Modern.az

Professor Cəlal Abdullayevə nekroloq

Professor Cəlal Abdullayevə nekroloq

21 May 2010, 17:44

Bakı Dövlət Universiteti təkrarsız bir insanını itirdi... Gözəl müəllim, istedadlı ədəbi tənqidçi, söz mülkünə vaqif bir insan getdi aramızdan. Heç kəs bu itkini qəbul etmir. Nəinki doğmaları, yaxınları, qohum-əqrəba, dostları, kolleqaları və onun ustad dərslərini heç vaxt unutmayacaq tələbələri, hətta növbəti ildən Cəlal müəllimin dərslərini səbirsizliklə gözləyənlər - "görəsən Cəlal müəllim bizə nə vaxt dərs keçəcək?!" intizarında olan tələbələr də bu itki ilə heç cür barışa bilmir. Onları Cəlal müəllimin maraqlı, canlı dərslərinə, şirin, duzlu söhbətlərinə tamarzı qoyan taleyin amansız hökmünü qınayırlar...        

Cəlal Abdullayevi təqdim etməyə ehtiyac varmı?.. Tanınmış tənqidçi-ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor... Belə fəxri titullardan çox sadalamaq olar. Amma bircə bu kəlməni də demək kifayət edər; Cəlal müəllim universitetinin sevimlisi idi. Tələbələrin ən sevimli müəllimi idi.

Ömrünün kamillik zirvəsini yaşayırdı Cəlal Abdullayev. Ömrünün 80-ci baharına qədəm qoyanda professor Vaqif Sultanlı onun haqqında geniş məqalə ilə çıxış etmişdi və Cəlal müəllimi Azərbaycan ədəbiyyatında çağdaş ədəbi-nəzəri fikrin, ədəbi tənqid və ədəbiyyatşünaslığın  inkişafında əvəzsiz xidmətləri olan bir alim kimi dəyərləndirmişdi. 

"Professor Cəlal Abdullayev haqqında danışmaq Azərbaycan ədəbi tənqidi və ədəbiyyatşünaslığının çağdaş mərhələsini vərəqləmək və bu mənzərəni bütün yönlərilə seyr etmək anlamına gəlir. Onun adı Azərbaycan ədəbi tənqidi və ədəbiyyatşünaslığının görkəmli nümayəndələri olan Əkbər Ağayev, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Yaşar Qarayev, Bəkir Nəbiyev, Şamil Salmanov, Akif Hüseynov, Pənah Xəlilov, Xalid Əlmirzəyev, Təhsin Mütəllibov və başqa alimlərə bir sırada çəkilməkdədir. Zəngin yaradıcılıq irsinə malik olan tədqiqatçının ədəbi-tənqidi axtarışları xalq ədəbiyyatının ilk qaynaqlarından tutmuş çağdaş ədəbiyyatın nəzəri problemlərinə qədər bir çox mühüm problemləri əhatə etməkdədir. Onun tədqiqatlarında Xətib Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Firidun bəy Köçərli, Seyid Hüseyn və başqa klassiklərin elmi-nəzəri və ədəbi-bədii irsi bu və ya digər şəkildə araşdırmaya cəlb olunmuşdur".

Cəlal Abdullayev Səməd Vurğun aşiqi idi. Daha çox Səməd Vurğun irsini araşdıran tədqiqatçının yazılarında iyirminci yüzilin bu böyük poeziya ustadına çılğıncasına vurğunluq hiss olunur. O yalnız yazılarında deyil, mühazirələrində, adi söhbətlərində belə Səməd Vurğuna olan sevgisini ifadə və təlqin etməyə, şairə qarşı haqsız hücumların qarşısını almağa çalışır.

Bu  vurğunluğun təbii yekunu kimi də 1962-ci ildə "Səməd Vurğun və folklor" mövzusunda namizədlik işi, 1974-cü ildə isə  "Səməd Vurğunun sənətkarlığı" adlı doktorluq dissertasiyalarını müdafiə edib. C.Abdullayevin "Səməd Vurğunun poetikası" (1976), "Səməd Vurğunun sənət dünyası" (1986) monoqrafik tədqiqatları, çoxlu sayda məqalələri böyük şairin yaradıcılıq irsinin araşdırılmasına həsr edilib. Ədəbiyyatşünasın tədqiqatlarında Səməd Vurğun sənətinin bədii sirlərinin açılmasına, onun poetik fərdiyyətini səciyyələndirən məqamların aşkarlanmasına daha çox üstünlük verilib.

Cəlal Abdullayevin elmi axtarışlarının əsas istiqaməti poeziya ilə bağlı olub. Tədqiqatçının poeziyaya həsr olunmuş məqalələrinin bir qismi "Lirika və zaman" (1982) adlı məqalələr toplusuna daxil edilib.  Müxtəlif məcmuə, toplu və dərgilərdə dərc olunmuş çoxlu sayda məqalələri isə hələ də nəşrini gözləməkdədir.

Son illərdə böyük Azərbaycan dramaturqu Hüseyn Cavidin yaradıcılığına daha çox diqqət yetirən Cəlal müəllim oxuculara "Hüseyn Cavid" monoqrafiyasını təqdim etmişdi. Profesosor öz monoqrafiyasında Hüseyn Cavidin böyüklüyünü yaradıcılığında ciddi sosial-siyasi problemlər qaldırması ilə yanaşı, həmçinin əyilməz şəxsiyyəti ilə tamamladığını səciyyələndirirdi və bildirirdi ki, Hüseyn Cavidin yazılarında türk dünyasını düşündürən ən mühüm məsələlər bədii ifadəsini tapıb.

Pedaqoji fəaliyyətə yüksək önəm verən Cəlal Abdullayev tələbələri də düşünürdü və bu mənada bir neçə dərslik də hazırlamışdı. Ali məktəblərin humanitar fakültələri üçün hazırlanmış ədəbiyyat tarixi dərslikləri əhəmiyyətli yer tutur. Burada "Azərbaycan sovet ədəbiyyatı" və "Müasir Azərbaycan ədəbiyyatı" dərsliyi xüsusi qeyd olunmalıdır.

Alimin son tədqiqatlarından olan, ali məktəblərin humanitar fakültələri üçün nəzərdə tutulmuş iki cildlik "Müasir Azərbaycan ədəbiyyatı" adlı dərslikdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından bu günədək olan zaman kəsimində ədəbi-bədii düşüncə tarixi ciddi, sistemli şəkildə araşdırılır. Adı çəkilən dərsliyin elmi redaktoru və əsas müəlliflərindən biri olan professor Cəlal Abdullayevin iyirminci yüzil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Cəfər Cabbarlı, Hüseyn Cavid, Səməd Vurğun, Mehdi Hüseyn, Süleyman Rəhimov, Ənvər Məmmədxanlı, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Xəlil Rza Ulutürk və digər müəlliflər haqqında yazdığı elmi oçerkləri, habelə ədəbiyyatın müxtəlif dövr və mərhələlərini əks etdirən icmal yazıları istər məzmunu, istərsə də ədəbi fakta yanaşma tərzinin özünəməxsusluğu ilə seçilməkdədir.

Hər bir alimin yaradıcılıq uğurları yalnız yazdığı tədqiqatları ilə deyil, həmçinin yetirmiş olduğu alimlərin sayı, sanbalı və elmi nüfuzu ilə də ölçülür. Bu mənada professor Cəlal Abdullayevin bilavasitə qayğısı və himayəsi ilə yetişən onlarla alim bu gün Azərbaycan ədəbi nəslinin ən mütərəqqi təmsilçiləridir. 

Professor Cəlal Abdullayevin, belə demək mümkünsə, bütün həyatı və elmi fəaliyyəti Bakı Dövlət Universiteti ilə bağlı idi. O bu universitetdə təhsil almışdı, bütün ömrü boyu burada çalışmışdı, baş laborantlıqdan professorluğadək yüksəlmişdi. Cəlal müəllim otuz ildən artıq BDU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasına rəhbərlik etdi. Bu nüfuzlu təhsil ocağında elmin, tədrisin güclənməsində əhəmiyyətli rol oynadı, öz töhfəsini verdi. Kim bilir, ömür vəfa etsəydi, hələ nə qədər elmi araşdırmalar aparacaq, neçə-neçə gəncə Azərbaycan ədəbiyyatını sevdirəcək, sözün hikmətini, sözün qüdrətini anladacaqdı.

Ömürsə vəfasızlıq etdi...

Ruhun şad olsun, ustad. Sənin gülər çöhrən, duzlu-məzəli söhbətlərin səni sevənlərin yaddaşından silinməyəcək. Cəlal müəllimi unutmaq Azərbaycan ədəbiyyatını unutmaq olar. Bu isə mümkünsüzdü...

Allah rəhmət eləsin!

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?