Modern.az

Elmlər Akademiyasında struktur dəyişikliyi və yeni təyinatlar oldu

Elmlər Akademiyasında struktur dəyişikliyi və yeni təyinatlar oldu

5 Fevral 2014, 22:26

Modern.az xəbər verir ki, AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatında idarəetmənin təkmilləşdirilməsi məqsədilə bir sıra struktur islahatları həyata keçirilib. Belə ki, Rəyasət Heyətinin qərarı ilə iki şöbənin statusu artırılaraq onların əsasında idarələr və üç yeni şöbə yaradılıb. Eyni zamanda Aspirantura və kadrlar şöbəsinin əsasında Təhsil və kadrlar şöbəsi, Katibliyin əsasında isə Ümumi şöbə yaradılıb.

AMEA Rəyasət Heyəti çoxsaylı tədbirlərin - Rəyasət Heyətinin iclaslarının, mətbuat konfranslarının və s. protokollaşdırılması, etibarlı saxlanması və arxivə təhvil verilməsi zəruriyyəti, bir struktur bölmə qarşısına qoyulan çoxsaylı vəzifə və funksiyaların həddən artıq olması, AMEA-da aparılan islahatlar nəticəsində sənədlər axınının artması, qəbul edilən qərarların, sərəncamların çoxluğunu və s. nəzərə alaraq, Mərkəzi Aparatın Ümumi şöbəsinin ləğv edilməsinə dair qərar qəbul edib. Əvəzində aparıcı struktur bölmə statusunda iki struktur bölmə - Katiblik və Protokol şöbəsi yaradılıb. AMEA Rəyasət Heyəti Katibliyinin və Protokol şöbəsinin Əsasnamələri təsdiq olunub.

Digər bir qərarla Katibliyin rəisi vəzifəsinə Rasimə Hüseynova, Protokol şöbəsinin rəisi isə Sevinc Həsənova təsdiq ediliblər.

AMEA-da digər dəyişiklik “Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzində olub.
Belə ki, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Şirindil Alışanlı “Elm” Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzinin direktoru vəzifəsindən azad edilib.

AMEA Rəyasət Heyətinin digər bir qərarı ilə bu vəzifəyə Hafiz Abıyev təsdiq olunub.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU