“Parlament seçkilərinə 2 ilə yaxın vaxt qalıb. Seçkilər öncəsi müxalifət düşərgəsində yeni birləşmə tendensiyaları, yeni format axtarışı məsələsi gündəmə gələ bilər. Əvvəlki illərin təcrübəsi də göstərir ki, seçkidən sonra müxalifət düşərgəsində parçalanma meyilləri güclü olur. Lakin növbəti seçkilərdə birləşmə məsələsinin yenidən gündəmə gələcəyi qaçılmazdır. Parlament seçkiləri ərəfəsində də müxalifət düşərgəsində yeni koalisiyalar yaradılacaq”.
Bunu Modern.az-a “El” Hərəkatının sədr müavini Zəfər Quliyev deyib. O bildirib ki, Milli Şura parlament seçkilərində müsbət nəticələr əldə edə bilməz: “Milli Şuranın bugünki vəziyyətini nəzərə alaraq inanmıram ki, qurum parlament seçkilərinə qədər müxalifət düşərgəsinin əsas formatı kimi qala bilsin. Milli Şuradan istefalar davam edir. Bundan başqa, qurumun cəmiyyətdə, müxalifət düşərgəsində nüfuzu, avtoriteti də aşağı düşür. Milli Şurada ciddi dəyişikliklər olmalıdır, yeni strategiya qurulmalıdır. Bunlar olmazsa, qurumu indiki vəziyyətdə uğurlu format saymaq çətindir. Müxalifətin birləşməkdən başqa yolu yoxdur, çünki təklikdə böyük iddialar ortaya qoya bilmirlər. Ona görə də yeni koalisiyanın yaradılması gündəmə gələcək. Parlament seçkilərinə yaxın Milli Şura tipli qurumlar yarana bilər. Amma bir şeyi bilmək əsasdır, keçmiş səhvlərdən nəticə çıxarmaq lazımdır. Düzgün nəticələr çıxarılsa, yeni ideya ətrafında birləşmək olar. Bu nəticələr çıxarılmazsa, bir-birlərinə qarşı qərəzli münasibətləri aradan qaldırmasalar, uğur qazanmaq mümkün olamayacaq. Süni birliklər qısamüddətli olur, seçki bitəndən sonra, hətta seçki ərəfəsində həmin o ziddiyyətlər ortaya çıxır. Hesab edirəm ki, müxalifət düşərgəsində yeni birliklər konkret bir şəxsin, partiyanın ətrafında deyil, ümumi prinsiplərin ətrafında yaranmalıdır. Bu, daha uzunmüddətli və uğurlu olar”.
Z.Quliyev “El” Hərəkatında seçkidə iştirakla bağlı qərarın verilmədiyini qeyd edib: “İndiki mərhələdə prioritet məsələmiz qurultay keçirməkdir. “El” Hərəkatı yaya qədər qurultayını keçirməyi planlaşdırır. Qurultay məsələsi bu müddətdə baş tutmazsa, mütləq payıza qədər həll ediləcək. Qurultayda bütün strukturlar formalaşandan sonra seçki məsələsi gündəmə gələcək. Qurultayı vaxtında keçirə bilsək, “El” bələdiyyə seçkilərində iştirak edə bilər”.
İlkin