Türkiyənin “Zaman” qəzeti rəsmi Ankaranın Azərbaycanla olan qaz anlaşmasına az önəm verdiyindən yazıb. Modern.az saytı sözügedən qəzetə istinadən xəbər verir ki, təhlil xarakterli yazının müəllifi İsmayıl Altunsoyun fikrincə, Türkiyə hökuməti infrastruktur əskikliyi səbəbindən Azərbaycan təbii qazının hamısını ala bilmir: “Türkiyə ilk növbədə infrastrukturunu təkmilləşdirib qalan müddətdə müqavilədə nəzərdə tutulan miqdarın hamısını almalıdır. Bununla Türkiyə qaz xərclərində əhəmiyyətli üstünlük əldə edər”.
Onun sözlərinə görə, Türkiyə İran və Rusiya ilə qaz müqaviləsi bağlasa da, bunlardan ən perspektivlisi və mühüm əhəmiyyət kəsb edəni Azərbaycanla olan kontraktdır. Yazarın fikrincə, bunun əsas səbəblərindən biri də Azərbaycan mavi qazının Rusiya və İran qazına nisbətən ucuz olmasıdır: “Ancaq Türkiyə ucuz Azərbaycan qazını hələ də tam ala bilməyib. Ekspertlər Azərbaycan qazının üstünlüklərinə diqqət çəkərək bildirir ki, 2007-ci ildən bəri iki ölkə arasında qaz müqaviləsi olsa da, Türkiyə tərəfdən problemlər mövcuddur. Onlar vurğulayır ki, kontraktın müddəti 15 ildir və bunun 7 ili arxada qalıb. Mütəxəssislər keçən müddət ərzində yetərli nailiyyət əldə olunmasını əsas gətirərək qeyd edir ki, gələcəkdə müqavilədə nəzərdə tutulan həcmin hamısını almaq lazımdır. Türkiyə 2013-cü il üçün son qiymətləri açıqlayıb və məlum olub ki, hökumət 1000 kubmetr Rusiya qazına 425, eyni həcmdə İran qazına 490 dollar verərkən Azərbaycan qazına 325 dolar ödəyib”.
O bildirib ki, BOTAŞ-ın rəsmi açıqlamalarına görə minimum alış miqdarından artıq 1000 kubmetr qazın alınmasına görə Azərbaycana, sadəcə 45 dollar ödəyə bilər. Müəllif hesab edir ki, bu, nəzərdə tutulsa da, məsələ reallaşmayıb. Onun fikrincə, BOTAŞ sözügedən məsələ ilə bağlı bir açıqlama da vermir.
Aqşin Kərimov