“Avropa Parlamentində fevralın 19-da keçiriləcək tədbir Dağlıq Qarabağla bağlıdırsa, ora azsaylı xalqların nümayəndəsinin dəvət olunması başadüşülən deyil”.
Bunu Modern.az saytına Azəri -Talış İctimai birliyinin sədri Mehdibəy Səfərov deyib. O bildirib ki, Dağlıq Qarabağ ərazi konflikti olduğundan müzakirələrə azsaylı xalqların qatılmasının rolu sual doğurur.
“Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana təcavüzünün bariz nümunəsidir. Ona görə də həqiqətən tədbir Qarabağ probleminə həsr olunubsa, orda azsaylı xalqların iştirakını məqbul saymıram və bu təxribat xarakterli bir addımdır. Belə olarsa, mən orda xoş məram və niyyət olmadığını bəyan edirəm”-deyə M. Səfərov qeyd edib.
M.Səfərov onu da bildirib ki, özü şəxsən həmin tədbirə dəvət olunmayıb və bu haqda məlumatları yalnız mətbuatdan oxuyub. O vurğulayıb ki, əgər sözügedən konfrans sırf azsaylı xalqlarla bağlıdırsa, o zaman separatçılıqdan danışmaq düzgün deyil.
“Onda deyə bilərəm ki, heç bir separatçılıqdan söhbət gedə bilməz. Kimsə orda Azərbaycanda yaranan tolerantlıq haqqında söz açacaqsa, bunun nəyi bölücülükdür?”.
Qeyd edək ki, Avropa Parlamentinin binasında Azərbaycandakı azsaylı xalqların təmsilçisi olduğunu iddia edən Milli Talış Hərəkatının iştirakı ilə “Minsk Qrupuna alternativlər axtarışı: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda konfrans keçiriləcək.
Aqşin Kərimov