Modern.az

Millət Məclisi, yoxsa millətin Məclisi...

Millət Məclisi, yoxsa millətin Məclisi...

4 Fevral 2014, 17:11

Niyə mahiyyətimizi deyil, adımızı dəyişək?

Elə məsələlər var ki, orada ad üzərində ciddi düşünmək, sonra qərar vermək, doğrudan da,  həddindən artıq önəmlidir. Məsələn, 1995-ci ildə Heydər Əliyevin sədrliyi ilə keçirilən Konstitusiya Komissiyasının iclasında dilimizin Azərbaycan türkcəsi, Azərbaycan türk dili, Azərbaycan dili adlandırılması variantları  müzakirəyə çıxarılanda, yazıçı Anarın memuar qeydlərinə görə, uzun-uzadı mübahisələr gedib, yaradıcı ziyalılar sonradan peşiman olmamaq üçün auditoriyaya  ciddi düşünmə təklif edib. Prezident Heydər Əliyev inzibati üsullara əl atmadan, müzakirələrdə özünün də inandırıcı arqumentlərini ortaya qoyduqdan sonra-yəni fransızlar və ispanları misal çəkərək, eləcə də dilimizin türk dilinin bir ləhcəsi səviyyəsinə düşməsinin qeyri-düzgünlüyü izahında ortaq məxrəc yaradaraq Konstitusiyada dilimizin Azərbaycan dili kimi göstərilməsinə qərar verildi.  

Doğrudur, yaxın-uzaq gələcəkdə bu məsələni yenidən müzakirəyə təklif edənlər də tapıla bilər. Çünki burada həqiqətin tam öz yerində olduğu ziyalılarımızda hələ də şübhə kimi qalır.

Lakin elə məsələlər də var ki, orada ad amilinə yenidən qayıtmağı, ümumiyyətlə,  başa düşmək olmur. Məsələn, Milli Məclisin adının Millət Məclisi ilə dəyişdirilməsi təklifləri səslənir.  

Ali Sovetin adının Milli Məclisə çevrilməsi də elə yuxarıda qeyd olunan ərəfədə reallaşdı və ilk iclasının açılışı Heydər Əliyev tərəfindən israrla yazıçı Anara həvalə olunan Milli Məclis yeni ismini demək olar ki, hamıya bəyəndirmişdi. Bu Məclis Moskva ilə işləmirdi, müstəqil Azərbaycanın siyasətini həyata keçirirdi, ortada milli mövqe var idi,  tərkibini azərbaycanlılar təşkil edirdi,  etnik qruplara tolerant münasibət qorunub saxlanırdı, milli qanunlar qəbul olunurdu. 
Qıcıq yaradan sovet kəlməsi idi, ondan da imtina edildi. Əslində bu, dil məsələsi qədər xüsusi əhəmiyyət  daşımırdı  və xalqın mənafeyi baxımından burada dərindən düşünməyə elə bir ehtiyac da yox  idi, heç indi də yoxdur.  

Bizə  parlamentimizin adının Senata, Dumaya, Federal Məclisə,  Böyük Millət Məclisinə, Ali Radaya  bənzəməsindən daha çox mahiyyət-qanunverici orqanın hansı enerji ilə, hansı vicdanlı qərarlarla, hansı savadlı kontingetlə işləməsi maraqlı idi.  Lakin bir gün eşidirdik ki, heç demə parlament üzvlərinin yarısının qanun yaradıcılığı prosesinə hər hansı töhfəsi olmur, bir qrup çalışır, yerdə qalan qisim həmkarlarının ortaya qoyduğu qanunları, fikirləri, sadəcə dinləməklə kifayətlənir. Bəziləri bu strukturun iş prinsiplərini öyrənir, bəziləri isə özünü sadəcə, professional kimi göstərirdi. Millət vəkilləri var idi ki, müzakirə olunan qanunlarda vacib sözlərin etimalogiyasını-məsələn konkret olaraq, qrant sözünü və layihənin mahiyyətini belə bilmir, asanlıqla diqqətcil jurnalist tərəfindən “yaxalanıb” ifşa olunurdu. Amma yenə də tutduğu mövqenin layiqli sahibinə çevrilmək istəmirdi, parlamentə  öz maraqları rakursundan yanaşırdı. 

Bir zamanlar Milli Məclisin iclaslarında səsvermə böyük problemə çevrilirdi. Spiker Murtuz Ələsgərovun göstərişi ilə deputatlar zala yeməkxanadan çağrılırdı. Seçicisini saymayanlar əlində hər hansı ərizə ilə onu binanın girişində gözləyən  vətəndaşdan yayınıb, arxa qapıdan qaçırdı. Vaxtilə çalışdığım “Şərq” qəzetində Milli Məclisin çölündən reportaj adlı rublika, Milli Məclisin içərisindən hazırlanan reportajdan daha maraqla qarşılanırdı və tənqidi məqamları ilə deputatlarımızı müəyyən qədər ehtiyatlandıra bilirdi.  

Çünki həmin rublikanı hazırlayan jurnalist həmkarımız  kənarda dayanıb müşahidələrini, vətəndaş-deputat dialoqunu dinləyir və qeydlər bir yerə yığılanda, xoşagəlməz mənzərə yaranırdı ki, bir neçə faktın timsalında  Milli Məclis  haqqında heç də yaxşı  rəy formalaşmırdı. 
Ona görə də sabiqlər- səhiyyə naziri Əli İnsanov, Teleradio şirkətinin sədri  Nizami Xudiyev, “Azərkimya”nın rəhbəri Fikrət Sadıqov və başqaları öz davranışlarını korrektə etmək məcburiyyətində qalırdı. Asya Manafova, Zahid Qaralov, Səttar Səfərov, Hadı Rəcəbli və başqa millət vəkilləri də var idi ki, seçici otağında şikayətçi dinləməyə özündə insaf və həvəs tapa bilirdi.

Bu misallar bizə zaman-zaman sübut etdi ki, parlament mühitinin dəyişməsinə, onun daha işlək, daha demokratik əhval-ruhiyyəli, daha savadlı tərkibə malik olmasına ehtiyac var. Topluma ədalətli, vicdanlı, sözünü yuxarı dövlət instansiyalarına keçirə bilən mövqe sahibləri lazımdır-Anar kimi, Zeynəb Xanlarova, Sabir Rüstəmxanlı, Vaqif Səmədoğlu və başqaları kimi.

Sonrakı parlament seçkilərində insafsızların, tənbəllərin, müftəxorların, diletantların sayı xeyli azaldı. Amma azaldısa da, parlamentimiz arzuolunan şəkildə qaynar bir mühitə, istənilən səviyyədə xalqın tribunasına çevrilə bilmədi. Sizcə, bizə nəyi dəyişmək lazımdır-adı, yoxsa, mahiyyəti? Ad dəyişsək, parlamentimiz millətin Məclisinə çevrilə biləcəkmi? Naziri dəyişirik, kardinal dəyişiklik olmur, millət vəkilini dəyişirik, az şey dəyişir,  bir nəfər çıxıb təklif vermir ki, gəlin özümüzü, iş əmsalımızı, vətəndaşa ögeyliyimizi, problemlərə baxışımızı dəyişək. Soruşsaq, bəhanələri bu olacaq ki, kimlərdənsə çəkinirlər. 

Halbuki  nə prezident, nə də başqa səlahiyyətlilər millət vəkillərimizin yerində olan cəsarətini, düzgün və ağıllı  tənqidini  əlindən almır. Vahid Əhmədova kimsə müxalifətçi kimi danışma deyirmi? Desəydi, enerji haqlarının qiymətlərinin artırılması məsələsində onun iqtisadçı mövqeyi cəsarətli şəkildə ortaya qoyula bilməzdi. Aydın Mirzəzadəyə öz seçicisinə gücü çatdığı dəstəyi verməyi kimsə başa salmır. Onun bir neçə mingəçevirli tələbəyə simvolik etdiyi kömək, insanlarla sıx-sıx təmaslar qurması seçicisinə verdiyi dəyərin əlamətidir. Ola bilsin, tanımadığım neçə millət vəkili var ki, seçicisindən fiziki və mənəvi uzaqlıq saxlamır. Parlament  kürsüsünə sosial qayğıları diqqətə gətirmək üçün qalxır, milli məsələlərə həssasdır. Amma əksəriyyətmi belədir? Yox. 

Deputatla seçici arasında qalın pərdəni yuxarılar çəkmir. Nəhayət, yuxarılar Milli Məclis üzvlərinin öz intellektlərini artırmalarına əngəl yaratmır. Əslində  bəhanə, “istinad nöqtəsi” olan yuxarılar işini bacara bilməyən, ölkənin narazı fərdi ilə kobud davranış üsulundan istifadə edənləri məqamı gəldikcə tənqid və xəbərdarlıq edir.

...Parlamentimizin adında dəyişiklik həvəskarları, əgər “dekorativ” yenilik axtarırlarsa, hazırkına  gözümüz yorğun deyil. Yox əksinə, millətin Məclisini qurmaq arzusundadırlarsa, daha adı yeniləmək niyə- Milli Məclisin özünü də sözün həqiqi mənasında millətin  Məclisinə çevirmək olar. Təki mahiyyəti dəyişməyə hər sahədə və hamıda iradə olsun.         
Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU