Modern.az

Qətər dövlətinə səyahət - Azərbaycandan gəldiyimi bilənlər “Ah, petrol!” deyib, varlı olmağımıza işarə edirdi - REPORTAJ

Qətər dövlətinə səyahət - Azərbaycandan gəldiyimi bilənlər “Ah, petrol!” deyib, varlı olmağımıza işarə edirdi - REPORTAJ

11 Fevral 2014, 11:34

Körfəz mirvarisi - Qətər dövləti: sadə azərbaycanlının gözü ilə…

Ərəb şeyxlərinin öz ölkələrini cənnətə çevirdikləri barədə çox eşitmişdim. İllər öncə bu ölkələrindən biri olan Səudiyyə Ərəbistanına gedəndə bunun şahidi olmuşdum.

Elə Qətər dövlətinin də paytaxtı Dohanın gözəlliyindən bəhs edənlər də az deyildi. Bu ölkəni çoxdan görmək arzusundaydım və arzumu reallaşdırmaqda  Qətər Hava Yolları (QHY) yardımçım oldu.

QHY-a məxsus təyyarənin göyərtəsinə daxil olan andan gülərüz stüardessaların “xoş gəldiniz” sözləriylə qarşılaşırsan. Mənzil başına çatanda eyni mənzərəylə yola salınırsan.  


Körfəz mirvarisinə xoş gəldim

…Dohaya ayaq basanda insan sanki özünü cənnətdə hiss edir. Şəhərin təmiz küçələri elə işıqlandırlıb ki, gecə və gündüzün fərqini anlamaq çətindir. Mərkəzi və arxa küçələrinin müəyyən yerlərində günün 24 saatı tikinti işlərinin aparılmasına baxmayaraq, yollarda nədənsə toz-torpaq, palçıq görmək olmur. Tikinti sektorunda və digər sahələrdə əsasən Filippin, Pakistan, Misir, Hindistandan gələnlər çalışır. Onlar bizim fəhlələr kimi gündə 10 manata işləyib, günorta naharı və siqareti  üçün 3-4 manat xərcləyib, qalanını evinə aparmırlar. Nə də ayın və kvartalın sonunda tikinti rəhbərliyi onları aldadır. Onların bəxtinə Qətərdə günəş doğub, yüksək məvaciblə təmin edilirlər.  

Şəhərin nə yamaqlı, kələ-kötürlü  yolları var,  nə də bir-biriylə qaçha-qaç, qovha-qova çıxan avtobusları.  Nə qulaq batıran avtomobil siqnalları,  nə də polis fiti eşidəcəksən. Ümumiyyətlə, şəhər təhlükəsizlik olduğundan küçələrdə paqonlular da gözə dəymir, ya da nadir hallarda onlarla rastlaşarsan...  


Salam olsun əmirə

Bu ölkə də də dövlət başçısının - əmiri avtomobil korteji keçdiyi zaman yol bağlanır. Təbii ki, ölkə rəhbərinin təhlükəsizliyi üçün bu normal qəbul edilir. Amma sadəcə əmirin istifadə etdiyi yol birtərəfli bağlanır və hər ağacın altında bizdəki kimi polis görə bilməzsən.  Əli avtomatlı polislər  yolu bağlayarkən piyada və sürücülərə 3 dəqiqə gözləməyi xahiş edir. Bunu sakit, nəzakətlə, qışqırıb-bağırmadan, əl-qol oynatmadan edirlər.  Hər kəs də bunu üzlərdlə təbəssümlə qarşılayır.

…Hər ikisi dəniz kənarında yerləşən Bakıyla Dohanı, iki neft şəhərini müqayisə etdikdə,  Xəzərin suyunun çirkli, üfunətli, qara mazutlu, körfəzin suyunun isə təmiz, yaşıl rəngli olduğunu görürüsən. Dəniz kənarında inşa edilən göydələnlər bizim Bakıdakı çoxmərtəbələr kimi bir-birinə bənzəmir. Qətər dövləti şəhəri gözəlləşdirmək üçün bir-birindən fərqli dizaynda göydələnlər ucaltmağa xəsislik göstərməyib. Bu gözəlliyi görəndə elə zənn edirsən ki, sanki dünyanın ən bacarıqlı və savadlı memarları Dohaya gətirilib.  Amma buna baxmayaraq, Dohanın mərkəzindəki simvolik mirvari öz gözəlliyindən heç də geri qalmır.      


Dohanın İçərişəhəri – “Souq Vaqif”

Qaldığım “Al Bidda otel” “Souq Vaqif”in mərkəzində yerləşirdi. “Souq Vaqif” bizim İçərişəhəri xatırladır və oxşarlıqları var. Amma burada 2-3 mərtəbədən hündür bina yoxdur.  Köhnə şəhərin dizaynını pozmaq üçün burada kimliyindən asılı olamayaraq, hər hansı şəxsə otel və villa  tikilməsinə izn verilmir. “Souq Vaqif”də dükan açıb işlədənlər də digər ölkədən gələnlərdir.  Ümumiyyətlə, bu ölkənin vətəndaşları küçə süpürmək, xidmətçilik üçün yaranmayıb. Dövlət öz vətəndaşlarını yağ-bal içində yaşatmağı, bəy balası kimi saxlamağı sanki boynunun borcu hesab edir.  Qətərlilər kimi burada lövbər salıb yaşayan digər ölkə vətəndaşları həm ata əmir  Şeyx Həmid bin Xəlifə Al-Tani və həm də oğul, hazırkı əmir  Seyx Tamim bin Hamid Al- Tanidən ağızdolusu razılıq edir, ünvanına dualar səsləndirirlər.
Məsələn, “Souq Vaqif”də 7 ildir geyim dükanı işlədən suriyalı Abdullah işindən razıdır. Deyir, heç zaman ölkəsində mərkəzi meydanda bu cür uzun müddətə dükan açıb rahat işlədə bilməz. Burada ona yaxşıdır, qazanc var  və özünü varlı hesab edə bilər. Niyə də etməsin? Ayın əvvəli və axırı onu nə vergi müfəttişliyi, nə yanğınsöndürən, nə sahə müvəkkili, nə də digər idarə və müəssisə işçiləri narahat edir, haqq istəyən də olmur…

Hər il olduğu kimi 24 yanvardan-6 fevrala kimi “Souq Vaqif”də ənənəvi bahar festivalı təşkil edilir. Açıq havada teatr, uşaqlar üçün Disney şəhərcik, incəsənət sərgiləri, ponilər, dəvə gəzintisi,  “Al Rayyan” radionun təşkilatçılığı ilə geniş tamaşaçı üçün pulsuz konsertlər - şəhərə gələn qonaqlar, turistlərin dincəlməsi, şənliklərdən zövq alması üçün gözəl şərait yaradılıb. Açıq havada qurulan konsert zalına tamaşaçılar yoxlanılmadan buraxılır.  Bizdə Yeni il ərəfəsində yadigar olaraq yolkanın yanında Şaxta baba və Qar qızla şəkil çəkdirmək üçün 2-3 manat ödədiyin halda, orada dəvələrlə şəkil çəkdirmək, minmək, gəzmək  pulsuzdur. Çünki dəvə sahiblərinin sənin 2-3 dollarına ehtiyacı yoxdur…

Orada olduğum müddətdə şəhərdə gəzərkən biləndə ki Azərbaycandanam, bəziləri baş və işarə barmaqlarını bir-birinə  sürtüşdürüb “ah, petrol, rich country” (zəngin ölkə) deyib varlı olduğumuza işarə edirdilər. 
Dilimizi bilmədikləri üçün dodaqaltı mızıldanmağa başladım: neftimizin rəngi kimi, xalqımızın da bəxti qaradır, mazut rəngdə. Məmurlardan başqa bizim xalqın taleyinə qətərlilər, səudiyyəlilər,  Ərəb əmirlikləri kimi bəxtəvərlik yazılmayıb.  Bizlər başımızın üstündə dayanan həkimə rüşvət verib dünyaya gətirilirik. Öləndə də rüşvətlə qəbrə verilirik.  Neftimizin varlığı bizim qismət payımız deyil…


“Sən gəlməz oldun”

Dohada daha çox qonaqlara olan hörmət, göstərilən xidmət diqqətimi çəkdi. Məsələn, “Al Bidda otel”in sahibi tez-tez ora baş çəkir, xidmət səviyyəsiylə tanış olur, qonaqlara təqdim edilən  yemək qazanlarının qapağını açıb yoxlayır  (Bunun şahidi olduğum üçün yazmağa ehtiyac duydum - L.S.).
Otel sahibinin köməkçisi dəfələrlə qonaqlara yaxınlaşır, oteldən, otaqların təmizliyindən, xidmətin keyfiyyətindən razı olub-olmadıqlarıyla maraqlanırdı. “Resepşin”dən otaq nömrəsinə zəng edilib arzularını soruşurdular. Bilmirəm, bu, bütün qonaqlara şamil olunurdumu, amma şəxsən qarşılaşdığım mənzərə bu idi. Otel rəhbərliyindən adi xidmətçisinə kimi hamının üzündə təbəssüb, dillərdə “salam” və “necəsiniz?” vardı.
Oranı birdəfəlik tərk etdikdə otel rəhbərliyi tərəfindən şirniyyatla yola salınırsan. Amma bunlar bir kənara. Orada mənim üçün ürəkaçan başqa bir mənəzərə, ab-hava oldu. Otelin restoranında günboyu Əlixan Səmədovun balabanda “Sən gəlməz oldun”, digər  Azərbaycan və türk musiqilərinin səsələnməsi mənə qürür verdi. Musiqini eşidən avropalı qonaqların belə zövq aldığını görmək mümkündür. Onun azərbaycanlı olduğunu və hazırda Türkiyədə yaşaylb yaratdığını bildirdikdə, tanımadıqlarını, lakin ifasını yüksək dəyərləndirərək, tez-tez  qonaqlara dinlətdiklərini vurğuladılar…
Sənət və sənətkar budur. Üzünü görmə, adını duyma, amma ifasını sevə-sevə dinlə. Bunun soyunub əlinə mikrafon alıb səhnəyə çıxan və Biləcəridən o tərəfə tanınmayanlara aidiyyatı yoxdur. Onlar qoy soyunsun, sponsor tapsın, toy tutsun, pul qazansın, kreditə aldıqları ev və maşınlarını nümayiş etdirsin, Əlixan Səmədovun da balabanda musiqilərimiz dünyanı bəzəsin…

Səhiyyə pulsuz, təhsil ödənişsiz…

Dilənçi?? Yox, yox, bununla ancaq Bakıda və İstanbul küçələrində qarşılaşa bilərsən. Ümrə və Həcc ziyarətləri zamanı Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərlərində hər addımbaşı əldən, ayaqdan şikəst, ğözdən kor, əlil dilənən insanlara rast gəlmək mümkündür. Onlar da kasıb ərəb və Arfika ölkələrindən gələnlərdi. Doha küçələrində isə, əsla... Ümumiyyətlə, bu ölkədə vətəndaşın və digər ölkədən gələn birinin məmurların özbaşınalığına etiraz əlaməti olaraq özünü öldürməsi, yandırması nə zamansa baş verməyib və ola da bilməz. Çünki, ordakılar onları incidə biləcək hər hansı olaylarla qarşılaşmırlar.  Bu ölkədə yaşlı qadınlar küçə sürürmür, neft ölkəsinin vətəndaşları onlara məxsus təbii sərvətlərdən rahatca istifadə edirlər. Xəstəxanaya üz tutan biri pulu olmadığından baxımsızlıqdan yerdə qalmaz. Təhsilsiz vətəndaşı da yoxdur.  Çünki səhiyyəsi pulsuz, təhsili ödənişsiz.  Nə korrupsiya var, nə də rüşvət.  

Amma bir şeyi etiraf etməliyəm. Açığı, Bakı və İstanbulda qarşılaşdığım məscidlərin sayı qədər  Dohada o qədər də məscidlərlə rast gəlmədim.

Ölüm qalım burda mən

Mən bu ölkəni çox sevdim. Və bir anlıq düşündüm: gəzməyə qərib ölkə, ölməyə, elə ölməyə də qərib ölkə yaxşı... Çünki öləndə qəbirqazana qəbir pulu, mürdəşirə təmizlik pulu verməyəcəksən. Nə mərasim zallarında adambaşına 20-30 manat ödəyəcəksən, nə də molla 40 gün hüzr aparmaq üçün səndən yüksək haqq tələb edəcək. Qonşudan geri qalmamaq üçün borca-xərcə düşüb süfrənin üstünü nazu-nemətlə bəzəyib qürurlanmayacaqsan...  

P.S. Bakı Hava Limanına endikdə, yoxlamadan keçərkən qalın üst geyimini qoymaq üçün plastik qutuları özün axtarmalı olursan. Nədənsə bizimkilər onu sənə təqdim etməkdə tənbəllik edir. Və həmin qutuda konfet kağızı və fındıq qabığı görüb etiraz edəndə, “nədi ki, kağızdır da” deyib özlərinə bəraət qazandırmağa çalışırlar. Bax, bu bizik...

Bu səfərdə mənə şərait yaratdığına görə,  Qətər Hava Yollarına, Qətərin ölkəmizdəki səfirliyinə və Qətər Turizm Nazirliyinə təşəkkür edirəm.

























Laçın SƏMLA
Bakı-Doha-Bakı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI