“Türkiyədəki siyasət hara, mən hara. Türkiyədəki siyasətin mənim “Xəzər” TV-dən getməyimə nə dəxli var!? Sadəcə olaraq artıq ayrılmağın vaxtı çatmışdı, vəssalam”. Bunu Modern.az-a açıqlamasında “Xəzər” televiziyasının xəbərlər proqramının əsas buraxılışının keçmiş aparıcısı Anar Nəcəfli deyib.
Qeyd edək ki, Anar Nəcəfli bir neçə gün əvvəl 7 ildir işlədiyi “Xəzər” TV-dən ayrılmışdı.
Aparıcının sözlərinə görə o yenə jurnalist kimi fəaliyyət göstərəcək: “Düzdür, Türkiyədə və ümumiyyətlə, dünyada baş verənlərlə bir jurnalist kimi maraqlanıram, ancaq bir o qədər də yox. Mənə ölkəmizdə baş verənlər daha maraqlıdır. Demək olmaz ki, elə-belə yerimdən durdum və ayrılmaq qərarına gəldim. Müəyyən səbəblər olub. Səbəbsiz heç nə olmur. Ancaq əmin edirəm ki, Türkiyənin buna heç bir aidiyyəti yoxdur.
Səbəblərin açıqlanması bir qədər yaxşı alınmaz. Nə qədər olmasa da kanal açılandan orda çalışmışam, orda tanınmışam. “Xəzər Xəbər”in bu nöqtəyə, bu səviyyəyə çatmağında mənim də rolum az olmayıb. İndi durub nəsə danışsam, düzgün olmaz. Yəqin ki, inşallah jurnalist fəaliyyətimə yenə davam edərəm. Bir az dincəlim, sonrasına baxarıq”.
Qeyd edək ki, “Xəzər” TV-dəki dəyişiklikləri, o cümlədən A. Nəcəflinin istefasını siyasi səbəblərlə bağlılığı vurğulanır. İddialara görə, əvvəllər “STV Bakı” adı ilə fəaliyyət göstərən sözügedən telekanalda da Ərdoğan-Gülən qovğası gedir.
Misranə Həsənzadə