Modern.az

AzərTAc-in iştirak etdiyi beynəlxalq sorğuda Putin “ilin adamı” ELAN edilib

AzərTAc-in iştirak etdiyi beynəlxalq sorğuda Putin “ilin adamı” ELAN edilib

6 Fevral 2014, 17:11


Rusiyanın İTAR-TASS Agentliyi 2013-cü ilin 1 nömrəli siyasətçisinin, 1 nömrəli elm adamının və 1 nömrəli mədəniyyət xadiminin müəyyənləşdirilməsi üçün dünyanın nüfuzlu informasiya agentlikləri və internet resursları arasında sorğu keçirib.
Sorğu ilə bağlı aparıcı beynəlxalq və regional birliklərin, informasiya agentlikləri alyanslarının rəhbərlərindən ibarət Beynəlxalq Ekspert Şurasının fevralın 5-də Moskvada iclası olub. Bir saatdan çox davam edən iclasda Ekspert Şurasının üzvləri – İTAR-TASS Agentliyinin Baş direktoru, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) prezidenti, MDB İnformasiya Şurasının sədri Sergey Mixaylov, Azərbaycan Dövlət Teleqraf Agentliyi -AzərTAc-ın Baş direktoru, OANA-nın vitse-prezidenti Aslan Aslanov, Xəbər Agentliklərinin Dünya Konqresinin Baş katibi Uve Sorensen (Danimarka), Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Baş katibi Erik Naylen (İsveç), Bolqarıstanın BTA Agentliyinin Baş direktoru, BSANNA-nın vitse-prezidenti Maksim Minçev, Vyetnam İnformasiya Agentliyi Baş direktorunun birinci müavini Le Zui Çuen, İTAR-TASS Agentliyi Baş direktorunun birinci müavini Mixail Qusman iştirak edib.
Sonra iclasın yekunlarına dair mətbuat konfransı keçirilib. İTAR-TASS-ın Baş direktoru Sergey Mixaylov mətbuat konfransını açaraq bildirib ki, sorğuda bütün beynəlxalq və regional informasiya agentlikləri birlikləri, o cümlədən EANA, OANA, FANA, BSANNA iştirak edib. Peşəkar xəbər media birliyinin üzvləri arasında ilk dəfə keçirilən bu sorğunun suallarını dünyanın 84 ölkəsindən 265 informasiya agentliyi və internet resursu cavablandırıb. 2013-cü ilin ümumdünya reytinqinə 175 informasiya agentliyi və KİV-i 230 görkəmli siyasi xadimin, elm və mədəniyyət sahəsində tanınmış 230 şəxsin namizədliyini təklif edib. Sorğunun nəticələri Beynəlxalq Ekspert Şurası üzvlərinə təqdim olunub.

Qlobal media birliyinin rəyinə əsasən, Rusiya Prezidenti Vladimir Putin 2013-cü ilin “1 nömrəli dünya siyasətçisi” seçilib. Növbəti yerləri Roma Papası Fransisk, AFR Kansleri Angela Merkel, ABŞ Prezidenti Barak Obama və başqaları tutub.
Dünyanın elm adamları arasında birinci yerə 2013-cü ilin Nobel mükafatı laureatı, britaniyalı alim Piter Hiqqs layiq görülüb. Bu nominasiyada ən çox adları çəkilənlər sırasında Nobel mükafatı laureatları Fransua Enqler (Belçika) və Rendi Şekman (ABŞ) olub.

Sorğuda adı çəkilən 106 mədəniyyət xadimi arasında Nobel mükafatı laureatı, Kanada yazıçısı Elis Munro qalib gəlib. Xəbər agentlikləri və KİV-lər 2013-cü ildə, həmçinin Valeri Georgiyev (Rusiya) və Malala Yusifzayın (Pakistan) xidmətlərini də qeyd ediblər.
Sorğunun qaliblərinə Beynəlxalq Ekspert Şurasının və İTAR-TASS-ın adından xatirə nişanları təqdim olunacaq.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU