Bu gün Yasamal rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Milli Qəhrəman, polis kapitan İlqar İsmayılovun həyat və döyüş yollarından bəhs edən “Ölümsüz qəhrəman” sənədli filminin təqdimatı keçirilib. Modern.az-ın məlumatına görə, Təqdimat Respublika Milli Qəhrəmanlar Birliyinin təşkilatçılığı tərəfindən həyata keçirilib.
“Ölümsüz qəhrəman” sənədli filmi Respublika Milli Qəhrəmanlar Birliyinin sədri Mirbəşir Seyidzadənin yazdığı ssenari əsasında çəkilib. M. Seyidzadə tədbirdə çıxış edərək belə filmin çəkilməsi ilə Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunun inkişafına öz müsbət təsirini göstərəcəyini deyib. “Milli Qəhrəman İlqar İsmayılov Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyinin müdafiəsi zamanı Qarabağ savaşında qəhrəmanlıq göstərib. O, Sabunçu rayon Polis Şöbəsinin cinayət axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyib. Vətənin dar günündə Qarabağ savaşına könüllü olaraq yollanıb və vətən torpağının müdafiəsi zamanı göstərdiyi igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb”.Filmin təqdimatında dövlət və hökumət nümayəndələri, ölkənin aparıcı QHT-in rəhbərləri, milli qəhrəmanın döyüşçü dostları, iş yoldaşları və ailə üzvləri iştirak edib.
Rafiq Qənbərov