Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov bu gün Milli Məclisin sədri Oqtay Əsədova məktubla müraciət edərək deputat statusu ilə bir araya sığmayan vəzifəni tutmaqda və ya fəaliyyəti həyata keçirməkdə davam edən şəxslərin deputat mandatından məhrum edilməsi üçün müvafiq addımlar atmağı xahiş edib. Partiyanın mətbuat xidməti Modern.az saytına daxil olan müraciətdə deyilir:
- Hörmətli Oqtay müəllim!
Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinə görə icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər. Konstitusiyanın bu imperativ tələbi əsas qanunumuzun 7-ci maddəsinin III hissəsində təsbit olunan hakimiyyətlərin bölünməsi prinsipindən doğur. Əgər deputat daimi əsaslarla hər hansı bir dövlət qulluğu və ya dövlət qulluğu sayılmayan digər dövlət funksiyasını yerinə yetirərsə, müvafiq dövlət orqanları ierarxiyasında özündən yuxarılara tabe olur ki, bu da deputatın fəaliyyətinə təsir etmək ehtimallarını gücləndirir. Deməli, Konstitusiya tələb edir ki, deputat əsas diqqətini məhz parlament fəaliyyətinə yönəltməli, deputat fəaliyyəti də bütün mandat müddətində onun yeganə fəaliyyət növü olmalıdır. Bu həm də deputatların öz funksiyalarını sərbəst, qərəzsiz həyata keçirmələrinin şərtidir. Konstitusiya yalnız elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinin deputat mandatı ilə birlikdə həyata keçirilməsini mümkün hesab edir.
Göstərilən vəzifələrdə çalışan və Milli Məclisə deputat seçilmiş namizədlər Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 173-cü maddəsinə əsasən ən geci 60 gün müddətində deputat statusu ilə bir araya sığmayan və Konstitusiyanın 85-ci maddəsinin 2-ci hissəsində göstərilən vəzifələrdən azad olunduqları barədə əmrin surətini (bu vəzifələrdən azad olmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini) və ya bu fəaliyyətinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.
Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikası Seçki Məcəlləsinin göstərilən imperativ tələblərinə baxmayaraq bu gün Milli Məclisdə bəzi deputatlar icra sistemində və başqa yerlərdə ödənişli fəaliyyətlə məşğul olurlar (bəziləri hətta, iki və daha artıq vəzifə tuturlar). Bunlar universitet rektorları, səhmdar cəmiyyətlərinin, dövlət şirkətlərinin rəhbərləri, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslərdir. Hesab edirəm ki, aşağıdakı əsaslara görə həmin şəxslərin Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olması Konstitusiyanın 85 və 89-cu maddələrinin tələblərinə daban-dabana ziddir.
Birincisi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 saylı qərarı ilə təsdiq edilmiş Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinin 5.3-cü bəndində nəzərdə tutulur ki, "Ali təhsil müəssisəsinin fəaliyyətinə bilavasitə rəhbərlik rektor tərəfindən həyata keçirilir. Dövlət ali təhsil müəssisəsinin rektoru Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunur və vəzifəsindən azad edilir... Rektor əvəzçiliklə təyin oluna bilməz". Başqa sözlə, ali təhsil müəssisəsinə rəhbərlik rektorun əsas fəaliyyət növüdür və o, başqa dövlət və qeyri-dövlət orqanlarında, müəssisə, idarə və təşkilatlarda hər hansı digər fəaliyyətlə məşğul ola bilməz.
