Modern.az

Adil Qeybulla: “Xərçəng xəstələrinin gerçək sayı rəsmi statistikadan böyükdür”

Adil Qeybulla: “Xərçəng xəstələrinin gerçək sayı rəsmi statistikadan böyükdür”

5 Fevral 2014, 15:09

Son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstələrin sayı artıb. Bu arada Dünya Səhiyyə Təşkilatının (WHO) hesabatına görə, gələcək 20 il ərzində dünyada xərçəng xəstəliyinə yaxalananların sayı 2 qat artacaq və hər il 13 milyon insan bu xəstəlikdən öləcək. 

Həkimlərin dediyinə görə isə xəstəlik daşıyıcıları ilə bağlı statistik rəqəmlər heç də həqiqəti əks etdirmir. Onkoloji xəstələrin sayı ilə bağlı açıqlanan rəqəmlərdən göstərilənlərdən dəfələrlə çoxdur.   

Tibb Universitetinin professoru Adil Qeybulla Modern.az-a deyilənləri təsdiqləyib. O, Səhiyyə Nazirliyinin açıqladığı rəqəmlər heç də həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, xəstəliyin dinamikasını aparmaq üçün ümumi nəzarət lazımdır.

A. Qeybullanın dediyinə görə, Dünya Səhiyyə Təşkilatının konkret protokolları və təklifləri var. “Bu gün Azərbaycana daxil olan ərzaq məhsullarının, dərman preparatlarının, suyun keyfiyyət göstəricilərində narahatlıqlar var. Bütün bunlar aparılan tədqiqatlar, müşahidələr, Milli Aerokosmik Agentliyin də apardığı tədqiqatlarında sübuta yetirilib. Azərbaycanın özünü ekoloji təmiz məhsullarla təmin etmək imkanı var. Amma təəssüflər olsun ki, ölkə bu imkanlardan yararlanmır. Azərbaycana daxil olan məhsullar genetik modifikasiya olunmuş məhsullardır. Ərzaq, dərman, suyun təhlükəsizliyi ərzaq təhlükəsizliyinin bir hissəsi olmalıdır. Odur ki, onkoloji xəstəliklərin sayının artmasını izləmək yox, qarşısının alınması üçün müəyyən addımlar atılmalıdır”.

Azərbaycanda da onkoloji xəstələrin sosial müdafiəsi ilə bağlı dövlət proqramının olmasının vacibliyini bildirən Adil Qeybulla həmin proqram çərçivəsində xəstələrin müalicəsi, reabilitasiyası həyata keçirilməli olduğunu söylədi.

Professor hesab edir ki, onkoloji xəstələrin sayı ilə bağlı statistik rəqəmlər daha böyükdür. Onun sözlərinə görə, xərçəng xəstələrinin böyük əksəriyyətini müalicə üçün İrana üz tutduğundan onların qeydiyyatı aparılmır və statistikadan geri qalır. “Xəstəliyə tutulanların böyük bir qismi müalicə üçün İran İslam respublikasına gedir. Belə olan halda onlar statistikada nəzərdən qaçır. Bundan başqa özəl klinikalarda müalicə keçənlər də rəqəmlərdən kənarda qalırlar. Odur ki, göstərilən statistika reallığı əks etdirmir.”

A. Qeybulla sonda onu da qeyd etdi ki, bütün dünyada olduğu kimi Azərbaycanda da qadınlar arasında süd vəzi, yumurtalıq, kişilərdə isə ağciyər və mədə xərçənginə tutulma halı daha çoxdur.

Gültəkin ƏLƏSGƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU