Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Sahibə Qafarova hakim partiyanın saytına müsahibə verib. Modern.az onun müsahibəsini təqdim edir.
- Sahibə xanım, ötən həftə Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyası keçirildi. Bu sessiyada Azərbaycanlı bağlı hansısa məsələlər müzakirə olundumu? Ümumiyyətlə, sessiyanın əsas diqqət çəkən məqamları nədən ibarət oldu və ümumiyyətlə, sessiyanı necə qiymətləndirirsiniz?
- Əvvəla, onu deyim ki, AŞPA-nın yanvar sessiyasında Azərbaycanla bağlı hər hansı bir məsələnin müzakirəsi nəzərdə tutulmasa da, ölkəmizlə bağlı müəyyən fikirlər gündəmə gəldi, azərbaycanlı parlamentarilər ölkəmizdəki mövcud reallıqlar, Azərbaycanın dünyada cərəyan edən proseslərlə bağlı mövqeyi haqqında qurumda dolğun məlumatlar verdilər. Ümumən isə sessiya kifayət qədər məhsuldar və gərgin diskussiyalar şəraitində keçdi. Əsas diqqət çəkən məqamlardan biri qurumun hesabatının müzakirəsi oldu. Hesabatla bağlı müxtəlif tənqidi fikirlər olsa da, yekunda hesabat müsbət qiymətləndirildi və hesabat qəbul edildi. Digər bir mühüm məsələ isə AŞPA-nın yeni prezidentinin seçilməsi idi. Bu seçkilər əvvəlki seçkilərdən fərqlənirdi. Belə ki, bir qayda olaraq, AŞPA siyasi qrupları tərəfindən irəli sürülən namizədlər növbə ilə assambleyanın prezidenti olur. Bu dəfə növbə Liberal Demokratlar Alyansının idi. Amma bu dəfə bu ənənə ilə bağlı müəyyən iradlar bildirildi və bunun qeyri-demokratik bir tendensiya olduğu vurğulandı. Ona görə də, belə bir fikir irəli sürüldü ki, Liberal Demokratlar Alyansının namizədinə qarşı alternativ namizədlər də irəli sürülsün. Liberal Demokratlar Lüksemburqlu parlamentari Anna Brassorun namizədliyi irəli sürdüyü halda, britaniyalı parlamentari Robert Valter də öz namizədliyini irəli sürdü. Səsvermə nəticəsində Anna Brosur növbəti müddəti AŞPA prezidenti seçildi. Bundan başqa, sessiya çərçivəsində Avropada rasizm, Ukraynada mövcud vəziyyət, İnsan Haqları üzrə Avropa Məhkəməsinə Danimarkadan və Slovakiyadan hakimlərin seçkiləri, Fələstin Dövlət Şurası ilə demokratiya sahəsində əməkdaşlıq, internet və siyasət, suriyalı qaçqınların yerləşdirilməsi, iqlim dəyişikliyi, enerji müxtəlifliyinin təzahürləri, insan haqlarının pozulmasına görə beynəlxalq təşkilatların öhdəlikləri, transmilli televiziyaya dair Avropa Konvensiyasının müddəaları və digər məsələlərlə bağlı geniş müzakirələr keçirildi.
Ümumiyyətlə isə AŞPA-nın yanvar sessiyasını ölkəmiz üçün uğurlu hesab etmək olar.
- Sahibə xanım, sessiyanın gedişində Avropada rasizm məsələlərinin müzakirəsi zamanı erməni parlamentari Naira Zohrabyan Azərbaycanla bağlı absurd və həqiqətdən uzaq iddialar irəli sürdü. Burada maraqlı bir mənzərə yaranır. Faktiki olaraq, rasizmin hökm sürdüyü, işğalçı siyasət həyata keçirən, dövlət səviyyəsində terror törədən bir ölkənin təmsilçisi qarşı tərəfi rasizmdə ittiham edir...
- Əvvəla, onu qeyd etməliyəm ki, rasizm və ksenofobiya hallarına qarşı mübarizə Avropa cəmiyyətini narahat edən məsələlərdəndir və bu, Avropa Şurasının əsas fəaliyyət istiqamətlərindən biridir. Ona görə də mütəmadi olaraq qurumda bunula bağlı hesabatlar təqdim olunur, müzakirələr aparılır. İki il əvvəl isə AŞPA-da rasizm və ksenofobiya alt komitəsi yaradıldı və iki il idi ki, o komitəyə mən rəhbərlik edirdim. Əlbəttə ki, bu komitəyə məhz azərbaycanlı parlamentarinin rəhbərlik etməsi ilk növbədə Azərbaycanda bu sahədə görülən işlərə Avropa ictimaiyyətinin verdiyi qiymətdir.
