Uzun illərdir fermerlərə verilən subsidiyalarla bağlı problemlərin olduğunu dövlət başçısı İlham Əliyev də etiraf etdi. Prezident ötən həftə keçirdiyi müşavirədə iqtisadiyyatın müxtəlif sahələri haqda danışarkən kənd təsərrüfatı sektoruna da toxundu, subsidiyaların verilməsində şəffaflığın təmin olunmadığını etiraf etdi.
Dövlət başçısı fevralın 5-də regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı çıxışı zamanı maraqlı etiraflar etdi. İlham Əliyev vurğuladı ki, kənd təsərrüfatı üçün nəzərdə tutulan subsidiyaların ayrılmasında şəffaflıq gözlənilmir.
Çox güman ki, prezidentin bu iradlarından sonra subsidiyaların verilməsində yaranan problemlər öz həllini tapacaq. Ekspertlər isə hesab edir ki, kəndliyə ayrılan vəsaitlərin şəffaflaşması hələ uzun vaxt aparacaq.
Maraqlıdır, İlham Əliyev eyni zamanda buna görə kimin günahkar olduğunu da açıqladı: “Subsidiyaların verilməsində tam şəffaflıq təmin edilməlidir. Mən keçən dəfə də, bir il bundan əvvəl də bu barədə danışmışam, bu gün də məcburam bu barədə öz fikirlərimi bildirim. Burada biz şəffaflığa nail olmamışıq. Şəffaflıq təmin edilmir və burada oturanlar bilirlər şəffaflıq nəyə görə təmin edilmir. Bu mənim son xəbərdarlığımdır. Subsidiyanın verilməsində tam şəkildə nəzarət-uçot sistemi yaradılmalıdır. Kənd Təsərrüfatı Nazirliyinə bu göstərişlər verilmişdir. Yerli icra orqanlarının nümayəndələri də burada öz müsbət rolunu oynamalıdırlar. Çünki bəzi hallarda subsidiyalar fermerlərə çatmır. Ona görə konkret təkliflər veriləcəkdir və yeni müvafiq sərəncam da imzalanacaqdır”.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov subsidiyaların alınması proseduru haqda Modern.az-a danışaraq bildirib ki, bunun üçün fermer əkinlə bağlı arayışları rayon icra hakimiyyətində yaradılan komissiyalara təqdim edir. Bundan sonra həmin sənədlər Kənd Təsərrüfatı Nazirliyinə göndərilir. Lakin bu prosesdə şəffaflıq olmadığı üçün fermerlər əziyyət çəkir, mütəxəssislər isə harada qüsura yol verildiyini müəyyən edə bilmirlər:
“Fermerlərə subsidiyaların verilməsində sənəd tələb edirlər. Çox vaxt isə kəndlilər həmin sənədi təqdim edə bilmirlər. Çünki onlar əkin sahəsini icarəyə götürürlər. Onlar icarə müqaviləsini hazırkı tələbə uyğun qaydada hazırlaya bilmirlər. Hər hansı formal sənədə əsasən yox, danışıqlar əsasında torpaq sahəsi icarəyə götürürlür. Belə olan halda fermerlərdən torpağın istifadəsi ilə bağlı arayış tələb olunur. Bundan başqa, sənədlərin tələb olunması da fermerlər üçün vaxt itkisi demək idi. Ümumiyyətlə, bir çox hallarda fermerlər yox, saxta yolla sənəd hazırlayan və hökumət məmurlarına yaxın olan, fermer kimi fəaliyyət göstərməyən insanlar subsidiya alırlar. Buna da rayonlarda yaradılan komissiyalar özləri şərait yaradır. Ona görə ki, onların da burada marağı var. Sanki onlar əvvəlcədən danışıb görüşürlər”.
Fermerlərə subsidiyaların verilməsində həddindən artıq problemlər olduğunu deyən ekspertin sözlərinə görə, kəndli əkin sahəsini artıq göstərməklə daha çox subsidiya ayrılmasına müvəffəq olur: “Halbuki ayrılan subsidiyanı məmurlar öz aralarında bölüşürlər. Onun szölərinə görə, bu da yerlərdəki fermerlərdə qıcıq yaradır. Subsidiyaların vaxtlı-vaxtında verilməməsi də problemlərdən biridir. Çünki çox vaxt subsidiyalar ilin sonunda verilir. Hətta bir ildən sonra verirlər. Halbuki subsidiyalar fermerlərə əkin, biçin müddətində lazım olur. Odur ki, onlar subsidiyanı əkindən sonra əldə etməlidirlər ki, aqrotexniki qaydalara əməl etsinlər. Burada hökumət məmurlarının da maraqları var. Çünki onlar ayrılan subsidiyaların yarısının mənimsənilməsi ilə məşğuldurlar. Elə dövlət başçısı da çıxışında bu məsələyə işarə vururdu ki, onlar bəri başdan bu işdən əl çəkinsinlər”.
Ekspertin sözlərinə görə, ölkə başçısı da çıxışında bildirdi ki, bu sahədə şəffaflığın olmasına çalışır. Bu şəffaflığı təmin etmək üçün ilk növbədə müəyyən mexanizmin işlənib hazırlanmasına ehtiyac olduğunu deyən Vahid Məhərrəmov bildirdi ki, bunu hökumət həyata keçirməlidir:
“Bir il bundan öncə prezident bu haqda mesaj göndərdi. Amma bir nəfər məmur şəffaflığın təmin olunması üçün heç bir təklif irəli sürmədi. Odur ki, mövcud problem hələ ki yaşanacaq. Hökumətin subsidiyaların verilməsində şəffaflığı təmin etməsi üçün hələ ki heç bir təklif səsləndirmir”.
Gültəkin ƏLƏSGƏR