Modern.az

“Hökumət mediada korrupsiya ilə bağlı yayılan məlumatlara biganədir”

“Hökumət mediada korrupsiya ilə bağlı yayılan məlumatlara biganədir”

7 Fevral 2014, 11:01


“2013-cü ildə Korrupsiya Qavrama İndeksində (KQİ) Azərbaycan 28 balla 177 ölkə arasında 127-ci sırada yer alıb”. Bunu Modern.az-a “Transparency International”ın Azərbaycan milli bölməsi – “Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva bildirib.

“Son iki ildə bu indeks yeni qaydada hazırlanır. Əgər əvvəlki illərdə xallar 10 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyənləşdirilirdisə, ötən ildən 100 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir”. 

R. Səfərəliyevanın sözlərinə görə, KQİ-nin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatın göstəriciləri nəzərə alınıb. Azərbaycanla bağlı isə 6 mənbənin məlumatlarından istifadə olunub.

“Azərbaycan indeksə daxil edildiyi dövrdən, yəni 2000-ci ildən bu yana ilk dəfədir ki, bu qədər yüksək nəticə qeydə alınır. Bunun əsas səbəbi isə iqtisadi göstəricilərlə bağlıdır. Çünki Dünya İqtisadi Forumunun 2012-2013-cü illər üçün olan Rəqabətlilik İndeksində Azərbaycan xeyli irəliləyib. Əgər 2011-2012-ci illər üzrə hesabatda Azərbaycan 142 ölkə arasında 55-ci sırada yer almışdısa, bu dəfə mövqelərini yaxşılaşdıraraq 144 ölkə arasında 46-cı sıraya yüksəlib. Keçən illə müqayisədə Azərbaycanın ən yaxşı artım göstəricisi ticarət bazarı, innovasiya potensialı, texnoloji səviyyə, makroiqtisadi sabitlik göstəriciləri üzrə qeydə alınıb. Bütün bu məqamlar dolayısı ilə KQİ-də ölkənin göstəricisinin artmasına gətirib, çıxarıb. İndeks hazırlanarkən istinad olunan mənbələrdən digəri “Freedom” House təşkilatının  2013-cü il üzrə “Nations in Transit” İndeksində isə ölkənin göstəricisi aşağı düşüb”.

İcraçı direktor deyir ki, KQİ “Transparency International” təşkilatının 1995-ci ildən etibarən dərc etdiyi ən başlıca hesabatlardan biridir.

“Nəzərə almaq lazımdır ki, KQİ dövlət sektorunda mövcud olan korrupsiya haqqında təsəvvürlərə əsasən hazırlanır və bu indeks heç bir halda ölkədə korrupsiyanın tam səviyyəsini müəyyən etmir. Azərbaycanda korrupsiyaya qarşı mübarizə istiqamətində bir sıra mühüm addımlar atılıb, xüsusən antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və mövcud beynəlxalq konvensiyaların müddəalarına uyğunlaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib. 2012-2015-ci illər üzrə Milli Fəaliyyət Planında korrupsiyaya qarşı mübarizəyə dair vəzifələr 34%-i icra olunub”.

R. Səfərəliyeva qeyd edib ki, bütün bunlarla bərabər, ötən dövrdə elektron xidmətlərlə bağlı ictimaiyyətin gözləntiləri özünü tam mənada doğrultmayıb. Elektron xidmətin keyfiyyətində ciddi nöqsanlar müşahidə edilir.

“Məsələn, Dövlət Sosial Müdafiəyə Fondunun sığorta olunan şəxslərin onlayn qeydiyyata alınması, avtomobillərin dövlət qeydiyyat nişanının sifariş verilməsi, malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron Gömrük Bəyannaməsinin qəbulu və s. hələ qalmaqdadır. Üstəlik, mediada korrupsiya faktları ilə bağlı yayılan məlumatlara biganə münasibət bəslənir”.

“Şəffaflıq Azərbaycan”ın rəhbəri bildirib ki, korrupsiya faktı ilə bağlı şikayətlə müraciət etmək istəyən şəxslərin təhlükəsizliyini təmin etmək üçün addımlar atılmalıdır. Bütün bunlarla yanaşı, büdcə vəsaitlərinin xərclənməsi, dövlət satınalmalarının həyata keçirilməsi zamanı şəffaflığın və hesabatlılığın təmin edilməsi vacibdir”.

Gülşən Raufqızı

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU