Bu gün fevralın 8-də saat 17 radələrində Mingəçevirdə Kür sahilindəki bulvarın çay üzərindəki döşəməsində bir plitə çökərək dağılıb. Nəticədə həmin an təsadüfən onun üzərində olan üç nəfər metryarımlıq çökəyə yıxılıblar. Hadisə yerinə təcili yardım briqadası çağırılıb.
Modern.az-ın xəbərinə görə, hadisə barədə Mingəçevirdən seçilmiş millət vəkili Aydın Mirzəzadə məlumat verib.
Deputatın sözlərinə görə, hadisədən xəbər tutandan sonra Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılovla əlaqə saxlayıb.
”O bildirdi ki, piyada zolağının salındığı dəmir-beton plitələrdən biri bir anda çöküb. Həmin an təsadüfən onun üzərində olan üç nəfər metryarımlıq çökəyə düşsələr də, heç biri xəsarət almayıb. Hadisə yerinə gələn təcili yardım həkimləri onlarda heç bir zədə müşahidə etməyiblər”.
Deputat bildirib ki, sabahdan başlayaraq piyada istrahət yolu ciddi şəkildə yoxlanacaq.
Modern.az