İran prezidenti Həsən Ruhani Türkiyədə məlum rüşvət və korrupsiya əməliyyatlarında adı keçən Babək Zəncani haqqında açıqlama verib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İran dövlət televiziyasına bu haqda danışan Ruhani məsələni anlamaqda çətinlik çəkdiyini bildirib: “Niyə görə bu qədər neft və külli miqdarda pul bir şəxsə verilib? Bunu anlamaqda çətinlik çəkirəm. Rəqəm çox böyükdür. Bu pul ölkənin bir aylıq gəlirinə bərabərdir.
Prezident Rza Zərrabın “rəisi” Zəncaninin həbs olunmasını da əsaslandırıb. Onun sözlərinə görə, İranın apardığı araşdırmalar nəticəsində Zəncaninin dələduzluq etməsi üzə çıxıb: “Bu adam pulların gah bu bankda gah da digər banklarda olduğunu söyləyirdi. Aparılan ətraflı araşdırmalardan sonra məlum oldu ki, deyilənlər hamısı yalandır. Məsələnin belə olduğunu gördükdə birinci müavinimdən korrupsiya faktlarının araşdırılmasını tələb etdim”.Qeyd edək ki, Zəncani İran prezidentinin təlimatı ilə 2013-cü il dekabrın 30-da həbs olunub. Zəncaninin Türkiyədə başlanan rüşvət və korrupsiya əməliyyatlarında həbs olunan Rza Zərrabın ortağı olduğu iddia edilir.
Aqşin Kərimov