Modern.az

Millət vəkilləri: “Təhsil kreditləri haqqında” qanunun qəbulunu banklar istəmirlər”

Millət vəkilləri: “Təhsil kreditləri haqqında” qanunun qəbulunu banklar istəmirlər”

Parlament

4 Fevral 2014, 17:31

Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələri siyahısında millət vəkilləri Əli Məsimli ilə Vahid Əhmədovun hazırladıqları “Təhsil kreditləri haqqında” qanun layihəsi yenə yoxdur. Layihənin müəlliflərindən biri olan Əli Məsimli Modern.az saytına deyib ki, təhsil kreditləri ilə bağlı məsələ tez-tez gündəmə gəlir:

“Azərbaycan cəmiyyətinin, xüsusən də tələbə gənclərin uzun müddətdən bəri səbirsizliklə gözlədiyi məsələlərdən biri də "Təhsil kreditləri haqqında" qanunun qəbul edilməsidir. Bunu nəzərə alaraq biz deputat həmkarım Vahid Əhmədovla birlikdə qanun layihəsi hazırlayıb Milli Məclisə təqdim etdik. Lakin layihənin İqtisadi siyasət komitəsindəki müzakirəsindən iki il keçməsinə baxmayaraq, bu qanun hələ plenar iclasa çıxarılmayıb. Halbuki maddi imkanları aşağı olan ailələrdən çıxan gənclər üçün belə kreditlərin aşağı faizlə əldə edilməsi olduqca zəruridir. Düzdür, hazırda Azərbaycanda banklar təhsil kreditləri verirlər, lakin onların müddəti az, faiz dərəcələri isə olduqca yüksək olduğundan onu qaytarmaq çox çətindir. Minlərlə tələbə təhsil haqqını ödəmək imkanının olmamasına görə akademik məzuniyyət alır və ya öz ərizəsi ilə universitetdən xaric edilir. Bu minlərlə gəncin təhsil almaq arzusundan məhrum olması deməkdir. Məhz bütün bunlara son qoyulması üçün "Təhsil kreditləri haqqında" qanunun qəbulunu vacib sayırıq. Əgər nəzərə alsaq ki, təhsil kreditləri məsələsi artıq Azərbaycan prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında da öz əksini tapıb, onda "Təhsil kreditləri haqqında" qanunun qəbulunu sürətləndirilməsinin zəruriliyi öz-özlüyündə aydın olur. Ona görə də biz İqtisadi siyasət komitəsinin iclasında Milli Məclisin 2014-cü ilin yaz sessiyasının qanunvericilik işləri planı müzakirə olunarkən “Təhsil kreditləri haqqında” qanun da həmin plana salınması və qəbulunun sürətləndirilməsi təklifi ilə çıxış etdik”.

Millət vəkili Vahid Əhmədov qanun layihəsinin müzakirəyə çıxarıla bilməməsində bankların da rolunun olduğunu deyib: “Komitənin iclasında təhsil krediti ilə bağlı məsələyə toxundum. Qanun layihəsində bu məsələyə yenidən baxmaq lazımdır. Hələ ki müsbət qarşılanıb. Prezidentin qəbul etdiyi sərəncamda təhsilin kreditlə təmin olunmasında məsələ öz həllini tapır. Həmçinin, bu qanunun müzakirəyə çıxarılmasına banklar da mane olur. Çünki orada güzəştli kreditlərdən söhbət gedir. Məhz güzəştli kredit məsələsinə görə banklar layihənin qəbul olunmasını istəmirlər. Çünki ziyan görə bilərlər. Biz belə hesab edirik ki, təhsil strateji sahə olduğundan orda istənilən insan kimliyindən asılı olmayaraq, onu başa düşməlidir. Biz o qanunun qəbul edilməsinin tərəfdarıyıq. Bununla yanaşı, komitədə məsələ də qaldırmışıq. Yəqin ki, bu məsələyə bir də qayıdacağıq”.

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...