Modern.az

Elman Abdullayev: “Arzuolunmaz şəxslərin siyahısı Azərbaycanın xeyrinə olub”

Elman Abdullayev: “Arzuolunmaz şəxslərin siyahısı Azərbaycanın xeyrinə olub”

5 Fevral 2014, 13:12

“Arzuolunmaz şəxslərin siyahısı Azərbaycanın xeyrinə pozitiv trendlərin yaranmasına səbəb oldu. Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək istəyən şəxslər Azərbaycana tez-tez müraciət etməyə başlayıblar”.

Bunu Modern.az saytına Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O bildirib ki, aldadılaraq işğal olunmuş ərazilərimizə səfər edənlər adlarının “qara siyahı”dan çıxarılması xahişi ilə çıxış edirlər. XİN rəsmisi qeyd edib ki, bu cür müraciətlər artıb:

“Digər tərəfdən, ümumiyyətlə, Azərbaycanın işğal olunmuş ərazilərinə əvvəllər səfərlər planlaşdıran şəxslər bu gün həmin səfərlərdən çəkinirlər. Çünki Azərbaycanın ictimai diplomatiyası uğurlu addım atıb. Artıq beynəlxalq ictimaiyyət ciddi şəkildə məlumatlandırılıb ki, işğal altındakı ərazilərə səfər ilə bağlı Azərbaycan tərəfinin reaksiyası çox kəskin və həssasdır. Bunu da hamı dərk edir. Çalışırlar ki, regionun ən güclü və perspektivli ölkəsi olan Azərbaycanla münasibətləri qoruyub saxlasınlar”.

Onun sözlərinə görə, “qara siyahı”dan çıxarılmaq üçün müraciətlər olsa da, konkret ad çəkmək hələ tezdir:
“Məsələ ilə əlaqədar Azərbaycan tərəfinin qərarı olarsa, müraciətlərə baxılıb mətbuata açıqlama veriləcək”.

Qeyd edək ki, 2013-cü il avqustun 2-də Xarici İşlər Nazirliyi ölkənin işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş şəxslərin siyahısını açıqlayıb. Nazirliyin açıqladığı siyahıda 335 nəfərin adı var idi. Lakin Rusiya Dövlət Dumasının deputatı Aleksey Mitrofanov, “Amerikanın Səsi”nin Moskva bürosunun rəhbəri Ceyms Bruk, Cons Hopkins Universitetinin tələbələri İvan Benoviç və Nikolas Bondra, italiyalı müğənni Al Bano, Türkiyənin tanınmış jurnalisti, “Milliyet” qəzetinin yazarı və “CNN Türk”ün əməkdaşı Nagehan Alçının Azərbaycan hökumətinə müraciət edərək, baş verənlərdən peşmançılıq hissi keçirdiklərini bildirdiklərindən sonra adları sözügedən siyahıdan çıxarılıb.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU