Modern.az

Raquf Orucovun həyat yoldaşı: Ağdamın bizdə məxsusi yeri var

Raquf Orucovun həyat yoldaşı: Ağdamın bizdə məxsusi yeri var

Ölkə

13 May 2025, 11:34

Mayın 10-u Azərbaycan mədəniyyəti üçün unudulmaz tarixə çevrildi. Otuz il həsrətində olduğumuz Ağdamda Muğam Mərkəzinin açılışı baş tutdu. Açılışda təkcə bir binanın qapıları açılmadı – otuz ilin nisgili, yurd həsrəti, qürur göz yaşlarına qarışdı.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən mərasimdə səslənən "Qarabağ şikəstəsi" isə ən təsirli anlardan biri idi.

Tədbirdə incəsənət və mədəniyyət xadimləri, jurnalistlər, eləcə də QHT nümayəndələri iştirak edirdi. 

Tədbirdə iştirak edən, hətta Prezidentlə də görüşən "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Modern.az-a danışıb.

"Ağdamın bizim üçün məxsusi yeri var"

"Qarabağ Azərbaycanın baş tacıdır. Qarabağın hər qarışında şəhidlərimizin qanı var. Ağdamın bizim üçün məxsusi yeri var. Çünki Raquf Orucovun uşaqlığıburada keçib, Ağdam onun doğma torpağıdır. O,  Ağdamda böyüyüb, anası orada şəhid olub. Birinci Qarabağ müharibəsində Raquf Orucov məhz Ağdamda döyüşüb. Ağdamın buna görə də bizim üçün ayrı doğmalığı var. Raquf Orucov hərbi hissə komandiri olanda Ağdamda çalışıb, biz rayonun işğal olunmamış ərazisində yaşamışıq. Ağdam kimi torpaqda həyatın canlandığını görmək, yurd yerlərinin açıldığını, eyni zamanda mədəniyyət ocaqlarının ucaldığını görmək çox qürurverici hisdir. Mən açılışa dəvət olunanda, "uçaraq" getdim. Həmişə gedirik, amma bu dəfə tamam başqa hislə getdik. Ağdamı mənfur qonşularımız o qədər dağıtmışdılar ki, daşı-daş üstə qoymamışdılar. Hər dəfə gedəndə təəssüf hissi ilə yanaşı kədərlənirdik də. Bu dəfə ora gedən heyətdə hər kəs gördü ki, şəhidlərimizin qanının töküldüyü  torpaqlar qırmızı lalələrlə boyanmışdı. Artıq elə bil insanların nəfəsi ilə torpaq da canlanır. Torpaq da insanın üzünə gülür".

"Ağdamda cənab Prezidentlə görüşmək qürurverici hadisəydi"

S.Orucova Prezidentlə görüşün onlarda böyük inam və güc yaratdığını deyib:

"Belə möhtəşəm Muğam Mərkəzinin Ağdamda açılması, mayın 10-da cənab Prezident İlham Əliyev və xanımının Ulu Öndərin ad gününü ağdamlılarla birlikdə qeyd etməsi bizim üçün qürurverici hadisə idi.Həmin gün görüşdə Raquf Orucovun həyat yoldaşı, eyni zamanda Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri kimi iştirakım mənim üçün fəxarət idi. Mənimlə birlikdə Ağdamdan olan qəhrəman qazilərimiz, Milli Qəhrəman şəhid ailə üzvləri də iştirak edirdi. Bu bizə verilən yüksək dəyərin göstəricisidir. Ağdamda cənab Prezidentlə görüşmək bizim üçün də qürurverici hadisəydi. Ali baş Komandanla bizim şəhidlərimizin ailə üzvlərinin hər görüşü böyük xoş təəssüratlar, inam və güc yaradır, bu dövlətimizin hər zaman arxamızda olduğunun göstəricisidir. Mən sadəcə özümü təqdim etmək istəyəndə, cənab Prezident məndən xəbəri olduğunu, məni tanıdığını dedi. Mehriban xanım (Mehriban Əliyeva-red) "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi fəaliyyət göstərməyə başlayandan bəri hər zaman arxamızda olub, fəaliyyətimizi dəyərləndirib, şəhid xanımları olaraq birliyimizə güc verib. Bu qədər işlərin, layihələrin öhdəsindən məhz buna görə uğurla gəldik. "Zəfər" təşkilatını biz qadın gücü, həmrəyliyi hesabına qurduq. Bu gün ölkədə, eləcə də ölkədən kənarda böyük layihələr icra edirik. Layihələrin hamısı dövlət, millət və vətəndaş cəmiyyəti birlik olaraq reallaşdırılıb. Bizim fəaliyyətimiz üçün bu bir situmuldur. Bizə verilən dəyərdir. Allah bütün şəhidlərimizə rəhmət etsin".

"Hər zaman Ağdam güllük-gülüstanlıq olsun"

"Gün o gün olsun ki, həmin Muğam Mərkəzində körpə fidanlarımız çox gözəl "Qarabağ Şikəstəsi" ifa etsinlər. Böyük tədbirlər keçirəcək, musiqi sədaları ucalsın, bizim yeni istedadlarımız yetişsin. Vətənimizdən həmişə musiqi sədaları gəlsin. Müharibə bir daha olmasın, analar ağlamasın. Yurd yerlərində ocaqlarımızın sayı artsın. Geri dönən həmyerlilərimizin sayı artsın. Hər zaman Ağdamımızı güllük-gülüstanlıq görək. O zaman şəhidlərimizin ruhu da hər zaman şad olacaq".

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər