Modern.az

“Qərbi Azərbaycan Mühacirət Hökumətinə qoşulmayacam” - Cəmiyyət sədri

“Qərbi Azərbaycan Mühacirət Hökumətinə qoşulmayacam” - Cəmiyyət sədri

5 Fevral 2014, 12:59

“Qərbi Azərbaycan problemini görməməzliyə vurmaq bu problemin yoxluğu anlamına gəlməz. Bu bölgədən olan azərbaycanlıların ən müxtəlif problemləri vaxtaşırı gündəmə gəlib, bundan sonra da gələcək. Belə problemlərdən biri də o insanların tarixi vətənlərinə qayıtması uğrunda mübarizəsi məsələsidir. Bu hüququ heç kəs, hətta dövlət belə o insanların əlindən ala bilməz”.
Bunu Modern.az-a  açıqlamasında Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli deyib. “Mübarizə formasına gəlincə, onlardan biri də Qərbi Azərbaycan Mühacirət Hökumətidir. Azərbaycanda belə hökumətin yaradılmasına son 25 ildə dəfələrlə təşəbbüs edilib, lakin baş tutmayıb, indi də ortada təşəbbüs var, alınmasa, sabah yeni təşəbbüs olacaq”.

Cəmiyyət sədri bildirdi ki, indiyə qədər mühacirət hökumətlərinin uğursuzluğa düçar olmasının bir sıra səbəbləri var: “Birincisi, bu hökumətin yaranması obyektiv əsasda yox, subyektiv əsasda baş verir. Yəni kimsə təşəbbüs irəli sürür və 10-15 nəfər yığılıb “hökumət” yaradır, bir ay-iki ay sonra da dağılıb gedir. Bunun dağılmaması üçün ilk növbədə onu yaradanları ən azı Qərbi azərbaycanlıların bir hissəsi dəstəkləməlidir. Yəni şəxsiyyət amili çox vacibdir. İkincisi, bu məsələdə güclü təşkilatçılıq və maliyyə lazımdır. Bunu da dövlətin dəstəyi olmadan heç kəs edə bilməz, heç bir kapital adamı da buna cəsarət etməz. Dövlət də bəzi siyasi amillərə görə, bu gün bunu istəmir. Müxalifət cəbhəsində də bu, mümkün deyil, çünki sadə Qərbi azərbaycanlıların böyük əksəriyyəti iqtidaryönlüdür. Gəlin bunu da etiraf edək. Deməli, bundan nə nəticə çıxır? O nəticə çıxır ki, Qərbi Azərbaycan Mühacirət Hökumətinin yaranması zəruridir, yaranacaq, amma o vaxt yaranacaq ki, ya dövlətdən lazımi dəstək olsun, ya da nə dövlətdən, nə də müxalifətdən asılı olmayan, onların ikisinə də qarşı dura biləcək üçüncü bir qüvvə kimi ortaya çıxsın. Onda həmin Hökumət siyasətçilərin əlində alətə çevrilməyəcək və öz ali məqsədi – tarixi torpaqlarımıza qayıtmaq üçün nəticəsi ola biləcək mübarizə aparacaq”.

Ə. Ələkbərli qeyd edib ki, indi yaranan yeni Qərbi Azərbaycan Mühacirət Hökumətinin bəzi üzvlərini tanıyır. “Bu günə qədər heç kəs mənə ora qoşulmaq təklifi etməyib, gələcəkdə bilmirəm, amma indiki halında belə bir təklif olsa da, mən ora qoşulmaram, çünki Qərbi azərbaycanlıların problemləri ilə bağlı işim çoxdur”.

Gülşən Raufqızı

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU