“Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas Modern.az saytına açıqlama verərək, bu il ərzində jurnalistlərin müstəqil həmkarlar ittifaqının yaradılacağını bildirib. Açıqlamadan belə nəticə çıxır ki, hazırda mövcud olan Jurnalistlərin Həmkarlar İttifaqına (JuHİ) alternativ qurumun yaradılması üçün hazırlıq prosesi gedir.
Məsələyə aydınlıq gətirən Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Modern.az bildirib ki, əslində məsələnin mahiyyəti başqadır:
“Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Nizamnaməsindən irəli gələn tələbləri yerinə yetirməsinə, jurnalistlərin sosial rifah halının yaxşılaşdırılması üçün ciddi fəaliyyət qurmasına, ölkə jurnalistlərinin beynəlxalq media qurumlarına inteqrasiya olunması yönündə mühüm töhfələr verməsinə baxmayaraq, JuHi-nin strukturlaşma (KİV redaksiyalarında ilkin həmkarlar təşkilatlarının yaradılması və onların Həmkarlar İttifaqının tərkibinə cəlb edilməsi) baxımından müəyyən problemləri var. Bu problem Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tərkibinə daxil olmasına və Konfederasiya tərkibində müstəqil sahə həmkarlar ittifaqı statusu almasına mane olur. Konfederasiya tərkibində müstəqil sahə həmkarlar ittifaqı statusu almadığımız üçün jurnalistləri sanator müalicə müəssisələrinə yollayışlarla təmin edə bilmirik. Hansı ki, jurnalistlərin bu yollayışlara ciddi ehtiyacları var. JuHİ-nin strukturlaşma probleminin aradan qaldırılması üçün müxtəlif səviyyələrdə çoxsaylı müzakirələr keçirilib. Məsələ dəfələrlə Mətbuat Şurasının İdarə Heyətində də müzakirə edilib. Şuranın İdarə Heyətində təmsil olunan redaktorlar bu məsələdə bizə yardım göstərməyə hazır olduqlarını bildiriblər. Təbii ki, vaxtaşırı olaraq prosesin hansı mərhələdə olduğu ilə də maraqlanıblar. Ötən həftə Mətbuat Şurasının sədri 2013-cü il üzrə hesabat toplantısı keçirəndə Tapdıq Abbas həmkarlar ittifaqının inkişafı yönündə hansı addımların atıldığını soruşdu. Əflatun müəllim bu barədə çıxış etmək üçün mənə söz verdi və mən də görülən işlər barədə lazımi məlumatı verdim. Hər kəs də razı qaldı. Qısaca qeyd edim ki, bu məsələdə ciddi irəliləyiş var və bu nailiyyətlərə əsaslanıb deyə bilərəm ki, əgər proses belə davam etsə, JuHİ-nin strukturlaşma məsələsi bu il öz həllini tapacaq. Razılaşmışıq ki, yaxın günlərdə Əflatun Amaşovla birgə mətbut konfransı keçirib proses barədə geniş məlumat verək”.
M.Ələsgərli deyib ki, bütün bunlar barədə, Mətbuat Şurasının İdarə Heyətinin üzvü olaraq Tapdıq Abbas da məlumatlıdır.
“ Tapdıq müəllim Modern.az saytına verdiyi açıqlamada “Bu il müstəqil həmkarlar ittifaqı qurulacaq” deyərkən bunları nəzərdə tutub. Mən onun fikirlərini dəqiqləşdirmək üçün telefonla bir daha əlaqə saxladım. Tapdıq müəllim də bunu təsdiq etdi”.
Modern.az