Modern.az

Qarabağlı “Cimi”...

Qarabağlı “Cimi”...

10 Fevral 2014, 18:35

Telekanalların birində məşhur hind aktyoru Mitxun Çakrobortinin bir vaxtlar yaratdığı qəhrəmanın -  Ciminin yer aldığı “Oyna Oyna” filmi yayımlanırdı. Ən son filmə 6-ci sinifdə oxuyanda baxmışdım. Ağdamda orta məktəbdə oxuyanda hər həftənin 3-günü kino günü idi. 
Məktəbdə də bizə məcburi olaraq 20 qəpiyə kino bileti satırdılar. Dərsdən sonra saat 3-də sinif rəhbərimiz, ya da pioner dəstə rəhbəri bizi toplayıb aparıdı “Dostluq”a.
  
Zal agzına qədər dolu olurdu. Maraqla və həvəslə hind kinosunun başlanmasını gözləyirdik. Əvvəldən hansı filmin yayımlanacağını bilmədiyimizə görə, dua edridik ki, maraqlı kino olsun.

“Oyna oyna”ya da o günlərdən birində baxmışdıq. Ciminin mahnısı gələn kimi bütün zal ayağa qalxdı. Hamı onunla bərabər oxuyur, ayaqlarını yerə vurur, əl çalırdı. Bu o zaman idi ki, dünyagörüşü məhdud sovet məktəblisi, bilgisayarı yalnız məktəbin informatika otagında görmüş və evdəki televizorda “Bir qalanın sirri”,  “Elektronikanın macəraları” və bu tipli kinolara baxmışdı, “Ciminin filmi” onlar üçün çox irəli getmişdi.

Yadımdadır ki, qızlarla oğlanlar eyni sırada oturmurdu. Axı film sevgidən bəhs edirdi, ona görə də utanırdıq. Hind kinolarında öpüşmə səhnəsi filan olmurdu. Sadəcə qızla-oğlanın yaxınlaşması, ya da qucaqlaçması və kadrın o an dəyişməsi baş verirdi, amma bu da bizi çəkincək edirdi. Məktəbimizin “tərbiyəsiz” oğlanarının o səhnələrdə qışqırıb səs-küy salmalarından utanırdıq. Kino Fazilin (o vaxt “Dostluq” kinoteatrının direktoru Fazil Qasımov) əli belində zalı gəzməsi ilə səs-küy sona çatırdı. Hamı yenə də Ciminin qəhrəmanlıqlarına dalırdı.

Kino bitirdi, gözləri ağlamaqdan qıpqırmızı olan qızlar çıxırdıq, oğlanlar da qızları ələ salmaq üçün fürsət gəzirdi. Kinodan çıxıb məktəbdə “kojik” yemək üçün verilən 20 qəpiyimizə dondurma alıb yollanırdıq evə. Amma filmin təsirindən çıxmırdıq. Səhər məktəbdə oğlanların saçları və hərəkətləri Cimiləşir, qızlar isə Ciminin sevgilisi Ritaya bənzəmək istəyir.

O vaxtlar qara qız olmagımla ilk dəfə fəxr etmişdim. Çünki hindlilərin üzlərini agartsalar da,  əllərinin içindən qapqara olduqları bəlli idi.

İki gün əvvəl o filmə yenidən baxanda Ağdamdakı xatirələrim ürəyimi sızlatdı. Yadımdadı ki, biz Ciminin kinosuna bir də baxmaq istəyirdik. Agdamda isə qızlar, qadınlar kinoteatra gecə seanasına getməzdilər. Əmimoğlu evdəki qızlara oğlan paltarı geyindirib, başlarına papaq qoyub kinoya aprmışdı. Sən demə bilet sadəcə 1 dənəymiş. Bizim biletləri isə dəftərin üzündən kəsib karandaşla yazıb. O vaxt yaşıl dəftərlər var idi. Kino biletlərinin materialı və rəngi eyni ilə o dəftərin üzündən idi. Biz kinoya getdik getməsinə. Amma kino Fazili aldatmaq olardı?

Hamımızı yola qədər qovdu. Arzumuz ürəyimizdə evə döndük. Bir həftə sonra axşam məhəlləmizdə səs düşdü. Kinogöstərənlər gəlib, hamı 1 manatını  və stulunu götürüb gəlsin.

Çaxnaşma düşərdi. Qadınlar ön cərgədə, kişilər arxada, biz uşaqar isə harda yer olsa, orda qıvrılıb Cimini seyr etdik. Ağdamın gözəl və xoşbəxt günləri idi...

Kino ilə xoşbəxtlik tapan günlərimizi yaşayırdıq. Nagıllar aləmi kimi təsəvvür etdiyimiz və yuxularımzda gördüyümüz hind filmlərinin fantastik döyüş səhnələrindən başqa savaş görməmişdik. Amma ondan cəmi 3 il sonra hər şey dəyişdi...

Ən son məhləmizdə kiçik Əmrahın baş rol oynadığı “Mərhəmət” fiminə qonum-qonşu ilə bərabər baxdıq, ağladıq. Bu, bizim kinolar üçün tökdüyümüz son məsum göz yaşı oldu. Ondan sonra isə gözlərimizin yaşı işğal olunan torpağımız, verdiyimiz şəhidlər üçün axdı.

İndi isə o günlərimiz üçün ağlayırıq. “Dostluq” kinoteatrının ayaqların yerə döyəclənməsindən toz qalxan zalı, qırılan taxta oturacaqları, bizi biletimiz olmadığı üçün qovan Fazil üçün ağlayırıq. Məhəlləmizin viran qalmış evləri və qazandığımız köçkün adı üçün ağlayırıq.
Bir vaxtlar min bir xəyal qurub baxdığım, şəkillərini dəftərimizə yapışdırdığımız hindistanlı  Ciminin bir gün mənə evimi, torpağımı xatırladacağını ağlıma belə, gətirməzdim. Mənim üçün bu gün işıqlar sönüb... Xəyalımda işğal filminə baxıram. İşıqlar yananda “Dostluq”da zalda oturub “Oyna-Oynaya” baxacam...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU