Modern.az

“Facebook mənim yox, mən Facebook-da nəyisə dəyişdim” - Brilliant Dadaşova və digər tanınmış istifadəçilər...

“Facebook mənim yox, mən Facebook-da nəyisə dəyişdim” - Brilliant Dadaşova və digər tanınmış istifadəçilər...

Mədəniyyət

4 Fevral 2014, 16:29


Ən böyük sosial şəbəkələrindən biri olan Facebook bu gün özünün 10 illik yubileyini qeyd edir. Ay ərzində 1 milyard 230 milyon istifadəçi auditoriyası olan Facebook-da 10 il ərzində 200 milyard dostluq münasibətləri qeydə alınıb.

Bu sosial şəbəkədə əvvəldə təkcə Harvard Universitetinin tələbələri qeydiyyatdan keçə bilərdilər, mart ayından etibarən isə Stendford, Yel və Kolumbiya universitetlərinin tələbələri də burada qeydiyyatdan keçə biliblər.

Facebook istifadəçilərinin sayına görə 168 milyon istifadəçi ilə ABŞ birinci yerdədir. Bu sosial şəbəkədən istifadə edən digər ölkələrə gəlincə isə, Braziliya (64 milyon) ikinci, Hindistan (62 milyon) üçüncü, İndoneziya (51 milyon) isə dördüncü yerdə qərarlaşıb. Ən az “Facebook” istifadəçisi isə 20 nəfər istifadəçisi ilə Vatikandır.

Hazırda “Facebook”un 1 milyarddan çox aktiv istifadəçisi var. Azərbaycanda isə bu sosial şəbəkədə 1 milyona yaxın istifadəçi qeydiyyatdan keçib. Azərbaycanda Facebook-dan əhalinin 11.53%-i və ölkənin ümumi internet istifadəçilərinin 22.66 %-i istifadə edir.

Facebook istifadəçiləri arasında Azərbaycandan da kifayət qədər tanınmış simalar var. Sosial şəbəkənin onların həyatındakı önəmi nədir?

Modern.az saytının sorğusu bu suala cavab verir.

“Lider” telekanalının xəbərlər proqramının aparıcısı Mehman Mehdiyev bu sosial şəbəkədən işi ilə bağlı istifadə edir: “Həyatımda heç nəyi dəyişmədi, sadəcə zəmanənin  bir tələbi kimi meydana çıxan bu sosial şəbəkə həyatımın hansısa bir guşəsində öz yerini tapdı. Bəzən nələrisə paylaşmaqda köməyimə gəldi, bəzən qiyabi tanıdığım yaxşı insanları real həyatda tanıtdı mənə, bəzən real həyatda tanıdığım insanlardan Facebook-un sayəsində üz döndərməli oldum!
Əvvəllər sosiallaşmaq üçün istifadə edirdim, foto paylaşırdım, narahat edən məsələlərlə bağlı status yazırdım, bir də ayıldım, gördüm vaxtımı bura çox sərf edirəm. 1 ay Facebook-dan getdim, indi isə yenicə gəlmişdim, siz məni haqladız, deyəsən artıq Facebook asılılığım yoxdur, özümü müalicə edə bildim! Hazırda yalnız işimlə bağlı istifadə edirəm!”.

Müğənni Brilliant Dadaşova: “Facebook mənim həyatımda nəyisə dəyişmədi, mən Facebook-un həyatında nəyisə dəyişdim. Facebook artıq yaddan çıxırdı, mən səhifə açanda keçən il hamı mənə dedi ki, Facebook artıq dəbdə deyil, ora heç kim gəlməyəcək. 2 ay tamam olmamış səhifəmdə 12000 nəfər toplaşdı və çox fəal da iştirak edirlər. İndi sadəcə axır vaxtlar mənim ora girməyə bir az vaxtım olmayıb. Çalışıram ki, orada iştirak edim, amma çox vaxtım olmur. Tamaşaçımla təmasda olmaq üçün istifadə edirəm. Amma mən bilirəm ki, Facebook mənim həyatımda yox, mən Facebook-un həyatında çox şeyləri dəyişmişəm. Birinci dəfə Facebook-a canlı ifa qoydum, tamaşaçıyla, məni görmək istəyən, eşitmək istəyənlərlə canlı təmasa girdim və Facebooka çox insanların marağını yenidən qaytardım. Facebook səhifələrini bağlayan çox insanlar yenidən açdılar”.

