"Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə növbəti layihənin icrasına start verib.
Bu barədə Modern.az-a məlumat verən birliyin sədri Vüqar Tofiqli (Cəfərov) bildirib ki, "Tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliğində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi" adlı layihənin əsas məqsədi bələdiyyə ərazisindəki tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliğinin təşkilində bələdiyyələrin işinin səmərəli qurulmasına nail olmaqdır.
Onun sözlərinə görə, layihə çəçivəsində Qəbələ rayonunda yeni seçilmiş bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliği mövzusunda görüşlər keçiriləcək. Həmin görüşlərdə Mədəniyyət və Ədliyyə nazirliklərinin nümayəndələrinin də iştirakı nəzərdə tutulur. Bundan başqa, layihə çərçivəsində Qəbələ rayon ərazisində olan tarixi-mədəniyyət abidələri haqqında sosial çarx hazırlanacaq. Sosial çarxda Qəbələ rayon ərazisində olan tarixi-mədəniyyət abidələri haqqında məlumatlar da öz əksini tapacaq. Hazırlanacaq sosial çarx internet resurslarda və sosial şəbəkələrdə yayımlanacaq.
Sədr ümid edir ki, layihə çərçivəsində nəzərdə tutulan işləri vaxtında və layiqincə həyata keçirməklə göstərilən etimadı doğruldacaqlar.