Modern.az

Deputat Seçki Məcəlləsinə dəyişiklik edilməsinin tərəfdarıdır

Deputat Seçki Məcəlləsinə dəyişiklik edilməsinin tərəfdarıdır

7 Fevral 2014, 09:38

On dörd ildən artıq yaşı olan bələdiyyələrin Azərbaycanda hələ də müstəqil yerli özünüidarə orqanı kimi formalaşa bilməməsi faktı ortadadır.

 

Siyasi dairələr məsələdən çıxış yolu kimi bələdiyyələrin səlahiyyətlərinin artırılması, onların maliyyə mənbələrinin gücləndirilməsi təklifi ilə çıxış edirlər. Millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edilməli və onların statusu artırılmalıdır: “Bələdiyyələr tam səlahiyyətli özünüidarə qurumuna çevrilməlidir. Bakı, Gəncə, Sumqayıt və digər şəhər tipli rayonların hamısında bələdiyyə sədrləri birbaşa xalq tərəfindən seçilməli, bələdiyyə məclisləri də xalq tərəfindən formalaşdırılmalıdır. Bələdiyyələrin statusu artırılmasa bu qurumun yerli özünüidarə orqanı kimi heç bir əhəmiyyəti olmayacaq. İndi faktiki olaraq bələdiyyələr lazımsız, gərəksiz bir quruma çevrilib. Hətta yerlərdə seçilmiş bələdiyyə üzvlərinin nədən ötrü seçildikləri, hansı işlərlə məşğul olmaları barədə məlumat yoxdur. Bələdiyyələrin faktiki olaraq nə büdcəsinin formalaşdırılması, nə səlahiyyət hədləri, nə də içtimai təsir imkanları, hətta cari işləri görmək imkanları belə yoxdur. Ona görə hesab edirəm ki, bu il bələdiyyə seçkiləri ili olduğuna görə, bu qurumun statusu dəyişdirilməli, şəhər bələdiyyələrinə birbaşa seçim imkanı verilməlidir. Bu proseslərdə iştirak üçün həm siyasi institutların, həm də əhalinin marağı artırılmalıdır. Eyni zamanda, bələdiyyələr bir institut kimi ölkənin həyatında ciddi şəkildə iştirak etməlidirlər. Mənzil kommunal təsərrüfatı birliklərindən tutmuş xidmət sahələrinin bütün sektorlarının hamısı bələdiyyələrə verilməli, onların büdcəsinin formalaşdırılmasının yeni imkanları araşdırılmalı, torpaq vergisi tipli veregilərin böyük əksəriyyəti bələdiyyə sektoruna tabe edilməlidir”.

Millət vəkilinin sözlərinə görə, bələdiyyələrin statusu ilə yanaşı, Seçki Məcəlləsinə də dəyişiklik edilməli, bələdiyyə seşkilərində iştirak edən partiyalar üçün yeni kvotalar müəyyənləşdirilməlidir: “İndiki Seçki Məcəlləsinə görə bələdiyyələrin üçdə biri qədər namizəd verən partiyalar efir vasitələri əldə edir və efir vaxtından istifadə edirlər. Bu da dairə seçki komissiyalarına “imkan” yaradır ki, namizəd olmuş şəxslərin böyük əksəriyyətini qeydə almasınlar ki, bu efir vaxtından istifadə edilməsin. Hesab edirəm ki, qeydə alma məsələlərini süni şəkildə əngəlləyən, namizədlərin qeydiyyatına sədd çəkən müddəalar ləğv olunmalıdır”.

Onun fikrincə, əgər siyasi partiya bələdiyyəyə, parlamentə namizəd verirsə, dövlət tərəfindən qeydə alınan və dövlət tərəfindən maliyyələşdirilən partiyaların verdikləri namizədlər imzatoplama mərhələsindən azad olunmalıdır: “Siyasi institut, dövlət tərəfindən qeydə alınmış partiya namizədlərinin irəli sürülməsini öz Məclisi və yaxud digər siyasi strukturlarında təsdiq edirsə, onun yerlərdə əlavə imza poplamasına ehtiyac yoxdur. Kim namizədliyini müstəqil şəkildə irəli sürürsə, seçkilərdə fərdi qaydada iştirak edirsə, təşəbbüs qrupu yaratsın, imza toplasın və sair. Amma siyasi partiya bu işi həyata keçirsə, onun bu prosesdə üstünlükləri nəzərə alınmalıdır”.

  Onun sözlərinə görə, bələdiyyə seçkilərində fərdi qaydada iştirak etmək istəyən şəxs bir ərizə verərək 15-150 imza toplayaraq təhvil verir: “Partiyadan namizədliyi irəli sürülən şəxsdən isə məhz namizədliyinin partiya tərəfindən irəli sürülməsini təsdiq edən onlarla sənəd təqdim edir. Bu sıraya notarial qaydada təsdiq olunmuş, Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş sənədlərdən tutmuş partiyaların məclislərinin qərarları, onun təsdiq olunması, vəkalətnamə kimi sənədlər daxildir. Əgər bütün bunların hamısını bir siyasi institut həyata keçirirsə nədən onun irəli sürdüyü namizəd yenidən gedib yerlərdə imza toplamalıdır. Siyasi partiyanın qeydə alınma prosesinin özü onun bələdiyyə seçkilərində iştirak etməsi üçün kifayət qədər şərait yaradır. Bu baxımdan sadalanan problemlər aradan qaldırılmalı və siyasi partiyaların proseslərdə iştirakı üçün daha optimal şərait yaradılmalıdır”.

 

 

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi