Azərbaycanda bəzi qadınların məişət zəminində zorakılığa məruz qalması, hətta öldürülməsi halları son illər tez-tez müşahidə olunan hadisələrdir. Belə hadisələrin bir qismi də qadınların namus üzərində öldürülməsilə bağlıdır.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2023‐cü ildə qadınlarla bağlı 6825 cinayət qeydə alınıb. Nəticədə 296 qadın vəfat edib.
Vəkil Elvin Səlimov Modern.az-a bildirib ki, ümumilikdə, hansısa şəxsin həyatına qəsdən son qoymaq Cinayət Məcəlləsinin 120-ci maddəsinin (qəsdən adam öldürmə) müvafiq bəndləri ilə məsuliyyətə cəlb olunur. Hadisənin namus, zorakılıq və ya digər səbəblərdən baş verdiyini nəzərə aldıqda belə, bu, hər kəsə şamil edilir.
Vəkil açıqlayıb ki, hadisəni törədən şəxsin cinayət işi tam sübuta yetirildikdə, o, azadlıqdan məhrum edilir.
“Namus üstündə öldürülən qadınların cəmiyyət tərəfindən rəğbətlə qarşılanması doğru deyil. Bu, cəmiyyətin qadınla bağlı qədim adət-ənənələrindən irəli gəlir. Bu gün də ətrafda bəzi şəxslərin dilindən “qadını namus üstündə öldürən kişiyə cəza verilə bilməz” ifadəsi düşmür. Lakin doğru yanaşma sayılmır”, - vəkil qeyd edib.
O bildirib ki, hər bir vətəndaş səhv edərsə, bunun cavabını verməlidir.
“Qadın xəyanət etmiş olsa belə, onu həyatından məhrum edən şəxs öz cəzasını çəkməlidir. Nə olursa olsun, bu, qadının qəsdən həyatdan məhrum edilməsinə dəlalət etmir”,- deyə vəkil söyləyib.
Elvin Səlimov vurğulayıb ki, yaşadığımız ölkə hüquqi dövlətdir, qanunlarla idarə edilir.
“Hər bir əməlin qanunvericilikdə nəzər tutulmuş öz cəzası və məsuliyyəti var. Əgər vətəndaş qeyrət-namus və ya başqa məsələ ilə bağlı digər şəxsin həyatına bilərəkdən son qoyursa, Cinayət Məcəlləsinin uyğun (120) bəndi ilə 9 il və daha çox müddətə, eyni zamanda ömürlük azadlıqdan məhrum edilə bilər”.
Zərif Sofiyeva