Məlumdur ki, son illərdə Avropa onun siyasi və demokratik stabilliyinə təsir göstərən iqtisadi və maliyyə böhranlarının səbəb olduğu bir sıra problemlərlə üzləşir. Bu problemlərdən biri cəmiyyətin bütün təbəqələrinə təsir göstərən irqçilik və irqi diskriminasiyadır və heç bir institut rasizmdən sığortalanmayıb. Assambleya hüquq-mühafizə orqanlarında irqçilik məsələsinə də diqqət yetirməlidir. Bu sahədə Avropa Şurasına üzv ölkələrindəki ən yaxşı təcrübə nümunələri müəyyən edilməli, bu problemin qarşısının alınması üsulları yaradılmalıdır. Bu sessiyada da belə bir məsələnin müzakirəsi normaldır. Amma ermənistanlı bir parlamentarinin bu məsələ ilə bağlı hansısa dövləti ittiham etməsi əlbəttə ki, heç bir etikaya uyğun gəlmir. Bu, tipik erməni davranışıdır. Və düşünürəm ki, elə yerindəcə cavabını aldı. Düşünmürəm ki, Zöhrabyanın bu iddiaları hansısa ciddi siyasətçi tərəfindən ciddi qarşılansın. Mən həmin iclasdakı çıxışımda da bildirdim ki, bu gün Azərbaycanı rasizmdə ittiham etmək tamamilə məntiqə ziddir. Azərbaycan xalqı təkcə azərbaycanlılardan ibarət deyil, bizim cəmiyyətimiz çoxmədəniyyətlidir. Azərbaycan məscid, kilsə və sinaqoqun sülh içində birgə mövcud olduğu ölkələrdən biridir. Azərbaycan bir çox etnik qrupların vətənidir. Onlar yüzillər boyunca Azərbaycan torpaqlarında harmoniya şəraitində yaşayırlar. Azərbaycanda yəhudilər, ruslar, gürcülər, ukraynalılar, ermənilər və digərləri bərabər hüquqlara malikdir. Bu, artıq Azərbaycanın bir reallığıdır. Digər reallıq isə ondan ibarətdir ki, Azərbaycan ərazilərinin 20 faizi Ermənistanın işğalı altındadır və Ermənistandan və işğal altındakı Azərbaycan torpaqlarından 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyən ölkədir. Bu gün AŞ-yə üzv dövlətlər sırasında işğalçılıq siyasəti həyata keçirən, qonşu dövlətin ərazilərini işğal altında saxlayan yeganə dövlət Ermənistandır. Bu gün Ermənistanda hakimiyyətdə olan insanlar vaxtilə Qarabağda minlərlə azərbaycanlını qətlə yetirən səhra komandirləridir. Serj Sarkisyan yüzlərlə azərbaycanlı qadın, uşaq və yaşlının öldürüldüyü Xocalı qətliamında şəxsən iştirakı barədə özü müsahibə verib. Ermənilər həmişə ən çirkin terror üsullarına əl ataraq, öz milli kimliklərini, niyyətlərini ortaya qoyublar. Amma ən ağrıdıcısı odur ki, bu kimi cəhdlərdə uşaqları, qadınları hədəfə götürürlər. Bu isə bir daha onu göstərir ki, ermənilər uzunmüddət Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətindən bu gün də əl çəkmir və hər fürsətdə irqçi, bütün beynəlxalq hüquqi sənədlərə, eyni zamanda, bölgədə sülhün təmin olunmasına yönəlmiş cəhdlərə zidd olan bu kimi təxribatları təkrarlayırlar. Təbii ki, gec-tez onların bu əməllərinə son qoyulacaq. Tarix və təcrübə də göstərir ki, heç bir cinayət cəzasız qalmır. Ermənistan dövləti və onun cinayətkar rəhbərləri də gec-tez hüquq müstəvisində bu əməllərinə görə cavab verəcəklər.
- Sessiya çərçivəsində "İnternet və siyasət: yeni informasiya və kommunikasiya texnologiyalarının demokratiyaya təsiri" adlı hesabat da müzakirə olundu. Bu məsələnin əhəmiyyəti və Azərbaycanda bu sahədə mövcud olan vəziyyəti necə qiymətləndirirsiniz?
- İnformasiya kommunikasiya texnologiyalarının inkişafı, internetə azad çıxışın təmin olunması müasir demokratik cəmiyyətin əsas məqsədlərindən biridir. Müasir cəmiyyəti internetsiz, informasiyasız təsəvvür etmək belə mümkün deyil. Azərbaycan da demokratik bir dövlət kimi, informasiya kommunikasiya texnologiyalarının inkişafını iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri elan edib. Son 10 ildə respublikamızda dövlət səviyyəsində informasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinin qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycanın inkişafı naminə 2003-2012-ci illər üçün informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya müəyyənləşdirilib və bu Strategiyanın davamı olaraq 2004-cü ildə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılıb, 2005-2007-ci illər üçün ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı, 2005-2008-ci illər üçün rabitə və informasiya texnologiyalarının (“Elektron Azərbaycan”) inkişafı və 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramları təsdiq edilib. Görülən işlərin uğurlu davamı kimi, ötən il Azərbaycanın ilk süni peyki orbitə buraxılıb və 2013-cü il Azərbaycanda İnformasiya kommunikasiya texnologiyaları ili elan edilib.
Eyni zamanda, son 10 ildə Azərbaycanda internet resusları sürətli inkişaf yolu keçib və ölkəmizdə internetə çıxışa və ondan istifadəyə heç bir məhdudiyyət qoyulmur. İfadə azadlığı, plüralizm və cəmiyyətin inkişafı üçün vacib olan digər şərtlər obyektiv məlumatın əldə edilməsində, tam demokratik idarəçiliyə nail olmaqda mühüm amillərdir. Vətəndaş cəmiyyətinin inkişafında və demokratik sistemlərin tərəqqisində internetdən və sosial şəbəkələrdən lazımınca istifadə vacibdir. Bu gün Azərbaycanda internet azadlığı təmin olunub, insanlar internetdən azad şəkildə istifadə edirlər, sosial şəbəkələrə heç bir məhdudiyyət yoxdur.