda nə vaxtsa bu sahəni atacağım ağlıma gəlməzdi. Ən yaxşı oxuyan tələbə kimi bütün kurs üzrə mərcə girib yarım gün ərzində 60 ədəd üçqat inteqral açmağım heç yadımdan çıxmır. Amma həmişə nəzəriyyədənsə, praktikaya üstünlük vermişəm. Ona görə də təhsili davam etdirmək təklifini yaxına buraxmadım, elmi iş yazmaq mənə hədsiz darıxdırıcı görünürdü.

Hərdənbir BDU-da işləyən qrup yoldaşlarımla görüşürük. Müəllimlərim də məni görəndə yazılarımı oxuduqlarını fəxrlə deyirlər. Məhz fizika fakültəsindəki tələbəlik illərimə həsr etdiyim yazıya görə BDU-nun medalını və mükafatını almaq isə unudulmaz anlardan biri idi.

Sevinc Fədai (“Gündəlik Teleqraf” qəzeti): – Qadın, ana və jurnalist… Nə dərəcədə çətindir onun üçün, bezdiyi anlar olurmu heç?

-Analıqdan heç vaxt bezə bilmərəm. Amma işdən yorulduğum anlar təbii ki, olur. Onsuz da Azərbaycan cəmiyyətində qadının üzərinə düşən yük ağırdır. İşləyən qadın olması evdə, məişətdə öhdəliklərinin azalmasına dəlalət etmir. Qadın işləsə belə, evi səliqəli olmalı, yeməyi hazır olmalıdır. Amma işini sevirsənsə və ailən də buna qarşılıq verirsə, hər cür çətinliyin öhdəsindən gəlmək olar. Təbii, bu məsələdə həyat yoldaşımın da anlayışlı olması böyük rol oynayır, çox məsələdə güzəştə gedir. Məncə, hələlik hər iki “cəbhədə” vəzifələrimi pis yerinə yetirmirəm.

Fidan Əliyeva (Gün.az): – Fərəh xanım, ömrünüzün ən fərəhli gününü hansı gün hesab edirsiniz?

-Sevincli, qürur duyduğun günlər çox olub. Hansısa müsabiqədə ilk yeri tutanda, yazılarımın izlənmə rekordunu görəndə, araşdırmalarıma hətta xarici ölkələrdə reaksiya gəldiyini görəndə sevinmişəm. Amma ən fərəhli gün peşəmlə yox, ailəmlə bağlıdır. Övladlarım hər dəfə “Səni çox istəyirik” deyəndə, fərəhlənməmək olmur.

Günel Aslanova (ATU-nun mətbuat xidmətinin rəhbəri): -Fərəh, bir çox xarici ölkələrdə olmusan. Elə bir şəhər varmı ki, həmişə ora getməyi arzulayasan?

-İstanbul və Strasburq. İstanbul mənə ruhən yaxındır. Strasburq isə Avropanın paytaxtı hesab olunur. Orada yenidən olmaq, yenə eyni yerləri dəfələrlə gəzmək, eyni anları yaşamaq istərdim.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu