Modern.az

Deputatdan nazirə DƏSTƏK: “Kim pulu necə qazanıb, bunun əhəmiyyəti yoxdur”

Deputatdan nazirə DƏSTƏK: “Kim pulu necə qazanıb, bunun əhəmiyyəti yoxdur”

7 Fevral 2014, 16:02

Azərbaycanda kölgə iqtisadiyyatının leqallaşdırılması zaman-zaman müzakirə mövzusu olsa da, heç bir vaxt maliyyə amnistiyasının tətbiq olunması məsələsi gündəmdə olmayıb. Ölkədəki kölgə iqtisadiyyatının çəkisi barədə müxtəlif fikirlər səslənməsinə baxmayaraq, konkret rəqəmlər söyləmək mümkün deyil. Düzdür, dünyanın ən inkişaf etmiş dövlətlərində belə, kölgə iqtisadiyyatı mövcuddur. Məsələn, İtaliya kimi bir ölkədə kölgə iqtisadiyyatının çəkisi 30 faiz təşkil edir. Hər bir ölkədə bu və ya digər dərəcədə gizli məşğulluq olduğundan qeyri-neft sektorundan daxil olan vergilərlə qeyri-neft ümumdaxili məhsul arasında heç bir əlaqə olmur.

Qeyri-neft ÜDM azalsa da, artsa da, bu sektordan daxilolmalar cüzi fərqlə dəyişir. Bəzi ekspertlər iddia edir ki, Azərbaycanda nağd pul dövriyyəsinin həcmi digər ölkələrdə olduğundan çoxdur. Onların fikrincə, ölkədə kölgə iqtisadiyyatının payı 40 faizdir. Ancaq hökumət rəsmiləri bu fikirlə razılaşmayaraq, kölgə iqtisadiyyatının çəkisinin qat-qat aşağı olduğunu iddia edirlər.

Vergilər naziri Fazil Məmmədov bugünkü açıqlamasın Azərbaycanda maliyyə amnistiyasının tətbiq olunacağı bildirib. Nazir artıq Azərbaycanda maliyyə amnistiyası ilə bağlı xüsusi qərar layihəsinin hazırlanması istiqamətində iş aparıldığını da qeyd edib.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov Modern.az-a maliyyə amnistiyasının tətbiqinin Azərbaycana hansı müsbət nəticələr verəcəyi barədə danışıb.

Uzun müddətdir ki, maliyyə amnistiyasının tətbiq olunması ilə bağlı müzakirələr aparıldığını deyən millət vəkili bildirib ki, büdcə müzakirələri zamanı da məsələ dəfələrlə qaldırılıb.

“Maliyyə amnistiyasının tətbiq olunması məsələsi çoxdan müzakirə olunurdu. Biz də büdcə müzakirələri zamanı amnistiyanın vacibliyini dəfələrlə qaldırdıq. Artıq maliyyə amnistiyasının vaxtı gəlib çatıb. Yəni ölkə vətəndaşlarının maliyyə vəsaitlərini xaricə aparmasını bu vasitə ilə dayandırmaq lazımdır. Kimlər necə qazanıb, qazanmayıb bu artıq başqa məsələdir. Əsas odur ki, maliyyə amnistiyasının tətbiq olunmasının vaxtı çoxdan çatıb, hətta bu müddət çoxdan keçib”.

Maliyyə amnistiyasının Azərbaycana müsbət nəticələr verəcəyini deyən Vahid Əhmədovun sözlərinə görə,  bu prosesin tətbiq olunacağı şəxslərə ölkəyə geniş maliyyə yatırmaq imkanı yaranacaq. Bundan başqa, xarici ölkələrə maliyyə axını dayanacaq.

“Mənfi cəhəti isə o ola bilər ki, müəyyən qədər insanın hansı ki, külli miqdarda vəsaiti var, həmin pulun gəlir mənbəyi araşdırıla bilər”.
 
Qeyd edək ki, söhbət ölkədə ümumi gəlirlər bəyannamə sisteminə keçid prosesi çərçivəsində qeyri-qanuni, vergidən yayınma yolu ilə əldə edilmiş və gizlədilmiş əmlakın və gəlirlərin leqallaşdırılmasından gedir. Belə ki, vergilər naziri Fazil Məmmədovun sözlərinə görə, amnistiya olmadan ümumi bəyannamə sisteminə keçmək olmaz.

Gültəkin ƏLƏSGƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi