“Azərbaycan indiyə qədər beynəlxalq öhdəliklərə sadiq qalaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları davam etdirib. Bundan artıq güzəşt, kompromis ola bilməz”.
Bunu Modern.az saytına Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib. O bildirib ki, Azərbaycan son zamanlar cəbhə xəttində yaşanan atışmalar zamanı da öz gücünü göstərdi. QAT sədrinin fikrincə, Azərbaycanın danışıqların davam etdirilməsinə dair şərt irəli sürməsinə baxmayaraq, mövcud vəziyyət hələ də qalır: “Azərbaycan tərəfi bildirdi ki, işğal olunmuş torpaqlarımızdan erməni silahlı qüvvələri çıxarılandan sonra danışıqlar davam edəcək. Mən Azərbaycanın bu mövqeyini müsbət qiymətləndirirəm. Çox gec olsa da, bu şərtin irəli sürülməsi yaxşı haldır”, - deyən A. Nağı bildirib ki, bu bəyanatın ardınca Azərbaycan məntiqlə hərbi əməliyyatlara start verməlidir. Onun sözlərinə görə, işğalçı Ermənistan Azərbaycanın haqlı tələblərini yerinə yetirmədiyindən hərbi əməliyyatların keçirilməsi zəruridir:
“Cəbhə xəttində baş verən son hadisələri Azərbaycan hakimiyyətinin beynəlxalq təşkilatlara və Ermənistana öz gücünü göstərməsi kimi dəyərləndirirəm. Bu, Azərbaycanın erməni təxribatına qarşı son xəbərdarlığı kimi qiymətləndirilə bilər. Bu gün beynəlxalq təşkilatların apardığı siyasət ondan ibarətdir ki, Azərbaycan mövcud reallıqla razılaşsın. Artıq bunun əlamətlərini də görmək olar. Rusiya mətbuatında ekspertlər vasitəsi ilə belə bir rəy yaratmağa çalışırlar. Bu ssenariləri dağıtmağın, sındırmağın bir yolu var. Azərbaycan hərbi əməliyyatlara başlamalıdır”.
Aqşin Kərimov