İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.
Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” adlı rubrikasına davam edir.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli üçün jurnalistika ilk növbədə istedaddır: “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini rejissor və aktyor sənətinin əsasları ixtisası üzrə bitirmişəm. Sankt-Peterburqda da bu ixtisas üzrə təhsil almışam. ADMİU-da bir neçə il rejissor və aktyor sənəti müəllimi işləmişəm.
Orta məktəb illərindən yazıram. Şeirlərim və yazılarım hələ 6-7-ci siniflərdə oxuyanda qəzet və jurnallarda çap olunurdu. Mənim üçün jurnalistika ilk növbədə istedaddı, sonra isə ixtisas. Ömrüm boyu jurnalistikanın içində olmuşam. Dayım Vaqif Hüseynov zəmanəsinin məşhur jurnalistlərindən idi. Sovet dövründə uzun illər Masallıda yayımlanan "Çağırış" qəzetinin baş redaktoru olub. Respublika əhəmiyyətli mətbuatda - "Ədəbiyyat və incəsənət" qəzetində ilk yazım 1984-cü ildə, 10-cu sinifdə oxuyanda dərc olunub. Jurnalistikaya gəlişimi də o gündən hesablayıram. İlk publisistik yazımdan...Müstəqillik illərində isə demək olar ki, əksər mətbuat orqanlarında yazılarım dərc olunub. Sıralasam böyük bir siyahı alınar.
Peşman deyiləm. Orta məktəbi bitirəndə qarşımda iki seçim vardı - rejissorluq və jurnalistika... Tale elə gətirdi ki, birincini seçdim, amma jurnalistikanın cazibəsindən çıxa bilmədim. Mən sevə-sevə yazıram, şeirlərimi də, publisistik məqalələrimi də... Yaradıcı prosesdən həzz alıram. Sevdiyim işlə məşğulam və çox rahatam...”.
“Yeni Müsavat” qəzetinin yazarı Kənan Rövşənoğlu: “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini ədəbi yaradıcılıq və ekran dramaturgiyası ixtisası üzrə bitirmişəm. Ssenarist kimi qısa müddət işləmişəm, demək olar ki, iş sayılmaz.
Jurnalistikaya gəlişim tələbəlik dövrünə təsadüf edir. Təhsil aldığım illərdə bir dostum vasitəsilə o zaman yeni fəaliyyətə başlayan “Reytinq” qəzetində işə başladım. Bu peşəyə həvəsim də elə o zamandan yaranıb.
Peşmançılıq yoxdur, Allaha şükür olsun. Çalışıram işimin öhdəsindən gəlim”.
Lent.az saytının redaktoru Səbuhi Məmmədli: “Bakı Dövlət Universitetinin psixologiya və sosial elmlər fakültəsinin məzunuyam. İxtisasca fəlsəfə müəllimiyəm. Amma 1 gün də fəlsəfə müəllimi kimi işləməmişəm. Mən BDU-da düz-əməlli oxumamışam. Sadəcə 1-ci kursu yaxşı oxumuşam. 2-ci kursu oxuyanda dekan həvəsdən saldı (gülür). Ancaq təqaüdümü almağa gedərdim. Yəni, sağ olsun müəllimlərim, məni yola veriblər. Maraqlıdır ki, diplom işim Ziqmund Freyddən olub. Adı da beləydi: Freydin psixoanalizi. Amma Freydin ümumiyyətlə nə işlə məşğul olduğunu lap sonralar bildim, diplom müdafiəsində yox (gülür).
Elə 2-ci kursdan jurnalist kimi işləməyə başladım. Jurnalistikaya həvəsimin tarixi isə lap uzaqlara gedib çıxır. Hələ Biləcəridə, 5 saylı məktəbdə 8-ci sinifdə oxuyanda ilk yazım o dövrün ən böyük qəzetlərindən olan “Bakı” qəzetində çıxıb. Yəni, məktəb vaxtından həvəsliydim.
Qətiyyən peşman deyiləm. Niyə ki, peşman olmalıyam. Gör hansı mərhələlərdən keçmişik, yazı makinasından internetə qədər...”.
İxtisasca politoloq olan əməkdar jurnalist, «Yeni Azərbaycan» qəzetinin şöbə redaktoru Nadir Azəri jurnalistikaya gəlməyinə heç də peşman deyil. Həmkarımız öncə «kiminsə bir jurnalist kimi yetişməsi onun ixtisasca jurnalist olmasından daha çox, həmin şəxsin düşdüyü mühitdən, işlədiyi qəzetin rəhbərinin yazarlar üçün yaratdığı yaradıcılıq imkanlarından asılıdır. Bu baxımdan hazırda «Yeni Azərbaycan» qəzetində işləyənlərin bəxti gətirib» dedi.
O ki qaldı jurnalistikaya gəlişinə, Nadir Azəri bildirdi ki, uşaqlıqdan hüquqşünas olmaq istəyib: «Lakin müstəqillik ərəfəsində Azərbaycanda baş verən hadisələr özüm də bilmədən məni jurnalistikaya gətirdi. Daha doğrusu, orta məktəbin sonuncu illərində Yevlaxda o zamankı «Təşəbbüs» (indiki «Kür») qəzetində məktəb həyatından qısa yazı yazdım. Bu mənim mətbuatda dərc olunan ilk yazım idi. «Kür» qəzetinin indiki baş redaktoru Əminə Əhmədova həmin vaxt mənə hərtərəfli dəstək oldu. Sonradan isə məhz Əminə xanımın dəstəyi sayəsində «Kür» qəzetində «Gənclik düşüncələri» rubrikası altında yazılar yazmağa başladım. Bununla belə, yatsam da yuxuma girməzdi ki, nə zamansa mərkəzi mətbuatda yazılarım çıxacaq və məni jurnalist kimi tanıyacaqlar. Onu da deyim ki, 1992-ci ildə ali məktəbə keçirilən ilk test imtahanı zamanı da seçdiyim ixtisaslar içərisində jurnalistika yox idi. Lakin Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun politologiya fakültəsində oxuyarkən yenidən yazmağa başladım. Bu dəfə artıq respublika mətbuatında yazılarım dərc olunurdu. Həmin vaxt «Bu gün» qəzetinin baş redaktoru Nəsib İsmayılovun biz gənclərə yaratdığı yaradıcılıq şəratindən sonra isə birdəfəlik jurnalistikada qalmağa qərar verdim».
Misranə Həsənzadə