Modern.az

“Bu mənim son xəbərdarlığımdır - bütün məmurlar bunu eşitsinlər”

“Bu mənim son xəbərdarlığımdır - bütün məmurlar bunu eşitsinlər”

6 Fevral 2014, 00:51

Modern.az saytı xəbər verir ki, fevralın 5-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfrans keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın yekununda bildirib ki, regionların  sosial-iqtisadi inkişafı üzrə ikinci Dövlət Proqramı başa çatıb. Birinci və ikinci Dövlət proqramları artıqlaması ilə yerinə yetirilib. İndi növbəti  5il üçün üçüncü Dövlət Proqramının qəbulu gözlənilir.

“Keçən il ölkə iqtisadiyyatına rekord həddə sərmayə qoyulmuşdur – 28 milyard dollar. Eyni zamanda, keçən il maaşlar, pensiyalar qaldırılmışdır. Sovet vaxtından qalmış əmanətlər qaytarılmışdır. Yəni, ölkə iqtisadiyyatına böyük investisiyalar qoyulmuşdur və dövriyyəyə böyük pul kütləsi buraxılmışdır. İnflyasiya cəmi 2,4 faiz artmışdır. Bu, onu göstərir ki, Azərbaycan iqtisadiyyatı sağlam iqtisadiyyatdır, makroiqtisadi sabitlik qorunur və əhalinin pul gəlirləri son 10 il ərzində inflyasiyanı daim üstələyirdi, bir neçə dəfə üstələyir”.

İlham Əliyev Azərbaucanın maliyyə vəziyyətilə bağlı bu gün heç bir problemin olmadığını, maliyyə sisteminin sağlam olduğunu qeyd edib.
“Bir sözlə, növbəti 5 il ərzində bizim kifayət qədər iqtisadi, maliyyə və texniki resurslarımız olacaqdır ki, üçüncü proqramı uğurla icra edək”.

Prezident deyib ki, növbəti 5 il ərzində infrastruktur layihələrinin icrası tam başa çatmalıdır.

“Elektrik xətləri yeniləşəcək, elektrik təsərrüfatı da müasirləşəcək, qazlaşdırma qeyd etdiyim kimi, ən azı 95 faizə çatmalıdır. İçməli su və kanalizasiya layihələri bütün şəhərlərdə başa çatmalıdır və əksər kəndləri də əhatə etməlidir. Burada rəqəmlər səsləndi ki, 10 il bundan əvvəl 26 faiz əhali 24 saat ərzində fasiləsiz su alırdısa, hazırda bu rəqəm 55 faizə çatıbdır. Ancaq 55 faiz də bizim üçün öyünməli rəqəm deyildir. Düzdür, Bakı şəhərində bu, daha da yüksək səviyyədədir. Bakıda 10 il bundan əvvəl cəmi 29 faiz əhali 24 saat ərzində su alırdısa, hazırda bu rəqəm 78 faizə çatmışdır. Ancaq Bakı kimi şəhərdə 100 faiz olmalıdır, bütün başqa şəhərlərdə də, həmçinin kəndlərdə də. Ona görə görüləsi işlər hələ çoxdur, infrastruktur layihələrinə vəsait nəzərdə tutulur. O cümlədən bu ilin investisiya proqramında kifayət qədər vəsait nəzərdə tutulur. Elektrik xətlərinin, elektrik təsərrüfatının, yenilənməsi, qazlaşdırma, su-kanalizasiya xətlərinin, kənd yollarının, şəhərlərarası yolların tikintisi davam etdiriləcəkdir. Bir sözlə, iqtisadiyyatın bu seqmenti əminəm ki, növbəti 5 il ərzində daha da böyük təkan alacaqdır. Beləliklə, qəbul ediləcək üçüncü proqramın həyata keçirilməsi nəticəsində bütün infrastruktur layihələri artıq tam şəkildə icra ediləcəkdir.
Su layihələrinə gəldikdə, “Azərsu” şirkətinin xətti ilə işlər görülür, eyni zamanda, artezian quyularının qazılması da böyük məna daşıyır. Keçən il 104 kənd artıq bu üsulla su ilə təmin edilibdir. Bu ilin əvvəlində imzaladığım Sərəncam əsasında vəsait ayrılmışdır ki, cari ildə əlavə 250 kənddə artezian quyuları qazılsın. Beləliklə, yüz minlərlə insan yeni su mənbələri ilə təmin ediləcəkdir. Çaylar boyu yerləşən kəndlərdə təmizləyici qurğular quraşdırılıbdır. Yüz minlərlə əhali artıq bu imkanlardan istifadə edir, bu il də investisiya proqramında bu, nəzərdə tutulub. Su, kanalizasiya problemlərini biz növbəti 5 il ərzində tam şəkildə icra etməliyik”.

Ölkə başçısı kənd təsərrüfatının inkişafının növbəti illərdə iqtisadi sahədə prioritet olaraq qalacağını vurğulayıb. Prezident deyib ki, bunun üçün Kənd Təsərrüfatı Nazirliyində struktur dəyişiklikləri aparılmalıdır.

“Buna böyük ehtiyac vardır. Bu yeni struktur müasir tələblərə cavab verməlidir. Sistem xarakterli islahatlara üstünlük verilməlidir. Kənd təsərrüfatının inkişafında ən müasir, mütərəqqi metodlar tətbiq edilməlidir. Dünyada bu sahədə böyük uğur qazanmış ölkələrin təcrübəsi öyrənilir, müxtəlif ölkələrə heyətlər ezam edilir, o təcrübə, texnologiya gətirilir ki, biz təbii imkanlarımızdan tam, səmərəli şəkildə istifadə edə bilək”.

İlham Əliyevin sözlərinə görə, fermerlərə subsidiyaların verilməsində tam şəffaflıq təmin edilməlidir.

“Mən keçən dəfə də, bir il bundan əvvəl də bu barədə danışmışam, bu gün də məcburam bu barədə öz fikirlərimi bildirim. Burada biz şəffaflığa nail olmamışıq. Şəffaflıq təmin edilmir və burada oturanlar bilirlər şəffaflıq nəyə görə təmin edilmir. Bu mənim son xəbərdarlığımdır. Subsidiyanın verilməsində tam şəkildə nəzarət-uçot sistemi yaradılmalıdır. Kənd Təsərrüfatı Nazirliyinə bu göstərişlər verilmişdir. Yerli icra orqanlarının nümayəndələri də burada öz müsbət rolunu oynamalıdırlar. Çünki bəzi hallarda subsidiyalar fermerlərə çatmır. Ona görə, konkret təkliflər veriləcəkdir və yeni müvafiq Sərəncam da imzalanacaqdır. Bu, kənd təsərrüfatının inkişafı ilə bağlı çox ciddi, islahatyönümlü Sərəncam olacaqdır. Bütün mərkəzi və yerli icra orqanlarının nümayəndələri bir daha demək istəyirəm ki, ümumi məqsədə xidmət etməlidirlər. Ümumi məqsəd şəffaflığı yaratmaq, kənd təsərrüfatını inkişaf etdirmək və fermer təsərrüfatlarına yardım etməkdir.
Fermerlərin əsas problemlərindən biri də istehsal etdikləri məhsulların satışı ilə bağlıdır. Dövlət burada da əlbəttə ki, öz yardımını göstərməlidir, göstərəcəkdir. Biz çalışmalıyıq ki, ilk növbədə, Azərbaycanda istehsal olunan məhsullar bazara çıxarılsın və burada aidiyyəti dövlət qurumları bu işləri tənzimləməlidirlər. Azərbaycanda istehsal olunan məhsullar ola-ola, qala-qala xaricdən məhsullar idxal edilir. Burada da ciddi nəzarət olmalıdır. Əgər biz özümüz bu məhsulu istehsal ediriksə, niyə onu xaricdən idxal etməliyik, niyə şərait yaratmalıyıq?! Hər bir dövlət öz bazarını qorumalıdır, qoruyur və Azərbaycan da bu yolla gedir. Bilirsiniz ki, biz hələ Dünya Ticarət Təşkilatına üzv olmamışıq, baxmayaraq bizi böyük təkidlə oraya dəvət edirlər. Demək olar, bu məsələ Azərbaycan qarşısında mütəmadi qaydada qaldırılır ki, nə üçün Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmur? Bunun səbəbləri vardır və səbəblərdən ən birincisi yerli istehsalçının müdafiəsidir, Azərbaycan bazarının qorunmasıdır. Biz ilk növbədə öz fermerlərimizə, şirkətlərimizə şərait yaratmalıyıq. Yoxsa biz öz bazarımızı, necə deyərlər, açsaq və buraya keyfiyyətsiz, ucuz xarici məhsullar sərbəst şəkildə buraxılsa, o zaman yerli istehsal öləcəkdir, kəndli zərər çəkəcəkdir. Ona görə, biz buna getmirik. Mən bu gün də demək istəyirəm ki, Dünya Ticarət Təşkilatına üzv olacağıq, ancaq nə vaxt, onu biz bilirik. O vaxt ki, Azərbaycanda həm kənd təsərrüfatında, həm sənaye sahəsində ixracyönümlü məhsullar üstünlük təşkil edəcəkdir, o vaxt biz Dünya Ticarət Təşkilatına üzv olacağıq və baxarıq görərik o vaxt bizi belə təkidlə oraya dəvət edəcəklər, yoxsa yox. Çünki Azərbaycan bazarı dinamik bazardır, böyüyən bazardır. Azərbaycan zəngin ölkəyə çevrilir, əhali artır. Əlbəttə ki, bu bazara, necə deyərlər, sərbəst gəlmək üçün böyük səylər göstərilir. Bir daha demək istəyirəm ki, yerli istehsalın gücləndirilməsi, idxaldan asılılığımızın azaldılması, ixracyönümlü məhsulların yetişdirilməsi prioritet məsələdir. Bu məsələlərin həllinə bütün dövlət qurumları kömək göstərməlidir.
Kənd təsərrüfatına yararlı torpaqlardan bəzi bölgələrdə təyinatı üzrə istifadə edilmir. Bu məsələyə də diqqət yetirilməlidir. Ərzağın keyfiyyəti daim diqqət mərkəzində olmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanda yetişdirilən kənd təsərrüfatı məhsulları təbiidir, keyfiyyətlidir. Biz burada kəmiyyət dalınca qaçmamalıyıq və bu təbii keyfiyyəti saxlamalıyıq.
Aqroparkların, logistika mərkəzlərinin yaradılması məsələlərinə diqqət yetirilməlidir. Həm Azərbaycanda, həm başqa ölkələrdə logistika mərkəzləri yaradılmalıdır və biz yeni istehlak bazarlarına çıxmalıyıq. Bu gün Azərbaycan artıq öz kənd təsərrüfatı məhsullarını ixrac edir və gələcəkdə bu, daha da böyük rəqəmlərlə ölçüləcəkdir. Ona görə, yeni bazarlara çıxışı təmin etmək vacib məsələdir. Bir sözlə, Azərbaycanda ərzaq təhlükəsizliyi 100 faiz daxili istehsal hesabına təmin edilməlidir. Son illərdə biz özümüzü əsas ərzaq məhsulları ilə böyük dərəcədə təmin edə bilmişik. Ancaq hələ ki, buna tam şəkildə nail olmamışıq. Mən bəzi rəqəmləri gətirmək istəyirəm. Ət və ət məhsullarının özünütəminetmə səviyyəsi 94 faizdir, quş əti 92 faizdir. Bax, bu sahədə çox böyük irəliləyiş olubdur. Ona görə ki, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə quş fabriklərinin yaradılmasına böyük kreditlər verilmişdir. Özümüzü yumurta ilə 96,5 faiz, süd və süd məhsulları ilə 75 faiz, taxılla 65 faiz, üzümlə 94 faiz, kartofla 98 faiz, bostan məhsulları ilə 100 faiz təmin edirik. Meyvə və giləmeyvə 126 faiz, yəni, böyük ixrac potensialımız da vardır. Tərəvəz 100 faiz, duz 72 faiz, şəkər və şəkərdən hazırlanan məhsullar 174 faiz, - bu, ən böyük ixrac potensialımızdır, - bitki yağları və marqarin 70 faiz, kərə yağı 50 faiz.
Bax, bu cədvəldən açıq-aydın görünür, biz növbəti illərdə hansı sahələrə üstünlük verməliyik ki, burada bütün rəqəmlər 100 faizdən aşağı olmasın və buna nail ola bilərik. Ona görə də burada süd və süd məhsullarının 75 faiz səviyyəsində istehsalı əlbəttə ki, bizi qane edə bilməz. Bu, 100 faiz olmalıdır. Dövlət qurumları və sahibkarlar bu istiqamətə daha da ciddi diqqət yetirməlidirlər. Azərbaycanda kərə yağı da, bitki yağları da az istehsal edilir. Artıq bu cədvəldən hər şey görünür. Bu cədvəl həm dövlət orqanları, həm də sahibkarlar üçün bir yol xəritəsi olmalıdır. Mən hər il bu rəqəmləri səsləndirirəm, bəzi məhsullar üzrə irəliləyiş vardır. Amma bəzi sahələr üzrə əvvəlki illə builki vəziyyət eynidir. Xüsusilə, kərə yağı, meyvə, giləmeyvə, bostan məhsulları, bax bu sahələrdə istehsal artmayıb”.

Prezident sahibkarlığın inkişafı ilə bağlı dövlət dəstəyinin davam edəcəyini vurğulayıb. İlham Əliyevin sözlərinə görə, artıq vaxt gəlib çatıb ki, banklar iqtisadiyyatın real sektoruna daha çox maliyyə resursları ayırsınlar.

