Modern.az

Partiyalar Ramiz Mehdiyevin Facebook-a gəlməsindən razıdır -MÖVQE

Partiyalar Ramiz Mehdiyevin Facebook-a gəlməsindən razıdır -MÖVQE

6 Fevral 2014, 16:06

Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin  facebook sosial şəbəkəsində səhifə yaradıb. Modern.az R. Mehdiyevin bu addımı ilə bağlı partiyalar arasında sorğu keçirərək onların məsələyə münasibətini öyrənib.

  Hakim Yeni Azərbaycan Partiyası (YAP) Prezident Administrasiyasının sosial şəbəkələrə qoşulmasını yüksək səviyyəli bir addım hesab edir. YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov mövzu ilə əlaqədar bunları deyib: “Bütün müasir texnologiyalardan istifadə qaydaları vacibdir. Vətəndaşlarla birbaşa ünsiyyət qurulması, vətəndaşların verdiyi sualların cavablandırılması daha effektiv şəkildə öz əksini tapacaq. Bir neçə gündür ki, aktiv şəkildə proseslər həyata keçirilir. Mən bunu çox yüksək qiymətləndirirəm və təqdirə layiq hesab edirəm. Hörmətli Ramiz müəllimin prezidentin çıxışına istinad edərək məmurlara vətəndaşlarla münasibətin yaxşı qurulması tövsiyələrinin verilməsinin şahidi olduq. Bu bir daha göstərir ki, Azərbaycan dövləti üçün həmişə xalqın rifah halının yaxşılaşdırılması, məmurların təmiz işləməsi, onların regionlarda hörmət qazanması həmişə ön planda olub və bundan sonra da belə davam edəcək”-eyə YAP funksioneri qeyd edib.   

ADP sədri Sərdar Cəlaloğlu da R. Mehdiyevin sosial şəbəkələrdə iştirakını müsbət dəyərləndirir. “Hakimiyyətin də virtual şəbəkədən istifadə metodları düzgündür. Bu, müasir dövrün tələblərinə də uyğundur. İnteraktiv əlaqələr olarsa, vətəndaşların şikayətlərinə də aktiv şəkildə baxılacaq”.   

AMİP sədri Yusif Bağırzadə də məsələni yaxşı hal kimi qiymətləndirir. “Ramiz Mehdiyevin səlahiyyətləri çoxdur  və tutduğu vəzifə kifayət qədər yüksək postdur. Bu gün nazirliklərdən , məmurlardan şikayətlər daha çox olur. Fikrimcə Ramiz Mehdiyevin sosial şəbəkəyə qoşulması məsələlərə, problemlərə obyektiv baxılmasına və onların tez həll olunmasına köməklik göstərəcək”.  

Lakin YAP, ADP, AMİP-dən  fərqli olaraq aparıcı müxalifət partiyaları olan Müsavat və AXCP məsələyə tənqidi yanaşır. 

Müsavat başqanının müavini Gülağa Aslanlı hesab edir ki, bu, Azərbaycan hakimiyyətinin şəffaf olması anlamına gəlmir. “Sadəcə olaraq dünya ölkələri rəhbərlərinin bir neçə il bundan əvvəl etdiklərini təqlid edirlər. Azərbaycan hakimiyyəti heç vaxt şəffaf ola bilməz. Çünki şəffaf olsa,  onun bir çox eyibləri açıq şəkildə ortaya çıxar.  

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı administrasiya rəhbərinin bu addımının müsbət nəticələnməyəcəyini bildirib. “Onların məqsədi cəmiyyətdə gedən prosesləri, sosial şəbəkələrdə aparılan müzakirələri birbaşa müşahidə edərək məlumat toplamaq xarakteri daşıyır. Burda hər hansı pozitiv məqsəd güdülmür. Əsas məqsəd hakimiyyət və onun maraqları üçün təhlükəli tendensiyaları izləməyə xidmət edir. Burda müsbət məqam axtarmağa əsas yoxdur”.  

 

 

  Aqşin Kərimov  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU