“Vəziyyəti ağırdır, reanimasiyadadır. Bir şey demək üçün hələ tezdir. Alov yanığı olduğu üçün bronxlarında, ağ ciyərlərində də xəsarətlər var. Xəstə dünən gecə saatlarında daxil olub. Baş, boyun, gövdənin üst hissəsi və əlləri yanıb. Bədəninin təxminən 30-35 faizi yanıb. Bir neçə gün sonra ağciyərlərinin vəziyyətinə görə, yaşama ehtimalı haqqında bir söz demək olacaq”.
Bunu Modern.az-a açıqlamasında 5 saylı Klinik Xəstəxananın şöbə müdiri Vüqar Ələkbərov dedi.
Qeyd edək ki, hadisə Kürdəmir rayonunun Topalhəsənli kəndində qeydə alınıb. Kənd sakini, Rahim Abdullayev qayınatasının həyətində üzərinə benzin tökərək özünü yandırıb.
Məlumata görə, R.Abdullayevin həyat yoldaşı bir neçə gün əvvəl məişət zəminində baş vermiş münaqişədən sonra ata evinə qayıdıb. Fevralın 7-nə keçən gecə isə R.Abdullayev sərxoş vəziyyətdə qayınatasının həyətinə gəlib. O bildirib ki, həyat yoldaşını aparmağa icazə verməsələr özünü həyətin ortasındaca yandıracaq və elə də edib və rayon xəstəxanasına gətirilib. Vəziyyətinin ağır olduğunu nəzərə alan həkimlər R.Abdullayevi Bakıya göndərməyə qərar verib. 5 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilən şəxsin vəziyyəti kritik qiymətləndirilir. Faktla bağlı araşdırmalar aparılır.
Gülşən Raufqızı