Modern.az

Siyavuş Novruzov siyasi partiyaların maliyyələşmə prinsipinin dəyişdirlməsini istəyir

Siyavuş Novruzov siyasi partiyaların maliyyələşmə prinsipinin dəyişdirlməsini istəyir

5 Fevral 2014, 11:02

“Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsinə ehtiyac var”.
Bu fikri səsləndirən YAP-çı millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, sözügedən qanuna siyasi partiyaların maliyyələşməsilə bağlı əlavələr edilib, lakin ortada boşluq var:

“Qanunda göstərilir ki, siyasi partiyalara dövlət tərəfindən edilən maliyyə yardımının 10 faizi 3 faiz baryeri aşmış, lakin parlamentdə yer qazanmayan partiyalar arasında bölünür. Hazırda isə belə partiyalar yoxdir. Onlar parlament seçkilərində iştirak ediblər, müəyyən qədər səs toplayıblar, lakin 3 faizlik baryeri aşa bilməyiblər. Nəticədə hər il 250 min manat qalır ki, bu da 750 min manat vəsait deməkdir. Hesab edirəm ki, qanunda düzəliş etsək ki, əgər 3 faizlik baryeri aşan partiyalar yoxdursa, həmin vəsait parlamentdə təmsil olunan siyasi partiyalar arasında proporsional şəkildə bəlünsün, bundan siyasi partiyalar da çox razı qalar”.

Millət vəkili Fərəc Quliyev isə hesab edir ki, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsinə yenidən baxılmalıdır: “Biz müzakirələri meydanlardan parlamentə daşımaq, siyasi partiyaların oturuşması, sivil qaydada mübarizə aparılması üçün mütləq siyasi partiyalara stimul verməliyik. Bu da ki, onların dövlət tərəfindən maliyyələşməsi ilə bağlıdır. Düzdür, Azərbaycan hökuməti bununla bağlı müəyyən addımlar atıb. Ancaq etiraf edək ki, bu maliyyə məsələsi çox cüzi bir məsrəfdir”.

Qeyd edək ki, Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsi üçün cari ilin dövlət büdcəsində 2,5 milyon manat vəsait nəzərdə tutulub. Milli Məclisdə təmsil olunan siyasi partiyalara vəsait “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə əsasən bölünür. Yəni dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.
Onu da xatırladaq ki, hazırda parlamentdə Ana Vətən Partiyasından (AVP) 1 deputat, Yeni Azərbaycan Partiyasından (YAP) isə 3 deputat yeri boşdur. Dövlətin maliyyə yardımından isə Yeni Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Sosial Rifah Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Ümid Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş Birliyi Partiyası, Böyük Quruluş Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası və Ədalət Partiyası yararlanır.

Alim 

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU