Modern.az

“Dövlətqaçqınkom”: “Köçkünlərin xeyli hissəsi hələ də yararsız yerlərdə yaşayırlar”

“Dövlətqaçqınkom”: “Köçkünlərin xeyli hissəsi hələ də yararsız yerlərdə yaşayırlar”

6 Fevral 2014, 11:03


“İndiyədək 40 min ailə və ya 180 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb”. Bunu Modern.az-a Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib. “2013-cü ildə Bakı Dövlət Universitetinin yataqxanalarından və 9-cu mikrorayondakı Təcili Tibbi Yardım Stansiyasının tikintisi yarımçıq qalmış binasından Müşfiqabad qəsəbəsinə 1440 ailə köçürülüb. Mingəçevir şəhərində 502 ailə yeni yaşayış kompleksində, Neft Akademiyasının yataqxanalarında müvəqqəti məskunlaşmış 760 ailə isə Masazır qəsəbəsində yerləşdirilib. Qəbələ rayonunda 155 ailə, Bərdədə 870 ailə, İsmayıllı rayonunda 45 ailə, İmişli rayonunda 225 ailə köçürülüb”.

E. Qədimovun sözlərinə görə, dövlət büdcəsindən 2013-cü il üçün yemək xərci müavinətinin ödənilməsi məqsədi ilə ayrılmış 113,4 milyon manat vəsait məcburi köçkünlərə bankomatlar vasitəsilə verilib.
“Nazirlik, komitə, şirkət, konsern və səhmdar cəmiyyətlər tərəfindən bayramlar ərəfəsində məcburi köçkünlərə 5 milyon manat həcmində müxtəlif yardımlar göstərilib. Beləliklə, 2013-cü ildə 28.700 nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb”.

Komitə nümayəndəsi bildirdi ki, həyata keçirilən tədbirlərə baxmayaraq, məcburi köçkünlərin xeyli hissəsi hələ də yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda, sağlamlıq düşərgələrində və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayır və bir çox sosial problemlərlə üzləşirlər. “Bunun aradan qaldırılması üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Gülşən Raufqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU