Ermənistanın baş prokuroru Anna Vardapetyan ölkənin sabiq prezidenti Robert Köçəryana və onun ailəsinə qarşı hansı əmlak iddiaları olduğunu açıqlayıb.
Modern.az xəbər verir ki, baş prokuror bu iddiaları parlamentdə elan edib.
Anna Vardapetyanın sözlərinə görə, hüquq-mühafizə sistemi qanunsuz mənşəli əmlakın Ermənistanın xeyrinə müsadirə edilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim edib. Bu tələb Robert və Bella Köçəryan, Sedrak Köçəryan, Zaruhi Badalyan, Levon və Siranuyş Köçəryan, Qayane Köçəryan və Vigen Çatinyana aiddir.
Məlum olub ki, prokurorluq qanunsuz əldə olunmuş əmlakın üzərinə həbs qoyulması ilə bağlı iddiada 22 daşınmaz əmlakın, 2 daşınmaz əmlakın satınalınması hüququnun, 3 milyon dollardan çox vəsaitin, 985 milyon dram dəyərində alınmış istiqrazların, 1,4 milyon dollardan çox depozitin, 15 hüquqi şəxsdə iştirakın müsadirə olunmasını tələb edir.
Bundan başqa, Köçəryan ailəsi 4 milyon dollardan çox məbləğdə kredit tələb etmək hüququndan, 8,3 milyard dram, 260 milyon rubl və təxminən 590 min avro maliyyə vəsaitindən, 2 nəqliyyat vasitəsindən, 3 milyard 200 milyon dram və 3 milyard dollardan çox ekvivalent məbləğdə əmlakın alınması hüququndan da məhrum edilə bilər.
Baş prokuror bildirib ki, bu, hazırda məhkəmədə olan vəsatətdir.