İkincisi, elmi, pedaqoji və yaradıcılıq idarələrində inzibati idarəetmə vəzifələrində çalışmaq öz-özlüyündə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti kimi qiymətləndirilə bilməz və rektorun əmək funksiyaları onun fəaliyyətini elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə aid etməyə imkan vermir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin 29 mart 1997-ci il tarixli 16-4/3 saylı kollegiya qərarı ilə təsdiq edilmiş Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçasının (hissə 75) XIII bölməsində ali məktəb rektorunun əmək funksiyası belə müəyyən olunmuşdur: "Rektor ali məktəbin fəaliyyətinin nəticələrinə görə tam məsuliyyət daşıyır və mövcud qanunvericiliyə uyğun olaraq ali məktəb adından fəaliyyət göstərir. Bütün orqanlarda, yuxarı təşkilatlarda, idarələrdə, müəssisələrdə və s. onu təmsil edir, müqavilələr bağlayır; etibarnamələr verir, bankda hesab açır. Öz səlahiyyəti daxilində bütün işçilər, aspirantlar, doktorantlar, dinləyicilər, tələbələr üçün məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir. O, prorektorların konkret vəzifələrini və məsuliyyətlərini müəyyən etmək, öz səlahiyyətlərinin bəzilərinin icrasını onlara vermək hüququna malikdir. Rektor əmək qanunvericiliyinə uyğun olaraq ali məktəbin fəhlə və qulluqçularını (təsisçinin nomenklaturasında olanlardan başqa) işə götürür və işdən azad edir, kadrların seçilməsini və yerləşdirilməsini həyata keçirir".
Göründüyü kimi, rektorun əmək funksiyaları elmi, pedaqoji və yaradıcılıq deyil, inzibati idarəetmə və təşkilati sərəncamverici xarakterlidir. Belə funksiyaları yerinə yetirən şəxslər isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16-cı maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin "Qeyd" hissələrinə, "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən vəzifəli şəxs hesab olunurlar.
Ali məktəb rektorlarının müvafiq kafedralarda 240 saata qədər dərs aparmaq hüquqlarının olması onların rektor kimi fəaliyyətinin inzibati idarəetmə və təşkilati sərəncamverici xarakterini dəyişmir.
Üçüncüsü, "Azərbaycan Respublikası Milli Məclisinə seçkilər haqqında" Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının izahı barədə" Azərbaycan Respublikasının Milli Məclisinin 14 sentyabr 1995-ci il tarixli 1107 saylı qərarı ilə müəyyən olunmuşdur ki, deputatlığa namizədliyinin irəli sürülməsi ilə əlaqədar olaraq "vəzifədən azad olunması tələb olunan vətəndaşların dairəsi müəyyənləşdirilərkən nəzərə alınmalıdır ki, elm, təhsil və digər yaradıcılıq sahələrində dövlət və qeyri-dövlət hüquqi şəxslərinin (yaradıcı ictimai birliklərdən başqa) rəhbərləri, onların müavinləri, ali məktəblərin dekanları, onların müavinləri istisna olmaqla, elmi, pedaqoji və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olanlar və siyasi partiyaların orqanlarında işləyənlər deputatlığa namizəd göstərildikdə onlardan vəzifədən azad olunmaq istədiklərini bildirmək tələb oluna bilməz". Bu gün də qüvvədə olan həmin qərar rektorun fəaliyyətini elmi ,pedaqoji və yaradıcılıq fəaliyyətinə aid etmir.
Dördüncüsü, Milli Məclisin deputatı olan rektorların guya müvafiq ali məktəblərdə əmək haqqı almaması faktı da onların rektor kimi fəaliyyətinin xarakterinə təsir göstərmir.
Beləliklə, ali məktəb rektorlarının əmək funksiyaları və fəaliyyəti elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə deyil, inzibati idarəetmə və təşkilati sərəncamverici xarakterə malik olduğu üçün onların Milli Məclisin deputatı olaraq eyni zamanda rektorluq fəaliyyətini həyata keçirmələri Konstitusiyanın 85 və 89-cu maddələrinin tələblərinə tamamilə zidd hesab edilməlidir.
Milli Məclisin deputatı olan səhmdar cəmiyyətlərinin, dövlət şirkətlərinin, digər dövlət və qeyri-dövlət təşkilatlarının rəhbərlərinin fəaliyyətinin xarakterinə və əmək funksiyalarına münasibətdə də eyni fikirləri söyləmək olar. Həm də nəzərə almaq lazımdır ki, səhmdar cəmiyyətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq kommersiya təşkilatı hesab olunur. Kommersiya təşkilatı rəhbərinin fəaliyyətinin isə kommersiya və ya sahibkarlıq fəaliyyəti olması isə heç bir şübhə doğurmur.
Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatdan məhrum edilir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 173.2-ci maddəsində müəyyən olunur ki, "birmandatlı seçki dairəsi üzrə seçilmiş namizəd bu Məcəllənin 173.1-ci maddəsində nəzərdə tutulmuş tələbləri yerinə yetirmədikdə (yəni deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunmadıqda və fəaliyyətə xitam vermədikdə) Mərkəzi Seçki Komissiyası həmin seçki dairəsi üzrə seçkilərin yekunlarının ləğv edilməsi barədə müvafiq məhkəməyə müraciət edir və təkrar seçkilər keçirir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 175.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndində göstərilən əsaslar olduqda (yəni Azərbaycan Respublikası Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), deputatın mandatdan məhrum edilməsi haqqında qərar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilir.
Lakin göstərilən şəxslərin deputat statusu ilə bir araya sığmayan vəzifəni tutmaqda və ya fəaliyyət göstərməkdə davam etmələrinə baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası müvafiq seçki dairələri üzrə seçkilərin yekunlarının ləğv edilməsi barədə müvafiq məhkəməyə müraciət etməmiş və təkrar seçkilər keçirməmiş, həmin şəxsləri deputat kimi qeydə alaraq onlara deputat vəsiqəsi vermişdir ki, bununla da Azərbaycan Respublikası Konstitusiyasının 85-ci və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 173.1-ci maddəsində nəzərdə tutulmuş tələblər kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də Milli Məclisə seçkilərin ümumi yekunlarını təsdiq edərkən həmin Konstitusiya və qanun pozuntularına diqqət yetirməmişdir.
Qanun tələb edir ki, həmin şəxslər ya deputat mandatından məhrum edilməli, ya da tutduqları vəzifələrdən qeydsiz-şərtsiz azad olunmalıdırlar. Bu kobud qanun pozğunluğuna rəvac verən və ona göz yumanlar isə şübhəsiz cəzalandırılmalıdırlar.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahov ona etdiyim 27.06.2013 və 18.10.2013-cü il tarixli iki müraciətlərimə cavab verməməklə qanuna hörmətsizliyini bir daha nümayiş etdirmişdir. Cənab M.Pənahovun rəhbərliyi ilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Konstitusiyanın və Seçki Məcəlləsinin birmənalı tələblərini mənə məlum olmayan, hər bir halda dövlət maraqlarına zidd olan niyyətlə pozmaqda davam etməkdədir.
Göstərilən qanun pozuntularının aradan qaldırılması üçün mən Azərbaycan Konstitusiya Məhkəməsinə müraciət etmişdim. Konstitusiya Məhkəməsi Palatasının 10 yanvar 2014-cü il tarixli qərardadı ilə mənə bildirildi ki, bu müraciətə baxmaq mexanizmi yoxdur. Belə ki, Konstitusiyanın 130-cu maddəsinə əsasən Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ başqa subyektlərlə yanaşı Milli Məclisə aiddir.
Göründüyü kimi yuxarıda sadalanan qanun pozuntuları heç də adi inzibati xəta deyil, hakimiyyətin bir qolunun digərinin səlahiyyətlərinə yiyələnməsinə və beləliklə, hakimiyyət qolları arasında tarazlığın pozulmasına yönəldilmiş böyük ictimai təhlükəli əməldir.
Düşünürəm ki, hüquqi dövlətin mahiyyət əlamətləri olan qanunun aliliyi və hakimiyyətin bölünməsi prinsiplərinin qəsdən və nümayişkarcasına pozulmasına heç bir vəchlə göz yummaq olmaz.
Bütün bunları diqqətinizə çatdırmaqla Sizdən xahiş edirəm:
Qanunvericilik hakimiyyəti orqanının rəhbəri kimi, Milli Məclis üzvləri tərəfindən Konstitusiyanın və Seçki Məcəlləsinin tələblərinin kobud pozulması hallarının aradan qaldırılması üçün səlahiyyətlərinizdən istifadə edərək deputat statusu ilə bir araya sığmayan vəzifəni tutmaqda və ya fəaliyyəti həyata keçirməkdə davam edən şəxslərin deputat mandatından məhrum edilməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edəsiniz, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 85 və 89-cu maddələrinin şərh olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verilməsi barədə məsələni Milli Məclisin müzakirəsinə çıxarasınız.