“Hazırda belə deyildir. Ancaq bankların funksiyalarından biri də ondan ibarətdir ki, ölkə iqtisadiyyatına daha da böyük təkan versinlər. Xüsusilə, dövlət də bank sektorunun inkişafına böyük dəstək verir. Əhali tərəfindən banklara inamın artırılması üçün dövlət çox böyük tədbirlər görmüşdür. Bilirsiniz ki, əmanətlər sığortalanır və bu addım banklara inamı böyük dərəcədə artırmışdır. Ona görə, banklar da öz sosial məsuliyyətini dərk etməlidirlər və iqtisadiyyatın real sektoruna kredit şəklində daha çox vəsait ayırmalıdırlar”.


Ölkə başçısı onu da vurğulayıb ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə bundan sonra da ən ciddi şəkildə davam etdiriləcək.

“Bu, böyük sosial bəladır, böyük yaradır. Korrupsiyanın, rüşvətxorluğun aradan qaldırılması üçün Azərbaycan dövləti əlindən gələni edir. Rüşvətxorluq üçün meydan daralır. Sistem xarakterli tədbirlər görülür, islahatlar aparılır. Eyni zamanda, inzibati metodlar, cəza tədbirləri də görülür və görüləcəkdir. Ancaq hesab edirəm ki, burada sistem xarakterli tədbirlər daha da böyük səmərə verəcəkdir. Mən “ASAN xidmət”in fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Cəmi bir il ərzində “ASAN xidmət”ə bir milyon müraciət olmuşdur. Tam şəffaflıq təmin edilibdir, mədəni xidmət və Azərbaycan vətəndaşına layiq olan hörmət göstərilir. Ona görə “ASAN xidmət”in funksiyaları bundan sonra da genişlənəcəkdir. Bütün insanlarla birbaşa ünsiyyətdə olan qurumlar da bu prinsiplərlə yaşamalıdırlar.
Əminəm ki, növbəti illərdə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizəmiz daha da gözəl nəticələr verəcəkdir. Bunu deməyə əsas verən görülən işlərdir, aparılan islahatlardır və güclü siyasi iradəmizdir. Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa yer olmamalıdır. Bütün dövlət məmurları bunu eşitsinlər, bilsinlər və elə işləsinlər ki, həmişə dövlət və xalq qarşısında alnıaçıq, üzüağ olsunlar.
Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax, budur əsas prinsiplər. Hər bir dövlət məmurundan tələb edirəm ki, bu prinsiplərə əməl etsin.
Biz güclü dövlət qurmuşuq. Bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir dövlətdir. Təsadüfi deyildir ki, BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilərkən dünya birliyinin böyük əksəriyyəti bizim namizədliyimizi dəstəkləmişdir -155 ölkə, dünya birliyinin üçdə iki hissəsi.
Biz güclü iqtisadiyyat qurmuşuq. Qısa müddət ərzində rəqabətqabiliyyətliliyinə görə 39-cu yerə qalxmışıq. Son 10 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır və bu, rekord göstəricidir, analoqu olmayan inkişafdır.
Bizim daxili vəziyyətimiz çox sabitdir. Sabitlik qorunur. Sabitliyi qoruyan əsas şərtlər xalqla iqtidar arasındakı birlikdir, xalqın gördüyümüz işlərə dəstəyidir, inamıdır. Budur sabitliyi şərtləndirən əsas amil. Daxili vəziyyət sabitdir. Xaricdən olan bəzi təzyiqlər görürsünüz ki, heç bir səmərə vermir. Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər yenə də rəzil olurlar. Son prezident seçkiləri də bunu göstərdi. Xalqın böyük əksəriyyəti onların çirkin kampaniyasına uymadı. Xalq reallığa, inandığı adama səs verdi. Ona görə, xaricdən ianə alan, vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur. Bunu son seçkilər də göstərdi. Son seçkilər müxalifətin sonu idi. Bu, onların rəzalət zirvəsi idi.
Bütün bu amillər ola-ola biz korrupsiyaya, rüşvətxorluğa niyə göz yummalıyıq?! Niyə bu yara bizi içimizdən sarsıtsın, niyə bu yara bizi zəhərləsin?! Ona görə, mən deyirəm ki, hər kəs nəticə çıxarsın. Cəza tədbirləri görülür, görüləcəkdir. Burada heç kimdə immunitet yoxdur, olmayacaqdır. Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Ona görə, mən bir daha bunu demək istəyirəm ki, növbəti illərdə də rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Kimsə nəticə çıxarmayıbsa, nəticə çıxarsın. Növbəti beş il ərzində Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi