Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat xidmətinin bu ali məzunu ilə bağlı yayılmış məlumatla bağlı açıqlama verib.
Açıqlamada bildirilir ki, Azərbaycan Dövlət İqtisad Universiteti ANS TV və digər KİV-lərdə yayayımlanan dəqiqləşdirilməmiş məlumatlarla əlaqədar olaraq təəssüf hissini bildirir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
“Sözügedən Şərifov Rüfət Sahib oğlu 2009-cu ildə ADİU-da ikinci ali təhsil almaq üçün müvafiq sənədlərini, o cümlədən Gəncə Dövlət Universiteti tərəfindən verilmiş 2009-cu il tarixli, B 134282 nömrəli diplomun notarial qaydada təsdiq olunmuş surətini təqdim edib. Onun ərizəsinə müsabiqə komissiyası tərəfindən baxılıb və Maliyyə fakültəsinin qiyabi şöbəsinə qəbul edilməsi məqsədəuyğun hesab edilib. Təhsil aldığı müddət ərzində o, təhsil haqqını tam ödəyib, tədris proqramlarının bütün tələblərini yerinə yetirib və 2011/2012-ci tədris ilində təhsilini başa vurub.
Əsasnaməyə müvafiq olaraq, yekun attestasiyadan keçən tələbələrə diplom verilməsi üçün onların şəxsi işləri, o cümlədən ikinci ali təhsil alanların sənədləri (birinci ali təhsili haqqında aldıqları diplomlar da əlavə olunmaqla) yoxlanılmaq üçün Təhsil Nazirliyinin müvafiq qurumlarına təqdim edilir. Yoxlama zamanı Şərifov Rüfət Sahib oğluna Gəncə Dövlət Universiteti tərəfindən verilmiş diplomun saxta olduğu müəyyən edilib. Bu səbəbdən Şərifov Rüfət Sahib oğluna ADİU-nun ikinci ali təhsili bitirməsi haqqında diplom verilməyib və bu barədə universitetin rəhbərliyi 29 aprel 2013-cü il tarixli məktubu ilə Təhsil Nazirliyinə, həmçinin R.Şərifova və onun valideynlərinə məlumat verib. Eləcə də, univerisitetin rəhbərliyi 29 may 2013-cü il tarixli məktubu ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək bu məsələnin araşdırılmasını xahiş edib.
Nəzərinizə çatdırırıq ki, Azərbaycan Dövlət İqtisad Universitetinin bütün aidiyyəti qurumları bu məsələdə mövcud olan qanunvericilik, normativ-hüquqi sənədlər əsasında fəaliyyət göstərib”.
ADİU-nun mətbuat xidməti bu məsələ ilə bağlı ictimaiyyətə dəqiq, dolğun və həqiqətəuyğun məlumatları çatdırmasını xahiş edib.
Modern.az