Son günlər azərbaycanlıların Suriyada gedən döyüşlərdə iştirak etmələri cəmiyyətdə böyük ajiotaj yaradıb. Bir çoxları Suriyada gedib döyüşənlərin dini təhsillərinin çox aşağı səviyyədə olması qənaətindədirlər. Bəs, bunun üçün nə etmək lazımdır?
Keçmiş təhsil naziri Firudin Cəlilov Modern.az-a açıqlamasında dini təhsilə ciddi yanaşılmanın vacid olduğunu deyib:
“Əvvəla, orta və ali məktəblərdə dini tədrisin aparılması bir günün işi deyil. Din dövlət ocağında tədris olunursa, təbii ki, proqram hazırlanmalıdır, müəyyən məsələlər orda nəzərə alınmalıdır. Din hər bir fərdin özünün müstəqil seçimidir. Dövlət bu işə qarışa bilməz ki, sən bu dinə inan, yaxud bu mənsəbə inanma. Sadəcə olaraq, insanları körpəlikdən tərbiyələndirmək lazımdır. İslam dininin hansı yaxşı cəhətləri var, onları təbliğ etmək lazımdır. Yəni, dövlət bunu nəzarət altında saxlamalıdır ki, bu gün Suriyada gedib şəhid olanların aqibəti təkrarlanmasın. Azərbaycanda Dini İşlər üzrə Dövlət Komitəsi var. Onlar bu işlə ciddi məşğul olmalıdırlar. Dinlə bağlı o zamanlar MDB ölkələri arasında ilk dəfə Azərbaycanda fəaliyyət göstərən universitetdə ilahiyyat fakultəsi açıldı. O da mənim təşəbbüsümlə oldu. İlahiyyat fakultəsi bu gün də fəaliyyət göstərir. O zamanlar məqsədim o idi ki, insanlar dinə xürafat kimi yox, ona mənəvi dəyər kimi baxa bilsinlər. Öz alimlərimiz, din xadimlərimiz yetişsin və o biri ölkələrin bura göndərdiyi missionerlərdən canımız qurtarsın. Mənim istəklərim gerçəkləşdi, gerçəkləşmədi onu deyə bilmərəm. Çünki təhsil sahəsindən uzun müddətdir ayrılmışam”.
Firudin Cəlilovun fikrincə, Suriyada gedən döyüşlərin heç də dinlə əlaqəsi yoxdur:
“Din Suriyada görüntüdür. İslam dini heç vaxt terrorizmi qəbul etmir. Din pərdəsi altında müəyyən qurumlar var, xüsusilə bu işlə məşğuldurlar və görünür, din pərdəsi altında hansısa niyyətlərini gerçəkləşdirmək onlar üçün daha asandır. Əslində, Suriyada gedən döyüşlərə İslam dininin aidiyyəti yoxdur. Hər bir dövlətin xarici siyasəti olur. O siyasəti ölkələrdə tətbiq etmək üçün müəyyən priyomlardan istifadə etməlidirlər. Ona görə də ən yaxşı vasitə dindir”.
Namidə BİNGÖL