Yazıçı Şərif Ağayar: “Facebook həyatımda heç nəyi dəyişmədi. Sadəcə çox adam tanıdım və çox adam da məni tanıdı. Əsasən informasiya, yazı paylaşmaq və əyləncə məqsədilə istifadə edirəm. Ciddi heç nə... İşim kompüterlə olduğundan Facebook səhifəm həmişə açıq olur. Amma çatda az oluram. Mənə lazım olan müraciətlərə cavab verib, paylaşmalara baxıb, paylaşmalar edirəm. Əyləncə üçün az oluram”.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Şəbnəm Hüseynova kitab oxumağı Facebook-dan daha vacib hesab edir: “Əsaslı dəyişiklik olmadı. Sadəcə olaraq uzaqda olan dostlarla əlaqəmiz daha sıxlaşdı. Yəni şəxsən mənim Facebook-dan istifadəm əsas uzaqda olan dostlarımın işləri, uğurları, yeniliklərindən xəbər tutmaq üçündür. Ora çox vaxt ayırmıram. Yəni o qədər də aludəçisi deyiləm. Facebook-a sərf eləməyə heç o qədər vaxtım da olmur. Xüsusi günlərdə baxaram və ya hər hansı bir tamaşa ilə bağlı tədbir təşkil eləmişiksə ona nəzarət edərəm. Facebook-da çox vaxt keçirməyə düzgün də baxmıram. Onun əvəzində 5 kitab oxumaq daha maraqlı, daha vacib, daha sərfəlidir”.

Deputat Aydın Mirzəzadə: “Facebook prinsipcə heç nəyi dəyişməyib, orada səhifə açandan sonra nəyinsə ciddi dəyişdiyini deyə bilmərəm. Əsasən düşüncələrimi yerləşdirmək və istifadəçilərin əhval-ruhiyyəsini daha dərindən öyrənmək üçün istifadə edirəm. Gün ərzində təxminən yarım saat, 45 dəqiqə orada oluram”.

“Oda” Teatrının rəhbəri, aktyor İlqar Cahangir: “Mən Facebook-da elə də çox olmuram. Olur ki, 2-3 gün orada olmuram. Yəni işimlə əlaqədar girmirəm. Gün ərzində də bir saat, saat yarım oluram. Həyatımda elə bir şey dəyişməyib. Ancaq məlumatlar, hadisələrlə bağlı hər hansı bir informasiya alıram. Başqa heç nə”.

ANS TV-nin “İncə maraqlar” verilişinin aparıcısı Elnarə Təhməzova: “Mən Facebook-da o qədər də fəal deyiləm. Sadəcə olaraq bir yanlışlıq olmuşdu. Mənim profilimin içərisində proqramımın səhifəsi açılıb, ayrıca açılmayıb. Yəni, o səhifəyə nəzarət etmək üçün Facebook-da daxil oluram. Amma belə də ki, hansısa sayta girib xəbər oxumayanda Facebook-a girmək kifayətdir ki, bütün xəbərləri görüm. Qonaqlarımı mobil telefon vasitəsilə tapmayanda Facebook-dan bir mesaj yazıram, daha tez tapıram. Yəni bu sosial şəbəkənin istifadəçisi olmaq xeyrimədir, ziyanıma deyil. Bütün Facebook komandasını təbrik edirəm”.

Misranə Həsənzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi