Modern.az

Nazirlik əhalinin əmək hüquqlarının müdafiəsi üçün elektron informasiya sistemi yaradır

Nazirlik əhalinin əmək hüquqlarının müdafiəsi üçün elektron informasiya sistemi yaradır

4 Fevral 2014, 16:26


Bundan sonra əmək münasibətləri əmək müqaviləsi bağlandığı andan deyil, elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranacaqdır. Bu barədə məlumatı Modern.az-a nazirliyin mətbuat xidmətindən veriblər.

 Bununla bağlı “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində müvafiq dəyişikliklər edilib. Qeyd olunan Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanı imzalanıb. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi İdris İsayev keçirdiyi mətbuat konfransında məlumat verib.

 O bildirib ki, Fərmanın tətbiqi ilə əlaqədar müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına müəyyən tapşırıqlar verilib. Verilmiş tapşırığa əsasən əmək müqaviləsi bildirişinin formasının və onun elektron informasiya sisteminə daxil edilməsi qaydalarının, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat formasının, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydaların bir ay müddətində hazırlanması nəzərdə tutulub. Dəyişikliyə əsasən əmək qanunvericiliyinə  əmək müqaviləsi bildirişi anlayışı daxil edilib: “ Əmək müqaviləsi bildirişi - əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə daxil edilən elektron sənəddir” deyə xidmət rəisi vurğuıayıb.

İ.İsayev qeyd edib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinə edilmiş dəyişikliyə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Bu dəyişikliklərdən sonra təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün işəgötürənlər əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı elektron informasiya sistemində əmək müqaviləsi bildirişini qeydiyyatdan keçirməlidirlər. “Elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumatın göndərilməsi nəzərdə tutulub”. Bu Qanun qüvvəyə mindiyi günədək yazılı bağlanılmış və qüvvədə olan əmək müqavilələri üzrə əmək müqaviləsi bildirişlərinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyata alınması məqsədi ilə işəgötürənlər tərəfindən həmin elektron informasiya sisteminə daxil edilməsinə 2014-cü ilin 1 iyul tarixinədək vaxt verilib.. İ.İsayev nəzərə çatdırıb ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43-cü maddəsinə edilən dəyişiklərə əsasən əmək müqaviləsində göstərilən şərtlər və məlumatların da dairəsi genişləndirilir.  Belə ki, bundan sonra müqavilədə işçi barədə məlumatlara onun şəxsiyyətini təsdiq edən sənədin pin kodu barədə məlumatların da əlavə edilməsi tələb olunacaqdır. Eyni zamanda müqavilədə işəgötürən barədə məlumatlara əlavə olaraq sığortaedənin uçot nömrəsi (SUN),  dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN), şəxsiyyətini təsdiq edən sənədin pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN) barədə məlumatların da göstərilməsi tələb olunacaqdır. Göstərilən əlavə məlumatlar əmək müqaviləsi bildirişlərnin işəgötürənlər tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilməsini asanlaşdıracaqdır.

Xidmət rəisi vurğulayıb ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilmiş dəyişikliklər məşğul əhalinin əmək hüquqlarının müdafiəsini təmin etməyə və qeyri-leqal əmək fəaliyyətinin qarşısının alınmasına, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlərin aradan qaldırılmasına  hədəflənmişdir. Artıq bütün işəgötürənlərin, eləcə də işçilər onlar tərəfindən bağlanmış əmək müqavilələri barədə məlumatları əmək müqaviləsi bildirişləri vasitəsi ilə real vaxt rejimində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemindən əldə etmək imkanları olacaqdır. Bununla da, hər iki tərəf əmək müqavilələri ilə üzərində götürdükləri öhdəlikləri yerinə yetirmək məcburiyyətində qalacaqdır: “Əmək müqaviləsi bildirişləri işçilər üçün ilk növbədə əmək hüquqlarının və bu hüquqlardan irəli gələn digər, o cümlədən sosial təminat hüquqlarının müdafiəsinin təminat formasıdır. Bu sənəd vasitəsilə işçilərdə göstərilən hüquqların icrasını işəgötürəndən tələb etmək imkanı yaranır. Eyni zamanda əmək müqaviləsi bildirişləri işəgötürən üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş hüquqlarının qorunmasının təminat formasıdır. Bu sənəd vasitəsilə işəgötürənlər işçilərlə münasibətdə əmək müqaviləsində razılaşdırılmış şərtlərin şəffaf şəkildə icrasını təmin edə bilirlər”.

 İ.İsayev onu da nəzərə çatdırıb ki, göstərilən dəyişikliklər dövlət nəzarətini həyata keçirən orqanlara elektron nəzarət sisteminin qurulmasına, qeyri-leqal məşğulluğun aradan qaldırılması istiqamətində səmərəli fəaliyyətinə, sosial sığorta haqları və vergi daxilolmalarının artırılmasına, vətəndaşların layiqli pensiya təminatına gətirib çıxaracaqdır.

 

 

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU