Bu gün Azərbaycanın dünyada tanınan azsaylı alimlərindən biri - professor Rafiq Əliyevin 72 yaşı tamam olur. Qeyri-səlis məntiq və süni intellekt nəzəriyəsinin aparıcı alimlərindən olan Rafiq Əliyev Almaniyanın Ziggen, ABŞ-ın Atalanta, Corciya, İranın Təbriz, Kiprin Yaxın Doğu Universitetlərinin professorudur. Onun elmi nailiyyətləri arasında çoxölçülü və kombinə olunmuş determiristik, stoxastik qeyri-səlis idarəetmə sistemlərinin invariantlıq şərtlərinin formalaşdırılması, intellektual sənaye sistemlərində qərar qəbuletmə və idarəetmə proseslərinin inteqrasiya prinsiplərinin formalaşdırılması, stoxastik dəyişən strukturlu sistemlərin sintez metodlarının işlənməsi, çoxsəviyyəli paylanmış istehsalat sistemləri üçün koordinasiya nəzəriyyəsinin işlənməsi, AL11, AL12 və AL13 qeyri-səlis məntiqlərinin yaradılması, qeyri-səlis modellərin adekvatlıq şərtlərinin formalaşdırılması və s. aiddir.
Dünya şöhrətli alim Lütfi Zadənin varisi sayılan Rafiq Əliyev doğum günü təəssüratlarını Modern.az-la paylaşıb:
“Xüsusən gənclərimiz üçün bircə onu demək istəyirəm ki, bu həyat heç vaxt monoton olmayıb. Beşikdən tutmuş məzara kimi heç zaman monoton getməyib. Bunun hər bir çətinliyi və şirinliyi də var. O insan ki, Allahın verdiyi ömür payında çətinlikləri, əziyyətləri dərdləri görməyib, vallah o, tamam insan ola bilməz. İnsanı yaşadan bir şey də dərddir, çətinliklərdi və çəkdiyi əziyyətlərdi. Böyük poeziya nəvaxt yaranır, ancaq müqavimət olanda. O dişli çarxlar bir-birinə sürtülməlidir, orada müqavimət olmalıdı, ancaq həmin vaxt güclü poeziya yarana bilər. Bu həyat da belədir.
Mən həmişə sizə deyirəm: baxın mənim üzümə, gömgöydür. O göyləri həyat vurub. Amma onlardan qoxrmaq lazım deyil. Həyatın da öz çalarları var. İnternetdə də məlum olan bir deyimim var - Allah insanı paretaoptimal yaradıb. Allah birini verəndə, o birini verməz həmişə. Amma bütövlükdə götürəndə, o verdiyi paya asi düşmək düzgün deyil. Nə ömür payı veribsə, onu da yaşamaq lazımdı”
Elmin Nuri