Misirin müdafiə naziri, feldmarşal Abdel-Fəttah əl-Sisi prezidentliyə namizəd olmağa razılaşıb. Modern.az saytı xarici KİV-ə istinadən verdiyi xəbərə görə, əl-Sisi bəyan edib ki, onun xalqın tələbini yerinə yetirməkdən başqa seçimi yoxdur və bu səbəbdən prezidentliyə namizədliyini irəli sürəcək. Yanvarın axırlarında Misir silahlı qüvvələrinin Ali Şurası əl-Sisiyə prezidentliyə namizədliyini irəli sürməsi ilə bağlı müraciət edib. O vaxt bildirilirdi ki, müdafiə naziri qərarını yaxın günlərdə verəcək. Misirdə prezident seçkiləri aprel ayının sonlarında keçiriləcək. Namizədlərin qeydiyyata alınması fevralın 18-də başlayacaq.
Misir hərbçiləri əl-Sisinin komandanlığı ilə 2013-cü ilin iyul ayında 2012-ci ilin iyun ayından prezident postunu tutan Məhəmməd Mursini hakimiyyətdən uzaqlaşdırıblar.
Modern.az