Modern.az

İstilik tarifləri aşağıdır - “Azəristiliktəchizat” rəhbərindən etiraz

İstilik tarifləri aşağıdır - “Azəristiliktəchizat” rəhbərindən etiraz

İqtisadiyyat

23 Aprel 2025, 15:46

Mövcud normativlərə əməl olunması təmin edilməlidir. 

Modern.az xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Birmənalı şəkildə yaşayış binalarının istilik və su təchizatı istilik yüklərinə uyğun olaraq qazanxanalar vasitəsilə yerinə yetirilməlidir. Müstəsna halda qazanxanalar tikilir. Düzdür bunun obyektiv səbəbləri mövcuddur, lakin ən azından qanunvericilik aktları qazanxanaların tikilməsini məcburi sayır. Binanın mütləq istilik təchizatı layihəsi olmalıdır.
2005-ci ildə Nazirlər Kabineti büdcədən maliyyələşən təşkilatlarla bağlı sərəncam verib. Büdcədən maliyyələşən təşkilatların, məktəb, bağça, səhiyyə ilə bağlı inzibati bina tikilərsə, mərkəzi istilik sistemi mütləq nəzərə alınmalıdır. Bunun layihəsi mütləq qaydada təmənnasız olaraq “Azəristiliktəchizat”la razılaşdırılmalıdır”, - deyə İlham Mirzəyev bildirib.

Onun sözlərinə görə, tariflər aşağıdır və “Azəristiliktəchizat” hazırda subsidiya ilə işləyir.

İ.Mirzəyev qeyd edib ki, buna görə də istənilən istilik təchizatı obyektinin “Azəristiliktəchizat”ın balansına verilməsi əlavə xərc olması ilə yanaşı, əlavə subsidiya tələb edir.

Sədr əvəzi vurğulayıb ki, subsidiyanın mərhələli şəkildə azaldılması istiqamətində addımlar atılır:

“2023-cü ildə Nazirlər Kabinetinin təsdiq etdiyi qərarla yaşayış sahəsi ümumi sahə ilə əvəzləndi. Bu artıq təsərrüfat üçün müəyyən qədər nəfəs almağa imkan verdi. Qərar gəlirlərin müəyyən qədər artmasına imkan verdi. Bu, hardasa bizə 2 milyona yaxın əlavə verdi. 2025-ci il yanvarın 1-dən tariflər 30 qəpik civarında məyyən olundu. Bu da gəlirlərin iki dəfə artımı deməkdir".

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər